Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9134/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 2014-2018-ci illərdə Gürcüstan Respublikasının Gürcüstan Texniki Universitetində Hüquq və Beynəlxalq münasibətlər fakultəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almış və ona bu barədə Hüquq və Beynəlxalq münasibətlər fakültəsinin 30 iyul 2018-ci il tarixli, 310 saylı qərarı ilə 15 noyabr 2018-ci il tarixdə BD seriyalı, 009964 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli qərarla iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2014-cü ildə Gürcüstan Texniki Universitetinə daxil olmuş, 2018-ci ildə isə oranı bitirmişdir. Hüquq və Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Vaxtında dərslərə getmiş, imtahanları vaxtında vermişdir. xx.xx.2021-ci ildə BD seriyalı, 009964 nömrəli diplomun tanınması barədə cavabdehə elektron ərizə ilə müraciət etmiş, 22 sentyabr 2021-ci il tarixində ona dil biliyi səviyyəsinin qənaətbəxş olmadığı barədə cavab gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur. İddiaçı məcburetmə haqqında hazırkı iddiası üzrə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddia müddətinə gəldikdə cavabdeh xx.xx.2021-ci il tarilxi qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etmədiyindən və işdə iddiaçının müddəti ötürməsi ilə bağlı sübut olmadığından məhkəmə hesab edir ki, müddət ötürülməmişdir və hazırkı iddia mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2014-2018-ci illərdə Gürcüstan Respublikasının Gürcüstan Texniki Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə əyani formada təhsil almış, təhsil müddəti 4 il, tədris dili rus dili olmuşdur. İddiaçıya Hüquq və Beynəlxalq münasibətlər fakültəsinin 30 iyul 2018-ci il tarixli, 310 saylı qərarı ilə 15 noyabr 2018-ci il tarixdə BD seriyalı, 009964 nömrəli bakalavr diplomu verilmiş, diplom xx.xx.2019-cı il tarixdə apostil edilmişdir. İddiaçı həmin diplomun tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə tədris dilinin qeyri-qənaətbəxş olmasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşır və qeyd edir ki, diploma əlavədən görünür ki, iddiaçı “rus dili”ndə təhsil almışdır. Cavabdeh orqanın ekspert qrupu tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı dili bilməsi qənaətbəxş deyil. Bu hal məhkəmə iclasında baxış keçirilmiş iddiaçı ilə aparılan müsahibənin videogörüntüləri ilə öz təsdiqini tapmışdır. Belə ki, diploma əsasən iddiaçı 4 il rus dilində təhsil alsa da, müsahibə zamanı nəinki tədris aldığı ixtisas üzrə hər hansı məsələ barədə fikir bildirə bilməmiş, heç gündəlik məişətdə istifadə olunan sözləri belə ifadə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, doğrudur, dil biliklərinin qiymətləndirilməsi xüsusi bilik tələb edir, lakin hamıya bəlli olan hallar və ya faktlar mübahisələndirilmir və onların sübuta ehtiyacı yoxdur. İddiaçı ilə keçirilmiş müsahibənin videogörüntülərindən görünür ki, iddiaçının özü ona verilən mətni təhsil aldığı dilə tərcümə edə bilmədiyini qəbul etmiş, ona təhsil aldığı dildə verilən suala isə demək olar ki, həmin dildə yazılı cavab verə bilməmişdir. Həm tərcümə üçün verilən mətnə, həm də yazılı cavab verilməsi üçün təqdim edilən suala nəzər yetirdikdə aydın olur ki, həmin ifadələr hər hansı termin, məcaz, spesifik, ümumişlək olmayan sözlərdən deyil, gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı zaman istifadə etdiyi məişət üslubundakı sözlərdən təşkil olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, bu hallar iddiaçının təhsil aldığı dili tədris keçdiyi ali təhsil müəssisəsinin normativində nəzərdə tutulan tədris yükünü mənimsəyəcək dərəcə bilməməsini deməyə kifayətdir. Məhkəmə qeyd edir ki, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Məhkəmə bildirir ki, bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndləri). Bu baxımdan iddiaçının təhsil aldığı dili bilməməsi onun “beynəlxalq münasibətlər” ixtisası üzrə aldığı təhsilin məzmununa (nəzəri və təcrübi hazırlıq) uyğun gəlməsini istisna edir. Bu səbəbdən məhkəmə cavabdeh orqanın ekspert qrupunun həmin əsaslardan çıxış edərək mənfi rəy verməsi ilə razılaşır. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: - 1.1-ci bəndinə əsasən həmin Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-cı bəndə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Beləliklə də, müəyyən edilir ki, iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, müsahibə zamanı kənar müdaxilə barədə iddiaları da nəzərə alınaraq cavabdeh tərəfindən həmin müsahibənin yenidən təşkil edilməsi iddiaçı ilə müzakirə edilsə də, iddiaçı yenidən onunla müsahibə keçirilməsinə razı olmamışdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9134/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9134/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver