Məhkəmə qərarları › İş №2-1(112)-912/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-912/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-912/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs X1 iştirakı ilə iddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X6) «daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Yasamal RİH cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Yasamal RİH müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdehlər ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayırlar. Həmin mənzil (əmlak) AR Nazirlər Kabinetinin qeyd olunan 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onların yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə həmin daşmmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehlərə 20.377 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 157.9cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. AR Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə tənzimlənir. Bu sahədə şəffaflığı təmin etmək və humanist addımlar atmaq məqsədi ilə Azərbacan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-111QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göstərilənlərə və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 4.1, 5, 6.1, 52.1-ci maddələrinə, İPM-in 2.2.7, 45, 46-cı maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal RİH tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 20.377 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinı müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisəyə mahiyyəti üzrə 23 may 2019-cu il tarixdə baxılmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Bakı şəhəri Yasamal RİH tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasə təsdiq edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1 və Cavabdeh2 20.377 manat məbləğində kompensasiya ödənilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-85/2020 saylı iş üzrə 6 fevral 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndrilmişdir. Məhkəmə Kollegiyası qərardadında vurğulamışdır ki, məhkəmə icraatında Cavabdeh1 mübahisəli ünvanda ona məxsus yaşayış sahəsinə digər Cavabdeh2 hüququnu itirməsini, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını, Cavabdeh2 həmin ünvana qeyri-qanuni yollarla 22 yanvar 2014-cü il tarixdə qeydiyyata düşməsini, həmin anvandakı evə onunla eyni ölçüdə yaşayış sahəsinə malik olan qardaşı Kamil Quliyevə 40.000 manat, ona isə 20.377 manat kompensasiya ayrılmasını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edə bilən bu halları ilə bağlı heç bir araşdırma aparılmamış və bu hallara müvafiq qiymət verilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə tərəflər və üçüncü şəxs X6 gəlmişlər, digər üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin qərardadı ilə iddia Cavabdeh2 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçının tələbində göstərdiyi kompensasiya aşağı məbləğdədir, ona görə də iddia ilə razılaşmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 təklif olunan kompensasiya məbləği ilə razılaşmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 təklif olunan kompensasiya məbləğinin az olduğunu bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» AR Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşenli, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan "xxxx" MMC-nin 20 noyabr 2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”da aşağıdakılar qeyd olunur: - AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal RİH tərəfindən dövlət ehtiyacları üçün alınan Yasamal rayonu, Nərimanov küçəsi, dalan 3, ev 6 ünvanında yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus mülkiyyətdə və istifadədə olan (N-64-810a şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla 20.377 manat qiymətləndirilir (13.585 kv.m x 1.250 manat (əlavə 20%-lə birlikdə 1.500 manat)). İş materiallarında olan "xxxx" MMC-nin (tərtib edilmə tarixi göstərilməmiş) “Qiymətləndirmə hesabatından çıxarış”da aşağıdakılar qeyd olunur: - AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal RİH tərəfindən dövlət ehtiyacları üçün alınan Yasamal rayonu, Nərimanov küçəsi, dalan 3, ev 6 ünvanında yerləşən (64-810 şərti kodu ilə işarələnmiş) X5 və X2 məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri (AR Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr) nəzərə alınmaqla 41.000 manat qiymətləndirilir (12.625 kv.m əsas sahə və 4,38 kv.m köməkçi sahə x 1.500 manat, 1,93 kv.m sanitar qovşaq və dikt bağlı eyvan x 800 manat, taxta pilləkən 3,43 kv.m x 400 manat, cəmi 41.000 manat). İş materiallarında olan "xxxx" MMC-nin direktoru İ.Bağırov, 64 saylı MKİS-in rəisi S.Abıyev və kargüzarı D.Yaqubova tərəfindən doğruluğu imza ilə təsdiq edilmiş 20 noyabr 2018-ci il tarixli aktda aşağıdakılar qeyd olunur: - AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2 məxsus yaşayış evinin (şərti layihə nömrəsi 64-810a) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 Yasamal rayonu 64 saylı MKİS vasitəsilə alan orqan Yasamal RİH-in təşkil etdiyi Komissiyaya dəvət olunmuş və 20 noyabr 2018-ci il tarixdə (İnşaatçılar prospekti, 28B ünvanında) Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı Yasamal rayonu, Nərimanov küçəsi, dalan 3, ev 6 ünvanında ona məxsus yaşayış sahəsinə görə (qanunvericiliklə nəzərdə tutulmuş bütün kompensasiya növləri və əlavələr nəzərə alınmaqla) 20.377 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 və Cavabdeh2 könüllü razılaşmadan imtina etmişdir. İş materiallarında olan Yasamal rayonu 64 saylı MKİS-in 6 noyabr 2020-ci il tarixli arayışında aşağıdakılar qeyd olunur: - 64 saylı MKİS-də olan məlumata görə Cavabdeh2 AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən 22 yanvar 2014-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AR DİN-in 018/39-1337 saylı 29 dekabr 2019-cu il tarixli arayışına əsasən Cavabdeh2 20 noyabr 1981-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sorğu edilən xx xxxxxx 1963-cü il tarixdə doğulmuş Cavabdeh2 20 noyavr 1981-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 21 fevral 2020-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin 2- 1706/1987 saylı iş üzrə 16 noyabr 1987-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri, Sovet küçəsidəki, 3 saylı dalanda 6 saylı evin 8,5 kv.m sahəsi olan bir otağına köçürülməsi, Cavabdeh2 həmin yerə yaşayış hüququnun itirilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəru Oktyabr Rayon Xalq Məhkəməsinin 2- 1706/1987 saylı iş üzrə 16 noyabr 1987-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 11 avqust 2020-ci il tarixli icra vərəqəsi verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 1706/1987 saylı iş üzrə 11 avqust 2020-ci il tarixli icra vərəqəsi əsasında Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru «İcra haqqında» AR Qanununun 8-ci maddəsini rəhbər tutaraq, 9 iyiul 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 25 noyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Əliyeva X3 rayonu, Nərimanov küçəsi, dalan 3, ev 6 ünvanından qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmrunun 25 iyun 2021-ci il tarixli qərarı ilə «İcra haqqında» Ar Qanununun 20.1.5-ci maddəsi rəhbər tutularaq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 1706/1987 saylı iş üzrə 11 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan FM seriyalı 026575 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Cavabdeh1 adına Bakı şəhəri, Sovet küçəsi, 3-cü dalandakı 13 otaq, 184 kv.m yaşayış sahəsi, 315,4 kv.m ümumi sahədən ibarət 6 saylı fərdi yaşayış evinin 3/20 hissədən qalan hissəsi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 170 saylı reyestr kitabında səhifə 7327-də qeydə alma nömrəsi 30/481 ilə 10 iyul 2001-ci il tarixdə qeydiyyat aparılmışdfır. İş materiallarında olan “ASAN 1” tərəfindən 17 oktyabr 2017-ci il tarixdə verilmiş AZE 17371658 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 14 sentyabr 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “ASAN 3” tərəfindən 11 iyun 2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 22 aprel 1956-cı il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh1 yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatdadır. Beləliklə işin məhkəmə araşdırılması ilə müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən ev Cavabdeh1 oğlunun paylı mülkiyyətindədir, qiymətləndirici "xxxx" MMC-nin “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən həmin daşınmaz əmlakın ona məxsus hissəsinə görə ödənilməli kompensasiya məbləği 20.377 manat müəyyən edilmiş və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq alan orqan kimi hazırkı iddiaçı Bakı şəhəri Yasamal RİH həmin məbləği ödəməyə hazı olduğunu bildirmişdir. Lakin Cavabdeh1 və Cavabdeh2 təklif olunan kompensasiyanı almaqdan imtina etdiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: (248.2.1) torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olmasının, (248.2.2) alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının, (248.2.3) alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə görə torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Həmin Qanunun 52.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Qanunun 53-cü maddəsinə görə alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Həmin Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarında vurğulayır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İlk növbədə məhkəmə vurğulayır ki, mülki qanunvericilik dövlət ehtyacları üçün alınan daşınmaz əmlakın fərdi yaşayış evi, yaxud torpaq sahəsi olmasına fərq qoymadan AR Mülki Məcəlləsinin 157.9-cu maddəsində “mülkiyyət” adə altında eyniləşdirir və bununla da hazırkı işin halları üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması proseduru həmin Məcəllə və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə tənzimlənir. Qeyd olunanları və işin digər xüsusatlarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, müvafiq daşınmaz əmlakı dövlət ehtiyacları üçün alan orqan kimi hazırkı iddiaçı Bakı şəhəri Yasamal RİH hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlıdır. Məhkəmə bu qənaətini iş üzrə tərəflərin dəlilləri və sübutları qiymətləndirilməklə müəyyən etdiyi aşağıdakı xüsusatlarla əsaslandırır: - «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 54.1-ci maddəsinin tələbləri baxmından müvafiq fərdi yaşayış evinin Cavabdeh1 məxsus hissəsinin (əsas yaşayış sahəsinin) sökülməsinə görə müstəqil qiymətləndirici qurum tərəfindən qiymət qoyulmaqla həmin ünvanda yerləşən digər əmlakın mülkiyyətçisinə (X2) ödənilən eyni məbləğdə, yəni hər kv.m üçün 1.500 manat kompensasiya ödənilməsi «İnzibati icraat haqqında» AR Qanununun 12-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”nə uyğundur və ədalətli sayılmalıdır. - Cavabdeh1 məxsus yaşayış sahəsinin faktiki ölçüsü sənəd üzrə ölçüsündən cüzi miqdarda fərqlənsə də, həmin fərq hissənin dəyəri kimi paylı mülkiyyətdə olan yaşayış sahəsinin başqa mülkiyyətçisinə ödənilmiş müvafiq məbləğin tələb olunması mülki məhkəmə icraatı qaydasında həll olunan mübahisənin pedmeti ola bilər; - Cavabdeh1 məxsus yaşayış evinə Cavabdeh2 yaşayış hüququnun itirilməsi barədə qəbul olunmuş məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Lakin həmin evdə Cavabdeh1 ilə bərabər onun 1982-ci il təvəlldülü övladı X6 da qeydiyyatdadır və sonuncunun evdən istifadə hüququnun itirilməsi barədə hər hansı məhkəmə aktı və ya digər sənədin mövcudluğu müəyyən edilmir. Odur ki, iddia tələbində göstərilən 20.377 manat məbləğ digər bölünmə kretiriyasının tətbiqi mümkün olmadığından, ədalətli şəkildə bərabər bölünərək onlara (Cavabdeh1 və Xəyal Quliyev) ödənilməlidir; - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinin yuxarıda qeyd olunan dəyəri tam şəkildə həmin şəxslərə ödənildikdən sonra ona sahibliyin alan orqan Bakı şəhəri İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tam əldə olunması təsdiq edilə bilər. X7 hazırkı cavabdehlər sırasında olmadığından, ona çatası kompensasiya məbləği hazırkı məhkəmə icraatında ödənilməməli və əmlakı alan orqanın qismən əldə etməsi təsdiq edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinə sahibliyin alan orqan Bakı şəhəri Yasamal RİH tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq qismən əldə olunması təsdiq edilməli və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı 10.188,5 manat (20377 manat : 2) məbləğində kompensasiya Cavabdeh1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinə sahibliyin alan orqan Bakı şəhəri İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qismən əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın müvafiq hissəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı 10.188,5 manat (on min yüz səksən səkkiz manat əlli qəpik) məbləğində kompensasiya Cavabdeh1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar