Məhkəmə qərarları › İş №2-1(112)-9121/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9121/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9121/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsində geriləmə halının aradan qaldırılması və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsində geriləmə halının aradan qaldırılması və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə 1-ci qrup əlil kimi iddiaçı mənzil növbəsinə götürülmüşdür. 11 il ərzində hər dəfə ona mənzil uçotu sırası barədə məlumat əldə etmək istədikdə fərqli rəqəmlər deyilmişdir. Ona 2018-ci il tarixli məktubla rəsmi olaraq bildirilmişdir ki, uçot siyahısında 153 sıra nömrəsindədir. 2020-ci il tarixdə şifahi məlumata əsasən isə onun 74-cü sırada olduğu bildirilmişdir. 2023-cü il tarixli məktubla isə onun sıra nömrəsi heç bir əsaslı səbəb olmadan 154-cü sıraya çatmışdır. Göründüyü kimi növbə sırası irəliləmək əvəzinə geriləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, iddiaçı 1-ci qrup ümumi əlil kimi güzəştli mənzil uçot siyahısındadır və sıra nömrəssi 154-dür. Həmin növbə üzrə də mənzil ilə təmin ediləcəkdir. Sərəncamdan görünür ki, iddiaçı 1-ci qrup ümumi əlil kimi mənzil uçotuna götürülmüş və 1-ci qrup əlillər siyahısına daxil edilmişdir. 2018-ci il tarixli məktubdan görünür ki, 1-ci qrup əlillərin güzəştli mənzil-uçot siyahısında iddiaçının sıra nömrəsi 153-dür. Cavabdeh məktubunda qeyd etmişdir ki, digər rayon icra hakmiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsində olan vətəndaşlar daimi qeydiyat ünvanını ünvan 1ri onlara göndərilir və həmin şəxslərin mənzil növbəlilik tarixi saxlanılır. Bununla əlaqədar mənzil növbəsində sıralamada dəyişikliklər yarana bilir. Cavabdehin sorğuya ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş X1 2-ci qrup ümumi əlillərin güzəştli mənzil növbəsindən 1-ci qrup ümumi əlillərin güzəştli mənzil növbəsinə keçirilmişdir. Bununla əlaqədar olaraq da iddiaçının mənzil növbəsi 154cü sıraya keçmişdir. Həmin məktuba 1-ci qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısı da əlavə edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbinin təmin edilən mənzil növbəsində geriləmə halının aradan qaldırılması hissəsində məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; İşin mübahisəsiz halı onunla bağlıdır ki, iddiaçı 1-ci qrup əlilliiyi olan şəxs kimi həmin kateqoriya şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsi üzə uçota durmaq və siyahı üzrə müəyyən edilən tarixdə mənzillə təmin edilmək hüququna malikdir. Adıçəkilən mənzil növbəsi üzrə uçota üzrə sıra nömrəsi şəxsin mənzillə təmin edilmə tezliyinin müəyyən edilməsi zərurəti yarandığından məhkəmə mümkünlük baxımından iddianın mümkün, mahiyyəti baxımından da əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı 16 avqust 2007-ci il tarixli sərəncamla mənzil növbəsinə götürülmüş, iddiaçının müraciəti üzrə ona 2018-ci il tarixli məktubla sıra nömrəsinin 153 olduğu qeyd edilmiş, növbəti müraciətində isə həmin müraciətin üzərindən 5 il keçməsinə baxmayaraq iddiaçının sıra nömrəsi nəinki irəliləmiş, hətta 1 ədəd geriləməsi ilə nəticələnən hal yaranmışdır. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh sorğuya cavab məktubunda həmin halın başqa rayonlardan daxil olmuş, qeydiyyat yerini dəyişmiş şəxslərin uçot sənədlərinin növbəyə götürülmə tarixi əsas götürülməklə uçot sənədlərinin yenidən tərtib edilməsi nəticəsində yarandığını, dəyişikliyi həmin hallarla əlaqədar olduğunu qeyd etmiş, eyni zamanda 1 nəfər şəxsin 2-ci növbədən 1-ci növbəyə keçməsi ilə əlaqədar mənzil növbəsində geriləmə halının yarandığını, nəticədə geriləmə halının yaranmasında hər hansı qanunsuzluğa yol verilmədiyini qeyd etmişdir. Məhkəmə isə hesab edir ki, adıçəkilən əsaslara istinad edilməklə geriləmə halı həm əsassız, həm də qanunsuz olmuşdur. Belə ki, başqa rayon üzrə mənzil növbəsinin mənzil növbəsinə götürülmüş şəxslər üzrə götürülmə tarixinin, Yasamal rayonu üzrə də həmin kateqoriya şəxslər üçün nəzərdə tutulmuş mənzil növbəsində eyni tarixin müəyyən edilməsi, digər əlilliyi olan şəxslərin, indiki iddiaya uyğun isə iddiaçının hüquqlarının pozulması nəticəsi yaradır Qeyd olunmalıdır ki, əlilliyi olan şəxslər əhalinin xüsusi kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər xüsusi olaraq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bərabərlik prinsipi baxımından hər bir əlil olan şəxsin hüquqlarının qorunması təmin olunmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, mənzil növbəsi əvvəlki rayon üzrə əsas götürülməklə Yasamal rayonu üzrə mənzil növbəsinə daxil edilmə barədə inzibati akta və ya yerli icra hakimiyyətlərinin mənzil uçot sənədlərinin göndərilməsi üzrə inzibati akt xarakterinə malik məktublara münasibətdə həmin şəxslərin etimad hüququnun qorunması ididaçının etimad hüququna müdaxilə xarakteri daşıyır. Siyahı üzrə mənzil növbəsinin sırası barədə konkret məlumatı olan və əlillik növbəsinin gəlməsini gözləyən şəxslərə, indiki halda iddiaçıya münasibətdə faktiki olaraq başqa icra hakimiyyətinin müəyyən etdiyi siyahıda növbədə olmuş şəxsin onun qeyd edilməsi növbə gözləyən şəxslərin hüquq və mənafelərinin pozulmasına, mülkiyyət hüququnun nisbətən gec realizə edilməsinə səbəb olacaqdır ki, hazırki halda cavabdehin həmin hərəkəti ictimai və dövlət maraqlarının tarazlığı, qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, iddianı qeyd olunan hissədə əsaslı edir. Nəzərə alınmalıdır ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Hazırkı iş üzrə də iddiaçıya 2018-ci il tarixli onun sıra nömrəsinin 153 olması barədə məlumat verilmiş, iddiaçı həmin məlumatlara etimad etmiş, həssas qrup təbəqə kimi həmin mənzil növbəsinin irəliləməsinə etibar etmiş, lakin cavabdehə müraciətində sıra nömrəsinin dəyişdirilməsi barədə ona məlumat verilmişdir. Halbuki, hazırkı halda iddiaçı yox, rayon dəyişikliyi səbəbi ilə öz ərizələri əsasında mənzil uçot sənədləri köçürülmüş şəxslər mənzil növbəsinə götürülmə barədə yeni sərəncamın qəbulu nəticəsində sıra nömrəsinin yenilənməsini gözləməli, əvvəlki növbə üzrə mənzil növbəsinə götürülmə tarixinə əsaslanmaqla mövcud olan siyahıda eyni kateqoriyada şəxsin sıra nömrəsinin geriləməsinə səbəb olmama barədə məlumatlı olub, qəbul etməli idilər. Lakin, cavabdehin qanunazidd hərəkəti səbəbindən həmin şəxslər mövcud olan şəxsin mənzil növbəsinin geriləməsinə səbəb olmuş, nəticədə iddiaçının hüququ kobud pozulmuşdur. Qeyd olunmalıdır ki, təqdim edilən siyahıdan görünür ki, 115-ci sırada olan şəx 1998ci il tarixdə başqa rayon üzrə növbədə olmuş, iddiaçı barəsində qəbul edilmiş sərəncamdan sonra iddiaçının sıra nömrəsinin geriləməsinə səbəb olmuşdur. Analoji hallar ən azından cavadehin təqdim etdiyi siyahı üzrə 147, 150-ci sıra üzrə də xarakterik olmuşdur. Məhkəmə, həmçinin hesab edir ki, mənzil növbəsində əvvəllər başqa kateqoriyada olmuş, sonradan isə kateqoriya dəyişikliyi ilə əlaqədar siyahıya daxil olmuş şəxsin mənzil növbəsinə ilkin götürülmə tarixinin əvvəlki tarix olması da, iddiaçının sıra nömrəsinin dəyişikliyinə səbəb olmamalıdır. Qeyd olunmalıdır ki, məhkəmə sıra nömrəsində dəyişikliyin mövcud olma faktına münasibətdə cavabdehin sorğuya cavab məktublarında həmin dəyişikliyin cavabdeh tərəfindən də qəbul etdiyini nəzərə alaraq sorğuya bütün sənədlərin təqdim edilməməsi halı mövcud olsa da, əlavə araşdırmanın aparılması, həqiqətən də təqdim edilmiş siyahının yenilənmiş olub-olmaması, mənzil növbəsinə götürülmə tarixini konkret uçot sənədlərinin (sərəncam və s) olmaması halına baxmayaraq əlavə araşdırmanın aparılmasına zərurət müəyyən etməmişdir. Belə ki, təqdim edilən siyahıdan uyğunsuzluq halı müəyyən edilmiş, cavabdeh də bunu qəbul etmişdir. Bu səbəbdən də məhkəmə həmin uyğunsuzluğun aradan qaldırılması barədə öhdəlik müəyyən etməklə cavabdehin nəzərinə çatdırırır ki, həmin uyğunsuzluğun mövcud olması və aradan qaldırılmalı olması barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi, təkcə təqdim edilən siyahı üzrə dəyişikliyin edilməsi görüntüsü yaratmamalı, məhkəmə icraatı ilə əvəz edilməsi mümkün olmayan icra icraatı həyata keçirilməli, siyahıda dəyişiklik edilərək yeniləmə üçün səbəb olubolmama,mənzil növbəsinə götürülmə tarixlərinin sərəncamlarda qeyde edildiyi kimi yazılıbyazılmaması və s kimi konkret hallar müəyyən edilməklə, istər kateqoriya dəyişikliyi ilə əlaqədar, istər mənzil uçot sənədlərinin dəyişikliyi ilə əlaqədar iddiaçının sırasının geriləməsinə səbəb olmuş hallar konkret olaraq bütün materiallara baxılmaqla müəyyən edilməli və geriləmə halları icra icraatı qaydasında konkret olaraq aradan qaldırılmalıdır. Məhkəmə, iddia tələbinin mənzil ilə təmin edilmə hissəsi ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, növbədənkənar mənzilllə təmin edilmə hissəsində iddia rədd edilməlidir. Bununla əlaqədar aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından, o cümlədən yuxarıda göstərilən qanunvericilik aktlarından göründüyü kimi müəyyən kateqoriya şəxslərə mənzillərin verilməsi növbəyə götürülmə tarixi əsas götürülməklə verilir. İddiaçının isə tələbi, faktiki növbədənkənar mənzilin təmin edilməsi ilə bağlıdır. Halbuki, təqdim edilən siyahıdan da göründüyü kimi iddiaçının mənzil növbəsinə götürüldüyü tarixdən illər əvvəl, hətta 1980-ci illər tarixində 1-ci qrup əlilliyi müəyyən edilmiş şəxslər mövcuddur ki, həmin şəxslər nəzərə alınmadan iddiaçıya mənzilin verilməsi, bu dəfə mənzil növbəsinə götürülmə tarixi səbəbi ilə ondan üstün olan iddiaçı ilə eyni kateqoriyada olan şəxslərin qanunla qorunan hüquq və mənafelərinin pozuntusuna səbəb olacaqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, növbədəkənar iddiaçıya mənzilin verilməsi hissəsində iddia qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-304/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da məhkəmə kollegiyası bildirmişdir ki, mənzil uçotuna götürülmüş şəxslərə növbədəkənar mənzilin verilməsinə dair iddianın rədd edilməsi barədə aşağı instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu növbədənkənar yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda da siyahı üzrə növbədə olan şəxslərə, o cümlədən də iddiaçıya mənzilin verilmə imkanı öz təsdiqini tapmamışdır. Mənzil mövcud olsa belə, ondan öncə sirada olan şəxslər saxlanılmaqla növbədənkənar iddiaçıya mənzilin verilməsi barədə iddianın təminini istisna edən faktiki hallar kifayət qədərdir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı aid hissədə 1-ci qrup əlilliyi müəyyən edilmiş güzəştli mənzil uçotu siyahısında onun sıra nömrəsində geriləmə halının aradan qaldırılması öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar