Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9131/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7815 və xx.xx.2021-ci il tarixli **********8858 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********8858 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. **********7815 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna əsasən, 1.000 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Hər iki qərar 19 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə keçirilmiş yoxlamanın nəticələrinə dair qəbul edilmişdir. Fəaliyyətə başlamamışdan əvvəl obyektin vergidə qeydiyyatını aparmış və oraya nəzarət kassa aparatı sifariş etmişdir. Bu barədə rəsmi müraciət etmişdir. Nəzarət kassa aparatını “Azərtürkbank”dan almalı idi. Bankdan isə ona bildirilmişdir ki, nəzarət kassa aparatı bankda qurtarıb və həmin aparatın ona təqdim olunması üçün bir müddət gözləməli olacaqdır. Göründüyü kimi nəzarət kassa aparatının alınması ilə əlaqədar o, öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin ondan asılı olmayan səbəbdən həmin aparat obyektinə təqdim edilməmişdir. Nəzarət kassa aparatının sifariş verilməsilə əlaqədar xx.xx.2021-ci il tarixdə banka müvafiq ödənişlər də etmişdir. Bu barədə sözügedən yoxlama zamanı o, vergi əməkdaşlarına da bildirmiş və aidiyyəti sənədləri onlara təqdim etmişdir. **********7815 saylı qərarda isə qeyd edilmişdir ki, o, guya qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etmiş və buna görə ona 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş DVX seriyalı 002575 saylı aktda “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş” aşağıdakı şəxslər qeyd edilmişdir: 1. X3, 2.X6, 3.X5. Qeyd edilən şəxslərdən heç biri 19 oktyabr 2021-ci il tarixdə və ya həmin günədək qeyd edilən obyektdə işlərin icrasına cəlb edilməmişdirlər. X3 yoxlama zamanı verdiyi izahatında da qeyd etmişdir ki, o, həmin obyektdə işləmir, heç bir əmək haqqı almır. Cavanşir onun qohumudur və Mərdəkan qəsəbəsində yaşayır. Yoxlama zamanı onun sözügedən obyektdə olmasına səbəb o olmuşdur ki, o, kompyuter mütəxəssisidir. Eyni zamanda bu sahədə mütəxəssis olduğundan o, mağazada iddiaçının hansı kompyuter nəzarət sistemi quraşdırdığını soruşmuşdur və kompyuterin arxasında oturaraq bu sistem ilə maraqlanırdı. O, bu xidmət üçün ondan heç bir ödəniş almamışdır. Həmin zaman o, rəsmi olaraq "xxxx" QSC-də mühasib vəzifəsində işləmişdir və hazırda da orada işləyir. Belə ki, yoxlama zamanı X1 qeyd edilən obyektdə işləməsi faktı nə faktiki olaraq, nə də ki, C.Muradovun izahatı ilə müəyyən edilməmişdir. Digər iki nəfər X6 və X5 ilə əlaqədar bildirir ki, yoxlamanın nəticələrinə dair qəbul edilmiş qərarla həmin 2 nəfərin əmək müqaviləsi olmadan faktiki işləməsi yoxlanılan təsərrüfat subyektində birbaşa aşkar olunmamış, yalnız sonradan verilən izahatlarda əks olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi yoxlama keçirilən zaman o, fəaliyyətə yeni başlamış və işçi axtarırmış və qapıya da bu barədə elan vurmuşdur. Həcər Əsədova və Fərid Babayev həmin saatda işə düzəlmək üçün obyektə gəlmişdilər və onları işin şərtləri ilə tanış edirdi. Onlar işin icrasına başlamamışdılar və onlara heç bir əmək haqqı ödənilməmişdir. Belə olan halda, həmin 2 nəfər şəxsə münasibətdə də ona “maliyyə sanksiyasının tətbiq edilməsi” tamamilə qanunaziddir və qərarın qəbulu vergi ödəyicisi kimi onun hüquqlarının pozulmasına səbəb olan haldır. Yoxlama bitdikdən sonra X6 və X5 ona bildirmişlər ki, onlar qanunun tələblərini bilmirlər. Yoxlama zamanı izahatı vergi orqanının əməkdaşının diktəsi ilə yazmışlar. Onlar əvvəllər heç vaxt izahat yazmamışlar və yazdıqları izahatın mahiyyətini də dərk etməmişlər. Nəticə etibarı ilə cavabdeh orqan qərar qəbul edərkən yalnız həmin 2 nəfər şəxsin izahatına əsaslanaraq ona maliyyə sanksiyası tətbiq etmişdir. Sözügedən qərarda qeyd edilən 3 nəfər şəxsin heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilmələri, onların faktiki olaraq ona məxsus obyektdə işləmələri və onların bunun müqabilində haqq almaları sübuta yetməmişdir və qərarda əsaslandırılmamışdır. İddiaçı iddia ərizəsi ilə birlikdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, mübahisə predmeti qərarları müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********5043 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 may 25 yeni qaydalarla 88 ünvanında yerləşən təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti nəticəsində 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002575 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8858 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 6.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış hər 3 şəxs (X6, X3, X5) iddiaçıya məxsus obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini və onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişdirlər. Həmçinin İddiaçı da izahat verərək qeyd edilən faktı təsdiq edərək, 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Operativ vergi nəzarəti nəticəsində həmçinin iddiaçıya məxsus mağazada nəzarət kassa aparatının quraşdırılmadığı, müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2.5 AZN (iki manat əlli qəpik) pulun ödənildiyi və NKA çekinin verilmədiyi müəyyən edildi. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli, DVX seriyalı 008070 saylı aktla rəsmiləşdirilərək, akt əsasında xx.xx.2021-ci il tarixli, **********7815 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 1.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı verdiyi izahatında da qeyd edilən faktları təsdiq etmiş, müvafiq düzəlişlərin ediləcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5043 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 May 25 Yeni Qaydalarla 88 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus mağazada Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211668214 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur; DVX seriyalı 002575 nömrəli, 19 oktyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25, yeni qaydalarla 88 ünvanda yerləşən mağazada operativ vergi yoxlaması zamanı 4 nəfər fiziki şəxsdən 3 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X3, X6, X5 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər; DVX seriyalı 008070 nömrəli, 19 oktyabr 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25, yeni qaydalarla 88 ünvanda mağazada operativ vergi yoxlaması zamanı müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2,5 AZN (iki manat, əlli qəpik) pulun ödənildiyi və müştəriyə kassir tərəfindən NKA çeki verilmədiyi və həmin mağazada NKA-nın olmadığı və quraşdırılmadığı müəyyən edilmişdir; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7815 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8858 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7816 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********8859 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 6000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçı 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarların ləğv edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş 2 qərar təşkil edir: 1) xx.xx.2021-ci il tarixli, **********7815 saylı; 2) xx.xx.2021-ci il tarixli, **********8858 saylı. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 3 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan mağazada müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi sözügedən 3 nəfər şəxsin onun işçisi olmadığını bildirsə də, məhkəmə iclasında izahat verərək, 2 nəfər şəxsin (X6 və X5) əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsini etiraf etmişdir. X1 isə işə cəlb edilmədiyini, onun işçisi olmadığını və başqa müəssisədə işlədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsdən 2-sindən (X6 və X5) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan 3 nəfər fiziki şəxsdən 2-si izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirmişlər ki, bu məlumatlar yalnız həmin mağazada işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı özü də izahatında (həmçinin məhkəmə iclasında) işçilərin adlarını sadalamaqla 2 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyini bildirmişdir. Məhkəmə izahatı alınan digər şəxsə münasibətdə isə qeyd edir ki, həmin şəxs (X3) əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən fərqli izahat verərək, operativ vergi yoxlaması zamanı kompyuter düzəltdiyini və göstərdiyi xidmətə görə ödəniş almadığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş elektron bildirişlə müəyyən olunur ki, X3 başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. Məhkəmə iclası zaman şahid qismində dindirilən X3 həmin xüsusatları bir daha təsdiq etmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarına X2 münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş izahatda və məhkmə iclasında X3 orada işə cəlb edlmədiyini bildirmişdir. Cavabdeh tərəfindən həmin şəxsə münasibətdə sübutetmə vəzifəsi yerinə yetirilməmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********7815 saylı qərarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. 7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. 7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. 7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X11), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. 7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. 7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. 7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211668214 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 008070 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır. İddiaçının mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində hər hansı dəlil irəli sürülməmişdir. Əksinə məhkəmə iclasında və inzibati icraat zamanı etiraf edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia qismən təmin edilsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov