Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9127/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1985-ci il tarixdən başlayaraq xx.xx.2011-ci ilədək olan dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyində 4-cü dərəcəli operator vəzifəsində (işində) işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyinin xx.xx.2002-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərneftyağ” İB-nin müdiriyyəti 8 saylı sexin işçisi – iddiaçının ərizəsini, ağır mənzil şəraitini nəzərə alaraq, ona 4 nəfər (özü, qayınanası, qızı, nəvəsi) ailə tərkibində İ.Həbibov küçəsi 57 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 17 kv.m olan 1 otaqlı, 7 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* № li arayışa əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 67 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 02 №-li arayışına əsasən iddiaçı İ.Həbibov küçəsindəki 57 №-li evin 1 mərtəbəli evin 1-ci mərtəbəsində 17,0 kv.metr sahəsi olan 1 otaqlı 7 №-li mənzilində yaşayır. İddiaçı həmin mənzillə bağlı mənzil kirayə müqaviləsinin bağlanması üçün xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. İmtina üçün səbəb mənzilin kirayə müqaviləsinin bağlanmasına əsas verən hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, İ. Həbibov küçəsi, 57 saylı evin 7 saylı mənzilinin kirayə müqaviləsinin onun adına bağlanması ilə əlaqədar müvafiq sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, işlədiyi “Azərneftyağ” İB-dən ona yaşayış və mənzil şəraitinin ağır olduğu və ümumiyyətlə, qalmağa mənzili olmadığı üçün xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, İ.Həbibov küçəsi, 57 saylı evdə ailəvi yataqxanada 17 kv.metr sahəsi olan bir otaqlı 7 saylı mənzil (otaq) yaşayış üçün istifadəsinə verilmişdir. Bu mənzildə onunla birgə yalnız qayınanası X1raq yaşamışdır ki, o da xx.xx.2018-ci ildə ölmüşdür. Sözügedən mənzildə xx.xx.2007-ci ildən qeydiyyatdadır və hazırda da bu mənzildə tək yaşayır, ondan istifadə edərək sahiblik edir və bu mənzilə dair bütün kommunal xərcləri ödəyir. Bu mənzil ARDNŞ-nin “Azərneftyağ” İB-nin yataqxanası olmuşdur. 2007-ci ildən isə həmin bina ARDNŞ-nin “Azərneftyağ” İB-nin balansından çıxarılıb Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Hazırda onun yaşadığı həmin ev Bakı şəhəri Nizami Rayon MKTB-nin 67 saylı MİS-nin ərazisində olmaqla 21 ildir ki, bu mənzildə qeydiyyatda olmaqla yaşayır, bu mənzilə mübahisəsiz sahiblik edir və ondan istifadə edir. Eləcə də həmin mənzilin bütün kommunal xərclərini həmin vaxtdan ödəyir. Hazırda yaşadığı həmin mənzilin şəxsi hesabı xx.xx.2007-ci ildə onun adına açılmışdır. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı Bakı şəhərində anadan olmaqla, Bakı şəhəri, İ.Həbibov küçəsi, ev 57, 7 saylı mənzil onun istifadəsinə və sahibliyinə verilmiş, hazırda da iddiaçı həmin mənzildə yaşayaraq, mənzil onun sahibliyi və istifadəsindədir. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” İstehsalat Birliyində işləmiş və əmək kollektivinin üzvü kimi ünvan 3, 57 nömrəli evin, 7 nömrəli mənzili ona verilmişdir. İddiaçı həmin mənzildə pasport qeydiyyatındadır və orada yaşayır. Cavabdeh iddiaçının həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlərinin olmaması əsası ilə iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. Lakin təqdim edilən sənədlərdən müəyyən edilir ki, qeyd olunan mənzilin əvvəlki balanssaxlayıcısı “Azərneftyağ” İB olmuş, həmin Birlik tərəfindən iddiaçıya verilmişdir. Sonradan həmin mənzilin yerləşdiyi yaşayış binası Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təhvil vermişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən 57 nömrəli bina Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Balansındadır. Göründüyü kimi, mənzilin əvvəlki balanssaxlayıcısı tərəfindən iddiaçının sahiblik və istifadəsinə verilmiş və həmin vaxtdan iddiaçı mənzildə yaşayır. Belə olan halda aydındır ki, 23 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Məhkəmə qeyd edir ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 3, 57 nömrəli evin, 7 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9127/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9127/2023
07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver