Məhkəmə qərarları › İş №2-1(112)-9130/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9130/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9130/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyası Dağıstan Respublikası Qasımkənd rayonu, Ulluqataqski İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək “Mail” adının “Mixail” kimi yazılması öhdəliyinin cavabdeh Yasamal Rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Rusiya Federasiyası dağıstan M.R. doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində adı “Mixail” kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə, o cümlədən Nikahın bağlanılması haqqında 1-ЖГ№ 303013 nömrəli Şəhadətnamədə, 00879598 nömrəli Həmkarlar İttifaqı biletində, H3№ ******* nömrəli Hərbi biletində, HT-İ № ******* nömrəli Əmək kitabçasında, AC 303458”B” seriyalı Sürücülük vəsiqəsində və digər sənədlərində onun adı "Mixail" kimi göstərilmişdir. Lakin, Rusiya Federasiyası Dağıstan Respublikası Qasımkənd rayonu, Ulluqataqski İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində onun adı "Mixail" əvəzinə "Mail" kimi göstərilmişdir. Rusiya Federasiyası Dağıstan Respublikası Qasımkənd rayonu, Ulluqataqski İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanların cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Məhkəmə qənaətə gəlir ki, iddiaçının hazırki iş üzrə irəli sürdüyü tələbin nəticəsinə nail olmaq cavabdeh orqanın səlahiyyətləri daxilində olmadığından, hazırkı mübahisə üzrə cavabdeh hüquqi məsuliyyət daşımır. Bu baxımdan, Məhkəmə aşağıdakı məsələləri xüsusi vurğulamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklərin edilməsi Əsas Müddəaların 3cü və 4-cü bəndlərində əks olunmuşdur. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında” Əsasnamənin 6.1.2-ci maddəsinə əsasən Qeydiyyat Şöbələri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatını həyata keçirir. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatını həyata keçirilməsi Qeydiyyat Şöbələrinin fəaliyyət istiqamətinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, akt qeydlərinin ləğvi, dəyişdirilməsi və ya bərpası Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaları ilə tənzimlənir. Məhkəmə bildirir ki, hazırkı iş üzrə iddiaçı Rusiya Federasiyasının Dağıstan Respublikası, Qasımkənd rayonu Ulluqataqski İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydində dəyişiklik edilməsini cavabdeh orqandan tələb edir. Lakin cavabdeh orqanın bu akt qeydinə düzəliş etmək səlahiyyəti mövcud deyil. Birincisi ona görə ki, xarici dövlət orqanı tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktına birbaşa müdaxilə etmək həmin dövlətin hüquqi tənzimləmə sahəsinə müdaxilə hesab olunur və bu yolverilməzdir. İkincisi isə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi xarici dövlətdə tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydlərinə düzəliş edilməsini nəzərdə tutmur. Qanun yalnız belə qeydin mövcudluğunu sübut etmək mümkün olmadıqda, onun bərpası və şəhadətnamənin verilməsini imkan dairəsinə daxil edir. Göründüyü kimi qanunvericilikdə xarici dövlətin hüquqi sənədlərində dəyişiklik və ya düzəliş edilməsi deyil, onların bərpası hüquqi baxımından mümkündür. Bu bərpa prosesi isə yalnız həmin sənədin və ya qeydiyyatın əldə edilməsi hüquqi baxımından mümkün olmadıqda tətbiq edilir. Əks təqdirdə, xarici dövlət tərəfindən tərtib olunmuş vətəndaşlıq vəziyyəti haqqında akt qeydinə müdaxilə hüquq münasibətləri kontekstində xarici dövlətin daxili yurisdiksiyasına müdaxilə kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı xarici ölkədə tərtib olunmuş doğum haqqında akt qeydində düzəlişin edilməsini cavabdehdən tələb etsə də, cavabdehin bunu etməkdə səlahiyyəti olmamışdır ki, bu da onun cavabdehlik daşımadığını göstərir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar