Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-912/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “tibb işçisinin sertifikasıyaya cəlb olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “tibb işçisinin sertifikasıyaya cəlb olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “kardiologiya” ixtisası üzrə sertifikasiyaya cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilərək onun “kardiologiya” ixtisası üzrə sertifikasiyaya cəlb edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun “müalicə işi” fakültəsini bitirmişdir. Bununla bağlı ona LV seriyalı 021177 nömrəli diplom verilmişdir. 01 avqust 1986-cı ildən 30 iyun 1987-ci ilədək “terapiya” ixtisası üzrə internaturanı keçmişdir. Daha sonra o, 02.01-xx.xx.2003-cü il müddətində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu “Kardiologiya funksional diaqnostika” üzrə ümumi təkmilləşdirmə kursu keçmiş və ona LV seriyalı 021177 nömrəli diplom üzrə şəhadətnamə verilmişdir. Daha sonra o, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakutləsində Müdafiə Nazirliyi poliklinikasının həkim-mütəxəssisi vəzifəsi üzrə 3 ay müddətinə “terapiya silsiləsinin kardiologiya ixtisası üzrə təkmilləşdirmə” təhsili almış və ona LV seriyalı 021177 nömrəli diploma əlavə kimi xx.xx.2005-ci il tarixli 0124 nömrəli vəsiqə verilmişdir. Daha sonra o, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakutləsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsi üzrə 3 ay müddətinə “terapiya kursunun şüa diaqnostika ixtisası” təhsili almış və ona LV seriyalı 021177 nömrəli diploma əlavə kimi 10 yanvar 2014-cü il tarixli 0352 nömrəli vəsiqə verilmişdir. Bundan əlavə o, X2 Universitetində xx.xx.2015-xx.xx.2015-ci il tarixləri üzrə “funksional diaqnostika” ixtisası üzrə təkmilləşdirmə kursu keçmiş və ona 004205 nömrəli diplom verilmişdir. İddiaçı 2002ci ildən müxtəlif xəstəxanalarda və tibb məntəqələrində kardioloq və funksional diaqnostika həkimi kimi çalışmışdır. Hal-hazırda da "xxxx" MMC-də və “X3 Company” MMC-də həkim kardioloq vəzifəsində işləyir. İddiaçı və onun işlədiyi müəssisələr - "xxxx" MMC və “X3 Company” MMC onun kardiologiya ixtisası üzrə sertifıkasiyadan keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin onlara Səhiyyə Nazirliyindən imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuş və 1986-cı ildə həmin institutun “müalicə işi” fakültəsini bitirmişdir. Bununla bağlı ona LV seriyalı 021177 nömrəli diplom verilmişdir. 01 avqust 1986-cı ildən 30 iyun 1987-ci ilədək “terapiya” ixtisası üzrə internaturanı keçmişdir. Daha sonra o, xx.xx.2003-xx.xx.2003-cü il tarixlərində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunu “kardiologiya funksional diaqnostika” üzrə ümumi təkmilləşdirmə kursu keçmiş və ona LV seriyalı 021177 nömrəli diplom üzrə şəhadətnamə verilmişdir. O, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyi poliklinikasının həkim-mütəxəssisi vəzifəsi üzrə 3 ay müddətində “terapiya silsiləsinin kardiologiya ixtisası üzrə təkmilləşdirmə” təhsili almış və ona 30 dekabr 2005-ci il tarixli, 0124 nömrəli vəsiqə verilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkim vəzifəsi üzrə 3 ay müddətinə “terapiya kursunun şüa diaqnostika ixtisası” təhsili almış və ona 10 yanvar 2014-cü il tarixli 0352 nömrəli vəsiqə verilmişdir. Bundan başqa o, X2 Universitetində 20 yanvar 2015-30 aprel 2015-ci il tarixləri üzrə “funksional diaqnostika” ixtisası üzrə təkmilləşdirmə kursu keçmiş və ona 004205 nömrəli diplom verilmişdir. Əlavə olaraq iddiaçının 2002-ci ildən etibarən müxtəlif xəstəxanalarda və tibb məntəqələrində kardioloq və funksional diaqnostika həkimi kimi işləmişdir. Hal-hazırda "xxxx" MMC-də və “X3 Company” MMC-də həkim-kardioloq vəzifəsində işləyir. İddiaçı və onun işlədiyi müəssisələr kardiologiya ixtisası üzrə sertifikasiyadan keçirilməsi ilə bağlı AR Səhiyyə Nazirliyinə müraciət ünvanlasalar da, cavabdeh inzibati orqan həmin müraciət barəsində imtina məktubu göndərmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 49- 1-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Həmin maddəyə əsasən Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Həmin maddəyə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında 8 iyun 2010cu il tarixli, 108 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi praktiki tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Praktiki tibb fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində göstərilən fəaliyyət olduğundan müvafiq şəxslər də məhz yalnız ixtisaslarına uyğun olaraq sertifikasiyadan keçirilə bilərlər. Şəxslərin əlavə həkim təkmilləşdirmə kurslarında iştirak etməsi bu mənada qanunvericiliyin tələbini istisna etmir. Odur ki, AR Səhiyyə Nazirliyi tərəfindən iddiaçı barəsində ünvanlanan cavab məktubu tamamilə qanuni və əsaslıdır. Tibb işçisinin ixtisası internaturada, rezidenturada keçdiyi hazırlığa uyğun müəyyən edilir. İddiaçı 01 avqust 1986-cı ildən 30 iyun 1987-ci ilədək “terapiya” ixtisası üzrə internaturanı keçmişdir. Buna görə də İddiaçı aldığı təhsilə uyğun olaraq terapiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra sertifikasiya oluna bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.1986-cı il tarixdə verilmiş LV seriyalı 021177 nömrəli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun “müalicə işi” fakültəsini bitirmişdir. xx.xx.1987-ci ildə Kirovabad şəhərində verilmiş 1037 №li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı 01 avqust 1986-cı ildən 30 iyun 1987-ci ilədək “terapiya” ixtisası üzrə internaturanı keçmişdir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 02.01-xx.xx.2003-cü il tarixlərində “Kardiologiya funksional diaqnostika” üzrə ümumi təkmilləşdirmə kursu keçmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ona ünvanlanmış məktublarda göstərilmişdir ki, həkim-kardioloq vəzifəsində fəaliyyət göstərməsi və bu ixtisas üzrə sertifikasiya olunması üçün həkim-mütəxəssis internaturada, rezidenturada hazırlıq keçməlidir. Təqdim etdiyi təkmilləşdirmə kursları barədə sənədlər ixtisasın dəyişməsinə əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-912/2025 saylı iş üzrə çıxartdığı xx.xx.2025-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə İddiaçı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda “kardiologiya” ixtisası üzrə keçdiyi ixtisaslaşma kursu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasıyası ilə bağlı bəzi məsələləri tənzimlənməsi haqqında” 07 avqust 2024-cü il tarixli, 3-28/3-1- 418/2024 №-li əmrinə uyğun olaraq, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “kardiologiya” ixtisası üzrə sertifikasiya cəlb olunması məsələsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi məqsədilə yenidən inzibati icraatın aparılması üçün cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 15 (on beş) gün müddət təyin edilməsi qərara alınmışdır. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28/2-7540/2025 saylı məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı “Kardiologiya” ixtisası üzrə sertifikasiyaya cəlb olunması məsələsi ilə bağlı yenidən inzibati icraatın aparılması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-912/2025 nömrəli Qərardadının icra edilməsinə dair məktuba Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində baxılmışdır. Bildiririk ki, İddiaçı “Kardiologiya” ixtisası üzrə sertifikasiyaya cəlb olunması məsələsinə vətəndaşın iştirakı ilə səhiyyə sisteminin tibbi kadrlarla təmin olunması, tibb mütəxəssislərinin hazırlanması və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2025-ci il 3 iyul tarixli iclasında baxılmış və məsələnin ətraflı araşdırılması məqsədilə müvafiq sorğuların verilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı keçdiyi kursların müəyyən edilməsi məqsədilə Ə.Əliyevadına Azərbaycan Dövlət X1 müraciət edilmiş və cavab olaraq İnstitutdan Səhiyyə Nazirliyinə bildirilmişdir ki, İddiaçı xx.xx.2003-xx.xx.2023-cü il tarixlərində “Kardiologiyada funksional diaqnostika” üzrə təkmilləşdirmə kursu keçmişdir. Məsələyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2025-ci il 9 sentyabr tarixli iclasında vətəndaşın iştirakı ilə yenidən baxılmış və Komissiyanın qərarına əsasən, tibb işçisinin ixtisasının internaturada və ya rezidenturada keçdiyi hazırlığa uyğun olaraq müəyyənləşdirildiyi nəzərə alınaraq İddiaçı “Kardiologiya” ixtisası üzrə sertifikasiyadan keçməyi qeyri-mümkün hesab edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; ... 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşəixtisas dərəcəsi; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. (Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı: 060916 – Kardiologiya) 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. ("Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əlavə: Kardiologiya - 4 il) 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”: 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçının hüquqi marağı “Kardiologiya” ixtisası üzrə sertifikasiyaya cəlb olunmasından ibarətdir. Qanunvericiliyin sadalanan normalarından da göründüyü kimi, ali tibb təhsili əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır. Məzunlara isə müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. İş materiallarından görünür ki, İddiaçı 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1986-cı ildə bitirərək “müalicə işi” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi praktiki tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Praktiki tibb fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində göstərilən fəaliyyət olduğundan müvafiq şəxslər də məhz yalnız ixtisaslarına uyğun olaraq sertifikasiyadan keçirilə bilərlər. Başqa sözlə, şəxsin “kardiologiya” ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə həkimmütəxəssis ali peşə-ixtisas dərəcəsi olmalıdır. Şəxslərin əlavə həkim təkmilləşdirmə kurslarında iştirak etməsi bu mənada qanunvericiliyin tələbini istisna etmir. Tibb işçisinin ixtisası internaturada, rezidenturada keçdiyi hazırlığa uyğun müəyyən edilir. İddiaçı 01 avqust 1986-cı ildən 30 iyun 1987-ci ilədək “terapiya” ixtisası üzrə internaturanı keçmişdir. Buna görə də o, aldığı təhsilə uyğun olaraq terapiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra sertifikasiya oluna bilər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-912/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-912/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver