Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9119/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı (üçüncü şəxslər X9, X6, X8, X3, X4) «cavabdehin məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətsiziyinin qanunsuz ayılması, həmin qətnamənin icra olunması və icra olunmaması ilə əlaqədar kompensasiyanın ödənilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı (üçüncü şəxslər X9, X6, X8, X3, X4) «cavabdehin məhkəmə qətnaməsinin icrası ilə bağlı hərəkətsiziyinin qanunsuz ayılması, həmin qətnamənin icra olunması və icra olunmaması ilə əlaqədar kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail RİH-in 12 yanvar 1992-ci il tarixli 99 nömrəli Sərəncamına əsasən 14 yanvar 1993-cü il tarixli 008788 nömrəli orderlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4057-4060, ev 14Q, mənzil 35, blok 3, 3-cü mərtəbədə yerləşən 67.74 kv.m sahə olan 5 otaqlı (hazırkı ünvan üzrə – ünvan 1ənzil 35) mənzil yaşamaq hüququ ilə X2 6 nəfər ailə üzvləri ilə birlikdə verilmişir. Həmin mənzil onun işlədiyi yer üzrə Bakı Baş Tikinti İdarəsinin və Azərbaycan-Tumen Tikinti İdarəsinin rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə 30 oktyabr 1992-ci il tarixli 16 nömrəli protokoluna əsasən verilmişdir. Həmin yaşayış evi 1993-cü ildə Ağdam rayonun işğalından sonra 1994-cü ildə Ağdam rayonundan məcburi köçkünlər X9, X6, X8, X3, X4 tərəfindən zəbt edilmişdir. Mülkiyyət hüququ ilə iddiaçının ailəsinə məxsus olan evin zəbt olunmasından 28 ildən artıq müddət keçmişdir. Ötən müddət ərzində dövlətimiz tərəfindən məcburi köçkünlərə bütün qayğılar göstərilmiş, yaşayış evləri tikilmiş, istifadələrinə verilmişdir. Eyni zamanda, torpaqlar işğaldan güclü, rəşadətli ordumuz sayəsində azad edilmişdir. X1 və onun ailə üzvlərinin məcburi köçkün düşdükləri Ağdam rayonu da tamamilə işğaldan azad edilmişdir. Buna baxmayaraq həmin şəxslər onlara olan diqqət və qayğıya etinasızlıq göstərir, özlərinin olmayan və iddiaçıya məxsus olan yaşayış sahəsini boşaltmaq istəmirlər. Hesab edilir ki, X9 və digərləri (onun ailə üzvləri) onalara göstərilmiş diqqət və qayğını qiymətləndirməmiş, özgə əmlakını öz əmlakı kimi mənimsəmək niyyətindədirlər. Ona görə də iddiaçı özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 35-dən məcburi qaydada çıxarılması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müracət etmişdir. Məhkəmə tərəfindən 24 avqust 2017-ci il tarixli qətnamə ilə məcburi köçkünlərin həmin mənzildən çıxarılması qət edilmişdir. X9 və digərlərinin əməl və hərəkətləri ilə onun (iddiaçının) qanunla müəyyən olunmuş hüquqları pozulmuş və bu pozuntular davam etməkdədir. Məhkəmə qətnaməsi 2017-ci ildə qəbul edildikdən və qanunla təyin olunmuş müddət bitdikdən sonra qüvvəyə minmişdir. Lakin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən 4 ildir ki, məhkəmə qətnaməsi icra olunmur. Həmin 4 il ərzində iddiaçının ailəsinə kifayət qədər maddi ziyan dəymiş, eyni zamanda onun ailə həyatının uğursuzluğuna səbəb olmuşdur. Belə ki, ailə şəraiti pis və çətin maddi durumlu olduğundan və bir yerdə qalmaq imkanı mümkünsüz olduğundan, həmçinin zəbt olunmuş mənzilə məhkəmə qətnaməsinin icra olanacağı ümidi ilə öz mənzillərinə köçməyi fikirləşərək bir müddət bir yerdə yaşasalar da, nəticədə məhkəmə qətnaməsi icra olunmamış və bu proseslərin gedişatında ailənin dağılması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, «İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarına, AR Mülki Məcəlləsinin 152.1, 157.4-cu maddələrinə, «İcra Haqqında» AR Qanununun 82, 87-ci maddələrinə, İPM-in 2.1, 2.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına əsaslanaraq, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin məhkəmə qətnaməsini icra etməməsinə dair hərəkətsizliyinin qanunsuz sayılması, Bakı Suraxanı Rayon Məhkəməsinin 2(010)-4368/2017 saylı iş üzrə 24 avqust 2017-ci il tarixli qətnaməsinin icra olunması və qətnamə qanuni qüvvəyə mindikdən sonra hazırkı vaxtadək (iyul 2021 daxil olmaqla) icra olunmamasına görə hər ay üçün 300 manat kirayə pulu nəzərə alınmaqla, ümumilikdə 13.800 manat kompensasiyanın ona (iddiaçıya) ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və bildirdi ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə (maddənin İ və İİ hissələri) əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; «İcra haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 2.1-ci bəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi müəyyən edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi inzibati orqan olsa da, iddia icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət, məhkəmə qərarının icra olunması və bununla bağlı dəymiş maddi ziyanın əvəzi kimi kompensasiya ödənilməsi tələblərindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, icra qanunvericliyi icra qurumunun (və ya onun vəzifəli şəxsi kimi icra məmurunun) hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, icra sənədini vermiş məhkəmə tərəfindən şikayət kimi baxılmasını nəzərdə tutur. Bundan başqa, məhkəmə vurğulayır ki, mövcud qanunvericiliyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir, məhkəmə qərarlarının məcburi icrasının həyata keçirilməsi icra məmurunun mübahisə olunmayan vəzifələri sırasına daxildir. Belə olan halda, icra şöbəsinin və onun icra məmurunun üzərinə məhkəmə qərarının icrası ilə bağlı əlavə öhdəlik qoyula bilməz. İddiaçının “kompensasiya ödənilməsi” tələbinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, bununla bağlı cavabdeh inzibati orqana müvafiq müraciət olunmasına dair heç bir sübut məhkəmə icraatına təqdim edilməmiş, həm də bu müraciət barədə iddia ərizəsində hər hansı xüsusat qeyd edilməmişdir. İddiadakı bu tələb üzrəı inzibati mübahisə mövcud sayılmır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə qeyd olunanların məcmusunda hesab edir ki, iddia mümkün sayıla biıməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.1, 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9119/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9119/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver