Məhkəmə qərarları › İş №2-1(112)-9124/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9124/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9124/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü olaraq 1-ci Qarabağ döyüşlərinə 16 yaşından qoşulmuş və torpaqlarımız müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmışdır. Buna baxmayaraq yenə döyüşlərə gedib xidmətini davam etdirmişdir. Biləcəri qəsəbə Bələdiyyəsinin sədri İlham Xəlilov bələdiyyə mülkiyyətinə aid olan qarajın təyinatının dəyişildiyini və bazar olacağını bildirərək əsaslı təmirə ehtiyacı olduğunu və bunun üçün 150.000 manat pul tələb olunduğunu iddiaçıya bildirmişdir. O, bunun üçün bələdiyyə balansında pul olmadığını və qeyd olunan qarajı təmir etdirməkdə onlara köməklik göstərməyi xahiş etmişdir. Həmin qarajın üzərindən keçən işıq xəttinin istiqamətini dəyişməli olduğunu və bunun üçün 35.000 manat lazım olduğunu deyərək bələdiyyə işçisi hacı İlqarı göndərərək iddiaçıdan 35.000 manat pul almışdır. Bundan sonra əlavə 10.000 manat bu qaydada əlavə tələb olunduğu üçün almışdır. Bundan sonra iddiaçı Bələdiyyə ilə razılaşdığı üçün təmirə görə dəmir armatura 8.000, daşa 6700, sementə 9800, usta və fəhlələrə zəhmət haqqı olaraq, 10.600, dəmir fermalara 12.900, quma 2000, darvazanın yerinin dəyişmək və digər işlərə 4300 manat, ümumilikdə isə 110.000 manat xərcləmişdir. Əvəzində isə Bələdiyyə sədri və işçiləri bildirdilər ki, həmin bazardan əldə olunan gəliri bir hissəsini iddiaçıya verəcəklər və bazarın da qabaq tərəfdən bir hissəsini sənədləşdirib bölgü edib iddiaçıya verəcəklər. İddiaçı çəkdiyi xərcləri bələdiyyənin fəhlə, ustaları və işçiləri də bilirdi. Bununla bağlı Ədliyyə Nazirliyindən İsrafil adlı şəxs araşdırma aparsada nəticə olmamışdır. Baş verənlər zamana iddiaçıya ümumilikdə 115.000 manat maddi ziyan dəymişdir. Bununla yanaşı iddiaçının səhhətində problemlər yaranmışdır. X2 icraatında bununla bağlı araşdırma aparılır. Belə ki, 2020-ci il iyul ayından 2020-ci ilinə kimi iddaçı onun mülkiyyətində olan torpaq sahəsinə külli miqdarda xərclər çəkmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) mərhum olmuşdur. Cavabdehin, yəni bələdiyyə sədri Etibarın göstərişi ilə Bakı şəhəri, Biləcəri qəsəbəsi Bələdiyyəsi əməkdaşları tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkət edilərək, əmlakının qanunsuz olaraq dağıdlmış, dəmir fermalar metal qəbulu yerlərinə dəyər-dəyməzə satılmış, nəticədə iddiaçının uzun illər boyu qazandığı işgüzar nüfuzuna ciddi zərər dəymiş, onu ciddi iş adamı kimi tanıyan hər kəsin yanında özünü müdafiə etməyi belə bacarmayan şəxs kimi hörmətdən düşmüş və nəticədə həmkarları da ona qarşı mənfi fikir formalaşmışdır. Bununla da iddiaçının işgüzar nüfuzuna ciddi zərər dəymiş, ona külli miqdarda ziyan vurulmuşdur. İddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin dəyəri qiymətsiz olsada, o, bu zərəri 18.000 manat həcmində dəyərləndirir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddia ərizəsinə iddianın əsaslandırılmasını təsdiq edən hər hansı yazılı sənəd, sübut əlavə olunmayıb. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X1 icraatında olan, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinə “bələdiyyə bazarı və iaşə kompleksi”nin tikintisi ilə bağlı ********* nömrəli cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin cinayət işində də Biləcəri qəsəbə Bələdiyyəsinin mərhum sədri İlham Xəlilovla İddiaçı arasında hər hansı sövdələşmə barədə məlumat, sənəd, sübut yoxdur. Biləcəri qəsəbə bələdiyyəsi tərəfindən İddiaçı ilə “bələdiyyə bazarı və iaşə kompleksi”nin tikintisi ilə bağlı hər hansı inzibati akt müəyyən olunmayıb. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddia müddətinə əməl edilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddia tələbini təsdiq edən sübut qismində iddiaçı şəxsiyyət vəsiqəsinin, müharibə veteranı vəsiqəsinin, cavabdehə ünvanladığı ərizənin surətləri və CD-diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati işə baxılan zaman iddiaçının qeyd edilən ziyana məruz qalması təsdiqlənməmişdir. Belə ki iddiaçı ziyanın vurulmasına dair sübutları və ya belə sübutların mövcud olması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının mənəvi zərərə səbəb ola bilən mənfi psixoloji reaksiyaya məruz qalması işə baxılan zaman öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi həm maddi, həm də mənəvi zərərin tutulması hissəsində əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar