Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9127/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hesablanmış borcun silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindəki xx.xx.2021-ci il tarixli yazılış qeydləri ilə aparılmış “Əlavə dəyər vergisi” üzrə 25717,0 manat məbləğin, “Mənfəət vergisi” üzrə 28574,4 manat məbləğin, ümumilikdə 54291,4 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi göstəricilərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyatın adı “Əlavə dəyər vergisi” göstərilməklə 25717,0 manat vergi məbləği, eyni tarixdə əməliyyatın adı “Mənfəət vergisi” olmaqla 28574,4 manat məbləğində əlavə vergi məbləği, ümumilikdə 54291,4 manat məbləğində vergi hesablanmışdır. Lakin qeyd olunan hesablamanı apararkən cavabdeh bütün maddi və prosessual hüquq normalarını pozmuş, hesablamanı tamamilə qanunazidd şəkildə və mövcud inzibati praktikaya zidd şəkildə həyata keçirmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 37.4-cü maddəsində əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisininin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bundan əlavə, hüquqi aktların dövlət reyestrində qeydə alınmış və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 1.3.4-cü bəndinə görə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların b nomrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir (nümunə forması əlavə edilir). Göründüyü kimi, cavabdeh tərəfindən inzibati akt qəbul edilmədən, ümumiyyətlə aparılan hesablamanın hansı əsaslar üzrə yaranması barədə öncədən hər hansı uyğunsuzluq məktubu göndərmədən birbaşa Cəmiyyətin şəxsi hesab vərəqəsinə müdaxilə olunmuşdur. Maraqlısı odur ki, heç vergi orqanı özü də aparılan hesablamanın hansı vergi dövrünə aid olduğunu bilmir. Çünki qeyd olunan qanunsuz hesablama ilə əlaqədar Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinə dəfələrlə inzibati şikayətlər göndərilsə də, həmin müraciətlərə baxılmamış və digər quruma yönləndirilərək yekunda şablon cavablar verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 2 nömrəli Qərardadının 61-ci bəndi ilə müəyyən edilmişdir ki, hər hansı normativhüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, 21.01-17.04.21-ci il tarixində "xxxx" MMC-nin e-qaimə üzrə satışında 116,7 min manat (ƏDV-siz) və 64,9 min manat (ƏDV-li) dəyərində “parakontank, gigiyenik maska, əlcək, emulsiya, xidmət və s.“ təqdim edildiyi, lakin vergi ödəyicisinin idxalı və e-qaimə üzrə həmin malların alışı müəyyən edilməmişdir. "xxxx" MMC-nin qeydiyyata alınmış obyekti yoxdur. Əmək müfəttişliyinin hesabatına əsasən işçisi olmamışdır. Bunu nəzərə alaraq, əldə olunmamış malların və göstərilən xidmətlərin satışı riskli hesab edilmişdir. Belə ki, Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********646000 nömrəli Qərar göndərilmişdir. Ödəyicinin riskli ödəyicilər siyahısından çıxarılması məqsədi ilə xx.xx.2021-ci il tarixli müvafiq hesablama aparılmış və ödəyici riskli ödəyicilər siyahısından çıxarılmışdır. Hesablanmış ƏDV üzrə 25707 manat, MV üzrə 28574,4 manat əlavə vergi məbləği vergi ödəyicisinin zəmanət məktubuna əsasən hesablanmışdır. Belə ki, həmin məktuba əsasən vergi ödəyicisi tərəfindən qeyd olunan məbləğlərin hesablanmasına etiraz edilməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 94.0.-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh məhkəmədən "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
6. İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.
7. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
10. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-828/2022 nömrəli qərarına uyğundur. Həmin qərara əsasən müəyyən edilir ki: -“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin inzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. -Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.
11. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
12. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindəki xx.xx.2021-ci il tarixli yazılış qeydləri ilə aparılmış “Əlavə dəyər vergisi” üzrə 25717,0 manat, “Mənfəət vergisi” üzrə 28574,4 manat, ümumilikdə 54291,4 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva