Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9120/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X7 və X2 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı, üçüncü şəxslər X7 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2781D KOD 00502016 nömrəli Şəhadətnaməyə əsasən Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun 02 aprel 2002-ci il tarixli 4-Ə-68 saylı alqı-satqı müqaviləsi ilə satılmış fərdi yaşayış evi tikintisi üçün Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 482 №-li, 23 iyul 2002-ci il tarixli Sərəncamına əsasən Ramana qəsəbəsi, Qarayev küçəsində vətəndaş İddiaçı tərəfindən tikilmiş birmərtəbəli, üç yaşayış otağından sahəsi-84,4 m2, köməkçi sahəsi-5,4 m2, açıq eyvan sahəsi-15,4 m2, torpaq sahəsində tövlə sahəsi-36,9 m2, hamam-ayaqyolu sahəsi-13,2 m2, torpaq sahəsi-1200,0 m2, olan yaşayış evinə Ramana qəsəbəsi, Qarayev küçəsi, 39 saylı ünvan verilməklə, hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və ŞƏhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli məktubla iddiaçının yaşadığı evə Ramana qəsəbəsi, Qarayev küçəsi, ev 39 poçt ünvanı verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2-1657/2002 nömrəli qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birlikdə Ramana qəsəbəsi, Qarayev küçəsi, 39 saylı fərdi yaşayış evinə pasport qeydiyyatına alınması qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəaəbəsi, Qarayev küçəsi ev 39 X5 mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən üçüncü şəxslər X2 və X7 (üçüncü şəxslər) Ramana qəsəbəsi, Qarayev küçəsi 39 saylı ünvanda pasport qeydiyyatındadırlar. İddiaçı Sabunçu rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini xx.xx.2024-cü il tarixli məktubla təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməsini məqsədə müvafiq hesab etmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin ünvan 4 ünvandan pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus evdə tanımadığı, əlaqəsi olmadığı şəxslər X7 və X2 qeydiyyatdadırlar. Həmin şəxslərin ona məxsus evə heç bir aidiyyəti yoxdur, mülkiyyətində olan evə necə qeydiyyata düşmələri barədə məlumatı yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən X7 üçüncü şəxs iddiaya etiraz edərək rədd edilməsini xahiş etdilər. Əlavə olaraq izahatında bildirdirlər ki, onların evi ilə iddiaçının evi eyni ünvan olsa da, fərqli fərqli evlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-) Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına görə, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2781D KOD 00502016 nömrəli Şəhadətnaməyə əsasən Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun 02 aprel 2002-ci il tarixli 4-Ə-68 saylı alqı-satqı müqaviləsi ilə satılmış fərdi yaşayış evi tikintisi üçün Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 482 №-li, 23 iyul 2002-ci il tarixli Sərəncamına əsasən Ramana qəsəbəsi, Qarayev küçəsində iddiaçı tərəfindən tikilmiş yaşayış evinə Ramana qəsəbəsi, Qarayev küçəsi, 39 saylı ünvan verilməklə, hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, 39 saylı fərdi yaşayış evi ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-758 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının sahiblik və istifadəsində olan evdə deyil, X6 məxsus, eyni ünvan lakin faktiki olaraq ayrı daşınmaz əmlakda yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının istifadəsində olan evdə deyil, ayrı evdə yaşayırlar. Üçüncü şəxslər öz evinin faktiki sahibi olduqları və faktiki olaraq yaşadıqları halda, onlar evin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin fərdi yaşayış evi onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı göstərilən ünvanda yerləşən daşınmaz əmlaka dair sahiblik və istifadə hüququna, başqa sözlə ilkin hüquqmüəyyənedici sənədlərə malik olsa da, üçüncü şəxslər həmin ünvanda yerləşən və mülkiyyət hüququ dövlət reyestrində daşınmaz əmlakın mülkiyyətçisinin valideynləridir. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X4 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X8 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9120/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9120/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver