Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9117/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun işlədiyi vəzifələrinin dövlət qulluqçusu vəzifələrinə uyğunlaşdırılmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu vəzifələri hesab edilməməsi təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2016-cı il tarixdə onun 60 yaşı tamam olmuşdur. İddiçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi iddiaçının vaxtilə işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və təqdim olunan sənədlərə əsasən iddiaçının vaxtılə işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilmədiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçıya 12 iyun 2016-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən ona 12 iyun 2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğu stajı 05 ildən az təşkil etdiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. Əvvəla Məhkəmə qeyd edir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilibödənilməməsini yoxlamalıdır. Məhkəmə iddiaçının yaşa görə əmək pensiyasının 12 iyun 2016-cı il tarixdən yarandığı nəzərə alaraq, hazırki mübahisə üzrə iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını məhz hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları əsasında müəyyən edir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. 20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Qanunların müddəalarından görünür ki, şəxsə dövlət qulluğuna görə əlavələrin təyin edilməsi üçün dövlət qulluğunda 5 il iş stajının olması zəruridir. Bu zaman təkcə həmin stajın mövcudluğu deyil, həmçinin iddiaçının həmin dövrdə yaşa görə pensiya almaq hüququnun yaranması da mühim rol oynayır. Nəzərə alınmalıdır ki, həmin dövrdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt ödənilməlidir: yaş və sığorta stajı. Bundan başqa Məhkəmə qeyd edir ki,“Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, İddiaçı 12 iyun 2016-cı il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir ki, ona münasibətdə dövlət qulluğu stajının 5 il olması kifayətdir. Başqa sözlə desək iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun işlədiyi müddətin 5 ili dövlət qulluğuna aid olsun. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası X4 tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olmuşdur ki, Azərbaycan Respublikası X4 iddiaçının işlədiyi vəzifələrin hər biri üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmış və həmin vəzifələrin dövlət qulluğu stajına daxil edilmədiyi qənaətinə gəlmişdir. İddiaçının Mərkəzi sanitar-yeyinti laboratoriyasında işlədiyi müddət ilə bağlı qeyd olunmuşdur ki: -İddiaçının 1985-ci ildə işlədiyi Mərkəzi sanitar-yeyinti laboratoriyası “Azərbaycan SSR Ticarət Nazirliyinin mərkəzi aparatının strukturu və dövlət ticarətini idarəetmənin ümumi sxemi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1988-ci il tarixli 446 nömrəli Qərarına 2 nömrəli Əlavədə -Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamış, həmin Qərara 1 nömrəli Əlavədə -Nazirliyin müəssisələrinin (birliklərinin) idarəetmə strukturnda –Qeyri-ticarət fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sırasında göstərilməmişdir. Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı, Mərkəzi sanitar-yeyinti laboratoriyası isə Azərbaycan SSR Ticarət Nazirliyinin Mərkəzi sanitar-yeyinti laboratoriyasında işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 1975-ci illərdə işlədiyi X5-Tədqiqat İnstitutu, 1976-1983-cü illərdə işlədiyi İnstitut, 1983-1985-ci illərdə işlədiyi “Qaya” kafesinin yanında yeyinti laboratoriyası, 1985- 1990-cı illərdə işlədiyi Şamuyan rayon ictimai iaşə müəssisələri birliyi, 1990-2000-ci illərdə işlədiyi Mərkəzi sanitar-yeyinti laboratoriyasına münasibətdə qeyd olunmuşdur ki: -yuxarıda adıçəkilən qurumlarda iddiaçının işlədiyi vəzifələr Siyahıda nəzərdə tutulmadığı və həmin qurumlarda mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusun”da göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığı üçün qeyd edilən illər dövlət qulluğu stajına daxil edilmir. İddiaçının 2001-2006-cı illərdə X2 Mərkəzində, Azərbaycan Standartları İnstitutunda və “Xırman” firmasında işlədiyi müddətə münasibətdə qeyd olunmuşdur ki: -dövlət orqanı anlayışı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikası Qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasinin qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatdır. Dövlət orqanlarının aparının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 01 avqust 2001-ci il tarixli 18 nömrəli əmri ilə təsdiq edilmiş “X1 Mərkəzinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən İqtisadi İnkişaf Nazirliyinin nəznində X2 Mərkəzi “Azərbaycan Respublikasında ticarət tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 iyul 1999-cu il tarixli 160 nömrəli Fərmanına uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış dövlət müəssisəsi olmuşdur. Həmin Nizamnamənin 1.3-cü bəndində qeyd edilmişdir ki, Mərkəz hüquqi şəxsdir və kommersiya prinsipləri əsasında fəaliyyət göstərir. Nizamnaməyə əsasən X1 Mərkəzi kommersiya prinsipləri ilə fəaliyyət göstərən hüquqi şəxs statusuna malik olduğu üçün dövlət orqanı hesab edilmir və iddiaçının 2001-2006-cı ilərdə həmin Mərkəzdə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda yalnız Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatı və həmin komitənin tabeliyində olan müvafiq dövlət xidmətləri dövlət orqanı kimi təsbit edilmiş, Azərbaycan Standartları İnstitutunda və “Xırman” firması isə dövlət orqanlarının siyahısında nəzərdə tutulmamışdır. Sözügedən institut və firma dövlət orqanı statusuna malik olmadığı üçün iddiaçının həmin qurumlarda işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Göründüyü kimi məhkəmə icraatı zamanı təqdim olunmuş sorğu cavab məktubunda iddiaçının işlədiyi vəzifələrin hər birinin xüsuslarına ayrı-ayrılıqda qiymət verilmiş, vəzifələrin Siyahıda nəzərdə tutulmamasına, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusun”da göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığına, həmçinin onun işlədiyi qurumlarının bəzilərinin dövlət orqanı olmaması ətraflı olaraq aydın formada göstərilmiş, bununla da iddiaçının işlədiyi vəzifələrdən hər hansı birinin dövlət qulluğu stajına daxil edilməli olmaması bildirilmişdir. Nəzərə alınmalıdır ki, X4 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X4 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin Nizamnaməsi) Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının 5 il dövlət qulluğu stajı olmadığından, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X3 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Eyni zamanda Məhkəmə bildirir ki, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmadığından, iddia tələbinin ikinci hissəsi də - “ ödənilməyən pensiya məbləğinin ödənilməsi” təmin olunmamalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9117/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9117/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver