Məhkəmə qərarları › İş №2-1(112)-9136/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9136/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9136/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh qurum əsassız olaraq imtina vermişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. xx.xx.1988-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1988- xx.xx.2000-ci il ve xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri iş stajına daxil etmək mümkün deyil. Hazırda iddiaçı qanunvericiliyin ona tanıdığı imkanlar nəticəsində yaranmış hüququmdan istifadə edir. Eyni zamanda bütün zəruri sənədləri təqdim etməklə yanaşı mübahisələndirilən hüququ tam yaranmışdır. Belə ki, 13 iyul 1988-ci il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında xx.xx.1988-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində və xx.xx.2000xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "İnşaatçi" firmasında işləməyi öz təsdiqini tapmışdır. Bundan başqa tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də iş icraçısı vəzifəsində 03 oktyabr 2011-ci ildə 5 №-li əmrlə işə qəbul olmuş, 02 oktyabr 2017-ci ildə 58 №-li əmrlə işdən azad olunmuşdur. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 11 ay 29 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyəti, iş icraçısı kimi daim açıq havada işləməsi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinə uyğundur. Hər kəsin sosial təminat hüququ vardır. Cavabdeh qurum imtinanı əsassız verməsi ilə yanaşı qanunvericiliyin tələblərinidə pozmuşdur. Onun güzəştli şərtlərlə pensiya hüququ olduğu halda cavabdeh qurum müxtəlif bəhanələr gətirməklə əsassız imtina etmişdir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “15 mart 2024-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mərkəzi Filiala təqdim etdiyiniz 13 iyul 1988-ci il tarixli AТ-İİİ ******* nömrəli əmək kitabçanızda xx.xx.1988-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində və xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “İnşaatçı” firmasında işlədiyiniz qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Bu səbəbdən də xx.xx.1988-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1988xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda, fərdi hesabınızın sığorta hissəsində 2015-ci ildə 1 ay, 2016-cı ildə 5 ay və 2017-ci ildə 3 ay məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı öz əksini tapmadığından həmin ayların (ümumilikdə 9 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də sizin ümumi iş stajınız 25 ildən az (19 il 6 ay 4 gün (xx.xx.1981-xx.xx.1986- cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 13 il 1 ay)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (5 il 2 ay 26 gün (xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36805,83 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

5. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı hüququ yarandığı tarixədək mübahisəsiz sosial sığorta stajı: ümumi iş stajı 25 ildən az xx.xx.2006-cı il tarixədək (xx.xx.1981-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixdən sonra 13 il 01 ay sosial sığorta stajı olmaqla ümumilikdə 19 il 06 ay 04 gün, güzəştli iş stajı isə 12 il 6 aydan az (xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) 5 il 2 ay 26 gün təşkil edir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilmiş 13 iyul 1988-ci il tarixli AT-İİİ6919841 nömrəli əmək kitabçasında xx.xx.1988xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində onun “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Həmin dövr Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən (qeyd olunan müəssisəyə münasibətdə arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur) mübahisələndirilmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilmiş əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “İnşaatçı” firmasında işlədiyii qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Bu səbəbdən də xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Nəticədə xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlərin iş stajına daxil edilməsi mümkün deyil. İddiaçının Mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında İddiaçı işlədiyi vəzifə üzrə (xx.xx.2011-xx.xx.2017) 5 il 11 ay 29 gün güzəştli sosial sığorta stajının olduğu qeyd olunmuşdur. İddiaçı fərdi hesabının sığorta hissəsində 2015-ci ildə 1 ay, 2016-cı ildə 5 ay və 2017-ci ildə 3 ay məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı öz əksini tapmadığından həmin ayların (ümumilikdə 9 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən iddiaçının 5 il 2 ay 26 gün güzəştli iş stajı mövcuddur. İddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən başqa arayış təqdim edilməmişdir.

6. "Mühəndis Tikinti Layihə” MMC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də iş icraçısı vəzifəsində 03 oktyabr 2011-ci ildə 5№-li əmrlə işə qəbul olmuş, 02 oktyabr 2017-ci ildə 58 №-li əmrlə işdən azad olunmuşdur. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 2 ay 29 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyəti, iş icraçısı kimi daim açıq havada işləməsi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinə uyğundur.

7. Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2024-cü il tarixli 88 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1981-ci il, 162u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinin “Sənaye və mülki tikinti” ixtisasına qəbul olmuşdur (qr.231al). xx.xx.1986-cı il, 235u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “inşaat-mühəndisi” ixtisası verilmişdir. Diplom: HB № 001016, qeydiyyat № 385. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri Universitetinin adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub.

8. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-A-393-33-486/2024 saylı məktubunda bildirilmişdir ki, “Bakinjstroy” tresti 33 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

9. Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 40 saylı arayışına əsasən İddiaçı, həqiqətən, xx.xx.1986cı ildən xx.xx.1988-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

10. İV 001016 nömrəli diplomun surətinə əsasən İddiaçı 1981-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstituna daxil olmuş, 1986-cı idlə tam kusru bitirmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, dövlət reyestrində oxşar adlı Bakı Mühəndis Tikinti Tresti 33 saylı Tikinti İdarəsinin xx.xx.1995-ci il tarixdə 434 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin İdarə adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Belə ki, müraciətdə qeyd olunan 33 №li Tikinti İdarəsi (köhnə tabeçiliyi - “Bakımühəndistikinti” tresti) barədə registr bazasında məlumat aşkar edilmədi. Eyni zamanda “Bakımühəndistikinti” trestinin 33 №li Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 16 noyabr 2000-ci il tarixli, 212 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin Nazirliyin digər 30 aprel 2001-ci il tarixli, 92 nömrəli əmri ilə özəlləşdirilənə qədər idarə olunmasının səmərəliliyini təmin etmək məqsədi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir.

13. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

14. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

22. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

28. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

29. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək ali təhsil almış, xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamışdır.

30. Cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilərək ümumi iş stajının qanunvericiliklə müəyyən olunmuş müddətdən az 19 il 6 ay 4 gün (xx.xx.1981xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 13 il 1 ay), güzəştli iş stajının 5 il 2 ay 26 gün (xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi əsas gətirilmişdir.

31. İddiaçının mübahisələndirilən xx.xx.1988-xx.xx.2000-ci və xx.xx.2000-xx.xx.2008-ci il illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - AT-İİİ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində iş icraçısı peşəsində, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək “İnşaatçı” firmasında baş mühəndis vəzifəsində işləmişdir.

32. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1988-xx.xx.2000-ci il tarixləri əhatə edən dövr – işlədiyi “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsinin Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arayışa əsasən arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edildiyindən güzəştli iş stajına daxil edilməmişdir.

33. Cavabdeh eyni zamanda xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı və əsaslı şübhələr yarandığını əsas gətirərək iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək iş stajını ümumi iş stajına əlavə etməmişdir.

34. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

35. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni vaxtlarda "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində işləyən şəxslərə - X5, X3 və X1 mübahisələndirilən dövrlər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunmuşdur.

36. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisələr - “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsi və “İnşaatçı” firması mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.

37. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-xx.xx.2008-ci illərdə işlədiyi vaxta məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydası qanunauyğun olsa da, həmin səbəbdən xx.xx.2000-xx.xx.2005-ci il tarixləri iş stajına əlavə etməməkdə cavabdeh haqlı olmamışdır.

39. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

41. Eyni zamanda, cavabdeh tərəfindən 2015-ci ildə 1 ay, 2016-cı ildə 5 ay və 2017-ci ildə 3 ay məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı öz əksini tapmadığından iddiaçının "Mühəndis Tikinti Layihə” MMC-də xx.xx.2011-xx.xx.2017-ci illərdə işlədiyi həmin ayların - ümumilikdə 9 ayın sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

42. İddiaçının “İnşaatçı” firmasında baş mühəndis peşəsində işlədiyi xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində (ümumilikdə 2 il 3 ay) öz əksini tapmamasa belə, iddiaçının ümumi iş stajı 25 ildən çox olmuşdur.

43. Bununla bərabər "Mühəndis Tikinti Layihə” MMC-də iş icraçısı vəzifəsində işlədiyi zaman 2015-ci ildə 1 ay, 2016-cı ildə 5 ay və 2017-ci ildə 3 ay üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (ümumilikdə 9 ay) öz əksini tapmasa belə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur.

44. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

45. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən arayışdan bəlli olur ki, iddiaçının "Mühəndis Tikinti Layihə” MMCdə xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə işlədiyi iş icraçısı vəzifəsi – daim açıq havada işləmə ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

46. Göründüyü kimi iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2011ci il tarixdən xx.xx.2017-ci il tarixədək çalışdığı iş icraçısı vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

47. Belə ki, iddiaçının sözügedən dövrlərdə “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində və "Mühəndis Tikinti Layihə” MMC-də işlədiyi iş icraçısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 22900000 şifrəli “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində b) rəhbərlər və mütəxəssislər: 2290000b—24441 şifrə ilə göstərilmiş “iş icraçıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində b) mütəxəssislər: “iş icraçıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

48. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi AT-İİİ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "Mühəndis Tikinti Layihə” MMC-nin arayışı ilə təsdiqlənir.

49. Nəticə etibarı ilə iddiaçının xx.xx.1988-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

50. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

51. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

52. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

53. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

54. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

55. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

56. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar