Məhkəmə qərarları › İş №2-1(112)-9117/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9117/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9117/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X5 və X9) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai RPİ-yə qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 37 saylı evin 73 saylı mənzilini 2 aprel 2021-ci il tarixdə, Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi X2 almışdır. DƏDRX tərəfindən adına 5 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən həmin mənzil onun mülkiyyəti kimi göstərilmişdir. Rəsmiləşdirilmiş alqı-satqı müqaviəsinin 13-cü bəndinə əsasən mənzilin keçmiş mülkiyyətçisi X7 ailə üzvləri X5 və X9 ilə birlikdə 10 may 2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxacaqlarını öz öhdələrinə götürsələr də, onlar hal-hazıra qədər bunu etməmişlər ki, bu da nəticə etibarı ilə iddiaçının mülkiyyət hüquqlarının pozulması, həmçinin, onların da əvəzinə mənzilin bəzi kommunal xərclərini ödəmək zərurətini yaratmışdır. Həmin şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçı rəsmi ərizə ilə cavabdeh Bakı şəhəri Xətai RPİ-yə müraciət etmiş, lakin həmin İdarənin 25 iyun 2021-ci il tarixli məktubu ilə qanunsuz olaraq müraciətdəki məslələnin həllindən imtina edilmişdir. İddiaçı həmçinin, mənzildə həmin şəxslərin istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmənin 7 iyul 2021-ci il tarixli qərardadı ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu əsas gətirilərək, iddia ərizəmin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla X4, onun üzvləri X3 və X6 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 37 saylı evin, 73 saylı mənzilindən qeydiyyatdan çıxararılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyası Konstitusiyanın 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 19.1-ci maddəsinə, İPM-in 2.2.2, 11.1, 14.3, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilindən X4, X3 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə saxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7, X5 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, satıcı X7 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilinin satıcı tərəfindən alıcıya satılması barədə 2 aprel 2021-ci il tarixdə notarial qaydada müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş 5 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzili İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X7, X5 və X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ tərəfindən İddiaçı ünvanlanmış 25 iyun 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - Sizin 18 iyun 2021-ci il tarixli müraciətə Xətai Rpi-də baxılmışdır. X1, X3 və X6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilindən qeydiyyatdan çıxarılması xahiş olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq dövlət orqanının məlumatına əsasən; 3) öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatına əsasən; 4) yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunla göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda, keçmiş sakinlərin qeydiyyatdan çıxarılması məsələsi müsbət həll oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X7, X5 və X9 hazırkı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilində yaşamırlar və onların həmin mənzilə hər hansı hüququ mövcud deyil, eləcə də bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RPİ tərəfindən aparılan inzibati icraatda İddiaçı müvafiq yaşayış sahəsinin mülkiyyətçisi kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi”nin tələb olunması formal xarakret daşıyır və «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilində üçüncü şəxslər X7, X5 və X9 hazırda yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilindən üçüncü şəxslər X4, X3 və X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 37 saylı evin 73 saylı mənzilindən üçüncü şəxslər X4, X3 və X6 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar