Məhkəmə qərarları › İş №2-1(112)-914/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-914/2020

13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-914/2020 13.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi işə cəlb edilməklə yeni məlumat vərəqinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi işə cəlb edilməklə onun əmək pensiyasının məbləğinin vəzifə maaşına, büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavənin 60 %-i məbləğində artımlar barəsində müvafiq sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin mart ayından əmək pensiyası alır. Hesab edir ki, əmək pensiyasının məbləği əmək pensiyası təyin edilərkən düzgün hesablanmamışdır. Belə ki, əmək pensiyası təyin edilərkən onun dövlət gömrük orqanlarında çalışdığı stajı nəzərə alınmışdır və pensiyas təyin edilərkən yalnız vəzifə maaşı əsas götürülmüşdür. Lakin, dövlət gömrük orqanlarında çalışdığı müddətdə aldığı vəzifə maaşına artımlar nəzərə alınsa da, vəzifə maaşına əlavələr 25%, hazırda 60% olan büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavələr məbləği əmək pensiyasının hesablanmasında artımsız nəzərə alınmamışdır. Nəticədə hər ay xeyli miqdarda pul itirir. Vəzifə maaşına aldığı həmin büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavələr artım nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinə daxil edilməlidir. Lakin, ona məlum olmayan səbəblərdən əmək pensiyası təyin edilərkən vəzifə maaşına həmin artımlar nəzərə alınmamışdır. Əmək pensiyasının məbləğinin yenidən hesablanması üçün 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 09 iyul 2019-cu il tarixdə yazılı müraciət etmişdir. 3-cü şəxsin rəisi Zəka Mirzəyev tərəfindən ərizəsinə verilmiş 09 avqust 2019-cu il tarixli, **********6 saylı cavabla müraciəti təmin olunmamışdır. Cavabda qeyd edilir ki, xüsusi rütbəli şəxslərin təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə təyinat İdarəsinə təqdim edilir. Qulluq etdiyi orqan tərəfindən vəzifə maaşına aldığı büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavlərdə edilmiş dəyişiklilər barədə müvafiq sənədlər təqdim olunmadığından əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Bu barədə cavabdehə müraciət etmişdir. Cavabdeh 30 sentyabr 2019-cu il tarixli, 1000- 180/1xx-xx/020420 saylı cavabla müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdehin həmin cavabı əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza görə, iddia ərizəsində qaldırılan məsələ ilə bağlı bildirirlər ki, İddiaçı xx.xx.1997ci ildə gömrük orqanlarına xidmətə qəbul olunmuşdur. Xidmət etdiyi dövrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2014-cü ildə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə təyin olunmuşdur. O, 22 aprel 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin 100/444Ş nömrəli əmri ilə barəsində xidməti araşdırma aparıldığı nəzərə alınaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Komitənin sərəncamına götürülmüşdür.Komitənin xx.xx.2018-ci il tarixli 100/1111ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 13-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda) İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir.İddiaçı pensiya hüququnun yaranması ilə əlaqədar xx.xx.2019-cu ildə əmək pensiyasının hesablanması və məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi xahişi ilə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmişdir (Ərizənin surəti əlavə olunur). Onun ərizəsinə Dövlət Gömrük Komitəsində baxılmış və barəsində pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş məlumat vərəqəsi xx.xx.2019-cu il tarixli 1000-180/0xx-xx/007273 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir (Məktubun və məlumat vərəqəsinin surəti əlavə olunur). Bundan sonra o, pensiya təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən təqdim edilən məlumat vərəqi əsasında ona vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanına (sonradan dəyişiklik edilmiş 29 fevral 2016-cı il tarixli, 810 nömrəli Fərmanına) əsasən 50 faiz təminat xərcliyinə daxil edilmiş və bunlara əsasən ona müvafiq pensiya təyin olunmuşdur.Lakin, İddiaçı məlumat vərəqəsində qeyd olunan pul təminatının (təminat xərcliyi) düzgün tərtib olunması ilə razılaşmayaraq, əmək pensiyasının yenidən hesablanması və yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi xahişi ilə yenidən Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmişdir (Ərizənin surəti əlavə olunur). X6 İdarəsində İddiaçı ərizəsinə baxılmış və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təminat xərcliyi (pul təminatınız) yenidən hesablanmışdır. Həmin İdarədən daxil olan təminat xərcliyi barədə yeni cədvələ əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə maaşı (artımlar nəzərə alınmaqla) 338.00 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi 123.00 manat, digər növ əlavəsi 455.06 (əvvəlki təminat xərcliyində 426.54 manat idi) və ərzaq payı əvəzinə verilən kompensasiya 32.00 manat olmaqla, cəmi təminat xərcliyi 1102.06 manat təşkil etmişdir. Bu cədvələ əsasən sabiq əməkdaş İddiaçı əmək pensiyası təminatı üçün yeni məlumat vərəqəsi qanunvericiliyə uyğun olaraq tərtib edilmiş və xx.xx.2019-cu il tarixli 1000- 180/0xx-xx/020379 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir (Məktubun və yeni məlumat vərəqəsinin surəti əlavə olunur).“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi (sonradan dəyişiklik edilmiş 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizi və 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr digər əlavələrə daxildir.Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” təsdiq edilmiş və bununla əlaqədar olaraq «Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli, 140 nömrəli qərarı ləğv edilmişdir.“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/123 nömrəli 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 002 nömrəli 24 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir.Həmin Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimat aylıq vəzifə maaşlarına əlavənin hesablanması və ödənilməsi şərtlərini və qaydasını müəyyən edir.Həmin Təlimatın 1.3-cü bəndinə əsasən aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 faizi hesabına təmin edilir.Həmin Təlimatın 3.1-ci bəndinə görə aylıq vəzifə maaşlarına əlavə həmin ayda faktiki olaraq işləmiş xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin hər birinə ödənilir.Yuxarıda qeyd olunan normanın tələbindən görünür ki, bu Təlimatla yalnız hal- hazırda gömrük orqanlarında çalışan gömrük işçilərinin vəzifə maaşlarına əlavələrin hesablanması tənzimlənir. Buradan da aydın olduğu kimi, əlavənin məbləği hər ay üçün vəzifəni icra edən şəxsin işlədiyi günlərin sayından, Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin məbləğindən asılı olaraq dəyişir. Həmin Təlimatla, sabiq gömrük işçilərinə bu əlavənin hesablanması qaydası tənzimlənməmişdir və belə olan halda sonradan gömrük orqanı tərəfindən hər hansı bir sabit məbləğin təminat xərcliyinə əlavə kimi yazılması mümkün deyildir.Yuxarıda qeyd olunanlarla bağlı bildirirlər ki, əmək haqqına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ №li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.Həmin Əsasnamənin 93-cü maddəsinə əsəsən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüidüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitiər hesabına hesablanan əlavələr və digər ödənişiər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir.Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitiər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.Həmin Qanunun 3.3-cü maddəsinə əsasən hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinə də şamil olunur.“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanına əsasən aylıq vəzifə maaşlarına ödənilən 50 faiz əlavəni sabiq əməkdaş İddiaçı işlədiyi müddətdə aldığı üçün, həmin məbləğ işlədiyi ayların sayına uyğun hesablanaraq təminat xərcliyinə daxil edilməklə məlumat vərəqəsi tərtib olunmuşdur."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.“Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən həmin qanunda göstərilən pul təminatından hesablanır.Göründüyü kimi, qanunvericilik aktlarına əsasən hərbi qulluqçulara xidmət illərinə görə təyin edilən əmək pensiyasının məbləği təminat xərcliyindən hesablanır. Təminat xərcliyinə isə hərbi qulluqçunun xidmətdə olduğu zaman aldığı və həm də yalnız məcburi sosial sığorta haqqı ödənilmiş vəsaitlər daxildir. İddiaçı isə hazırda istinad etdiyi ödənişi almamış və həmin ödənişə məcburi sosial sığorta haqqı hesablanmamışdır.Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir.Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.Əlavə olaraq bildirirlər ki, İddiaçı əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan pul təminatı (təminat xərcliyi) ilə bağlı məlumat vərəqəsində pensiya təyin olunarkən vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, gömrük orqanlarında xidmət etdiyi vaxt qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər, yəni aylıq vəzifə maaşlarına əlavə olan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanının 1-ci bəndi ilə (Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faiz) nəzərdə tutulmuş əlavə və digər növ əlavələr tam və düzgün hesablanmışdır. (Məlumat vərəqəsinin surəti əlavə olunur) və bunlara əsasən ona müvafiq pensiya təyin olunmuşdur.Həmçinin İddiaçı iddia ərizəsindən göründüyü kimi o, təqaüdə çıxarkən təminat xərcliyinə daxil olan həmin vaxt qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər, yəni (60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməmişdir. Buna görə də, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanının müddəaları İddiaçı şamil oluna bilməz.Hesab edirlər ki, İddiaçı xidmət müddəti həm təqvim hesabı ilə və həm də imtiyazlı xidmət müddəti ilə düzgün hesablandığından, habelə ona ödənilməli olan təminat xərcliyinə daxil olan bütün ödənişlər nəzərə alınmaqla pensiya təyin edildiyindən, hazırda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən pensiya məbləğinə əlavə hesablanması üçün məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinin heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddiaya qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 100/44Ş nömrəli, 22 aprel 2016-cı il tarixli əmrin surətindən müəyyən edilir ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsi 1-ci sərnişin şöbəsinin baş inspektoru İddiaçı, həmin şöbənin inspektorları X9, X3 və həmin Baş İdarəsnin skanlaşdırma şöbəsinin inspektoru X4 tutduqları vəzifədən azad edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərəncamına götürülmüşlər. İddiaçıla, Neman Abbasovla, Aytəkin Tağıyevayla və Muxtar Qasımovla informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqaviləsi müvəqqəti dayandırılmış və onlara məxsus olan elektron imza kartları X2 təhvil verilməsi əmr edilmişdir. İşdə olan Bakı Ağır Cinayətər Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 1(101)- 179/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3-cü maddələrində nəzərdə ttulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1111Ş nömrəli, 01 avqust 2018-ci il tarixli əmrindən görünür ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinn 13-cü bəndinə əsasən İddiaçı (Hava Nəqliyyatında Baş Gömük İdarəsi/ 1-ci sərnişin şöbəsi) xidmətinə xitam verilmişdir. Əmrin verilməsinə səbəb kimi “Cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə dair məhkəmə qərarı olduqda” göstərilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqələrinn surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində həmin tarixdə məlumat vərəqələri tərtib edilərək göndərilmişdir. Məlumat vərəqələrində iddiaçının güzəştli xidmət illəri 23 il 9 ay, 13 gün olması, xx.xx.2018-ci il tarixdən ehtiyata buraxılması, eləcə də, ilkin məlumat vərəqəsində onun təminat xərcliyinin cəmi 963.54 manat, sonuncu təminat xərcliyində isə 1102.06 manat təşkil etməsi qeyd edilmişdir. İşdə olan digər sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən öncə cavabdehə müvafiq ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəsi ilə əlaqədar olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində onun təminat xərcliyi (pul təminatı) yenidən hesablanmışdır. Həmin İdarədən daxil olan təminat xərcliyi barədə yeni cədvələ əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə maaşı (artımlar nəzərə alınmaqla) 338.0 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 123.00 manat, digər növ əlavə 455.06 (əvvəlki təminat xərcliyində 426.54 manat idi) və ərzaq payı əvəzinə verilən kompensasiya 32.00 manat olmaqla cəmi təminat xərcliyi 1102.06 manat təşkil etmişdir. Bu cədvələ əssən onun əmək pensiyası təminatı üçün yeni məlumat vərəqəsi qanunvericiliyə uyğun olaraq tərtib edilmiş və xx.xx.2019-cu il tarixli məktubla Dövlət Sosial Müdafiə Fondu yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Beləliklə məhkəmə tərəfindən mübahisənin faktiki halları ilə bağlı olaraq müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə gömrük orqanlarına xidmətə qəbul olunmuşdur. Xidmət etdiyi dövrdə müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.2014-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin baş inspektoru vəzifəsinə təyin olunmuşur. O, 22 aprel 2016-cı ildə Dövlət Gömrük Komitəsinin 100/444ş nömrəli əmri ilə barəsində xidməti araşdırma aparıldığı nəzərə alınaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Komitənin sərəncamına götürülmüşdür. Komitənin xx.xx.2018-ci il tarixli, 100/1111ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 13-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda) İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə əmək pensiyasının hesablanması və məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi xahişi ilə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə Dövlət Gömrük Komitəsində baxılmış və barəsində pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş məlumat vərəqsi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gndərilmişdir. Bundan sonra iddiaçı pensiya təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim emtiş, Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsindən təqdim edilən məlumat vərəqi əsasında ona vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanına (sonradan dəyişiklik edilmiş 29 fevral 2016-cı il tarixli, 810 nömrəli Fərmanına) əsasən 50 faiz təminat xərcliyinə daxil edilmiş və bunlara əsasən ona müvafiq pensiya təyin olunmuşdur. İdidaçının qənaətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin müəyyən faizi ( əvvəl 25, sonradan 50, hazırda isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanıldığı üçün cavabdeh fəaliyyətdə olan əməkdaşların aylıq vəzifə maaşlarına edilən həmin əlavələri təminat xərcliyinə (pul təminatına) hesablamaqla barəsində yeni məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmək vəzifəsi daşıyır. Cavabdehin mövqeyinə görə isə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011ci il tarixli, 388 saylı Fərmanı ilə nəzərdə tutulmuş və təminat xərcliyinə daxil edilən əlavəni (müvafiq olaraq 60 faizi) iddiaçı işlədiyi müddətdə almamışdır, həmin əlavə xidmətdən buraxıldığı gün onun təminat xərcliyində mövcud olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan Komitənin xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın təminat xərcliyinə yazılması mümkün deyildir. Bunun səbəbi isə ondan ibarətdir ki, əlavənin məbləği hər ay üçün vəzifəni icra edən şəxsin işlədiyi günlərin sayından, Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin məbləğindən asılı olaraq dəyişir. Həmin Təlimatla, sabiq gömrük işçilərinə bu əlavənin hesablanması qaydası tənzimlənməmişdir və belə olan halda sonradan gömrük orqanı tərəfindən hər hansı bir sabit məbləğin təminat xərcliyinə əlavə kimi yazılması mümkün deyildir. Məhkəmə hesab edir ki, mübahisənin həlli baxımından ilk növbədə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə verilməyə başlanılan vəsaitin hüquqi təbiətinə aydınlıq gətirilməlidir. Sözügedən Fərmanın özündə həmin vəsaitin aylıq vəzifə maaşına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin artıq ləğv edilmiş 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017- ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydaların da həmin vəsaitdən aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi qeyd olunan vəsait məhz aylıq vəzifə maaşlarına əlavə kimi ödənilir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Həmin Fərmanla həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Nazirlər Kabinetinə tapşırılmışdır (4.1- ci bənd). Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi təsbit edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydası təsdiq edilmiş və bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları baradə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ləğv edilmişdir. Hazırda qüvvədə olan “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə” Qaydasının 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. Həmin Qaydanın 1.3-cü bəndində isə təsbit edilmişdir ki, vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə isə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qeyd edilməlidir ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, sözügedən dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə mindiyi üçün yalnız həmin tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslərə münasibətdə tətbiq edilə bilər. Belə ki, şəxsin pensiya hüququna təsir edən məsələlərə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş redaksiyası tətbiq edilməlidir. Çünki iddiaçı dəyişiklik edildiyi tarixədək pensiya hüququ əldə etmişdir, eləcə də Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi dəyişiklik edildiyi tarixədək Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanılmışdır. Beləliklə, iddiaçının halına tətbiq edilməli olan qanunvericiliyin yuxarıda göstərilmiş normalarına görə təminat xərcliyinə cavabdehin bildirdiyi kimi yalnız xidmətdən buraxılmış günə alınmış ödənişlər deyil, həm də Qanunun özündə də təsbit edildiyi kimi “digər əlavələr, artımlar” formasında verilməyə başlanılan sonrakı artımlar da daxil edilməlidir. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi verilməyə başlanılan sözügedən vəsait sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təsbit olunmuş “sonrakı artımlar da nəzərə alınmaqla” ifadəsi məhz elə halların tənzimlənməsinə yönəlmişdir ki, xidmətdən buraxılan günə alınmamış vəsait sonradan hansısa formada fəaliyyətdə olan əməkdaşlara ödənilməyə başlanılırsa, bu hal həm də artıq əmək pensiyaçısı olan şəxslərin pensiyalarının yenidən hesablanmasına (və ya pensiyalarına əlavə edilməsinə) səbəb olsun. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndinə məhz bu halın tənzimlənməsinə yönəlmiş müddəalar nəzərdə tutmuşdur. Qanunvericinin belə yanaşması pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində hüquq bərabərliyi prinsipini və bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2010-cu il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirməklə göstərilmişdir ki, “Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bütün göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilməyə başlanılan əlavələr baş vermiş sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir.. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, əmək haqqına əlavənin hesablanması büdcədənkənar inkişaf fonduna daxil olan aylıq yığımların həcminə uyğun olaraq həyata keçirilir və tətbiq edilən əmsal stabil deyildir. Belə ki, büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan Komitənin xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın təminat xərcliyinə yazılması mümkün deyildir. Məhkəmə bununla bağlı olaraq isə qeyd edir ki, cavabdehin bildirdikləri inzibati orqanların təcrübəsindəki mümkün çətinliklərlə bağlı məsələdir. Lakin, hətta həmin hal mövcuddursa belə, bu, vətəndaşlara qanunvericiliklə verilmiş hüquqların həyata keçirilməsindən imtinaya səbəb ola bilməz. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının halında qanunvericilik sonrakı artımların təminat xərcliyinə daxil edilməli olduğunu birmənalı olaraq təsbit etmişdir. Bu halda, inzibati orqanların üzərinə düşən vəzifə həmin hüququn reallaşdırılması mexanizmlərini müəyyən etməkdən ibarətdir. Sözügedən mexanizmlərin olmaması və ya təkmil olmaması şəxsin əsas hüquqlarından biri olan pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Sözügedən məsələlərə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelər də məhz bu istiqamətdədir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Qanunverici digər demokratik hüquqi dövlətlərdə olduğu kimi, dövlət hakimiyyətini səmərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir” Bununla əlaqədar olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, oxşar mübahisələrlə bağlı artıq daha əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən müvafiq qərarlar (X7 işi üzrə 2-1(102)-1461/14 saylı, 16 dekabr 2014-cü il tarixli qərar, X1 işi üzrə 2-1(102)-1463/14 saylı, 02 dekabr 2014-cü il tarixli qərar, X5 iş üzrə 2-1(102)-1842/17 saylı, 14 noyabr 2017-ci il tarixli qərar ) qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-cı il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin (müvafiq olaraq 60 faiz) İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar