Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-914/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı «kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-3148/2020 saylı 2 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi tam təmin edilmişdir. Məlum qərar qanuni qüvvəsini almış və icra olunması üçün Mərkəzi Banka göndərilmişdir. Mərkəzi Bank tərəfindən 19 yanvar 2021-ci il tarixdə icra edilməsi üçün Maliyyə Nazirliyinə göndərilmiş, lakin həmin Nazirlikdən alınan məlumata əsasən məlum məhkəmə qərarı icra olunmur. Hazırda cavabdeh Maliyyə Nazirliyi birbaşa vəzifə səlahiyyətlərini aşaraq icra etmir və bu zaman vətəndaşlara qarşı açıq şəkildə süründürməçilik edirlər. Bundan əlavə iddiaçıya bildirirlər ki, 2021-ci il üçün maliyyə ayırmaları nəzərdə tutulmadığından, Dövlətin adından qəbul edilmiş məhkəmə qərarı və məlum Fərman icra edilmir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 20 aprel 2021-ci il tarixli məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 7-ci bəndinə əsasən Maliyyə Nazirliyi inzibati orqandır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Fərmanln 3.2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanln 7.1-ci bəndinə görə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas 10.000 ABŞ dollarınadək. milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısım müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Göstərilənlərə və İPM-in 47-ci maddəsinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının tələblərinə əsaslanaraq, İddiaçı onunla "xxxx"ASC arasında bağlanmış 70008390 sayl 5 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə şamil edilmiş 883.75 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsindən aydın olur ki, Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2020ci il tarixli 2-1(112)-3148/2020 saylı qərarı ilə ləğv prosesində olan "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 5 iyun 2014-cü il tarixli 70008390 saylı kredit müqaviləsinə əsasən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın 1-ci hissəsinə uyğun olaraq 883,75 manat məbləğində kompensasiya hesablanması Azərbaycna Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Məhkəmə qərarının icrası olaraq Mərkəzi Bank tərəfindən İddiaçı 883,75 manat məbləğində kompensasiya hesablanmış və 2021-ci il 19 yanvar tarixli 16-00139-2021 nömrəli məktubla Maliyyə Nazirliyinə bu barədə məlumatlar təqdim edilmişdir. Lakin aşağıda qeyd edilən səbəblərdən İddiaçı Fərmana əsasən ona hesablanmış 883,75 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunması tələbi rədd edilməlidir. Belə ki, həmin Fərmanın 1-ci hissəsinə əsasən fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi müəyyən olunmuşdur. Həmçinin, Azərbacan Respublikası Prezidentinin digər Fərmanı ilə kompensasiya ödənişlərinin həyata keçirlməsi üçün 2019-cu ilin dövlət büdcəsində xüsusi vəsait ayrılmışdır. Fərmanın 3.2-ci hissəsinə əsasən kompensasiya ödənişinin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmiş və sadalanan məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu il 11 aprel tarixli ********** nömrəli məktubla və yekun dəqiqləşdirilmiş siyahı isə 2019-cu il 15 aprel tarixli ********** nömrəli məktubla Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Təqdim edilən hər iki siyahıda İddiaçı adı kompensasiya alanların sırasına daxil edilməmişdir. 2019-cu il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən, o ləğv olunduqdan və səlahiyyətləri Mərkəzi Banka keçdikdən sonra da Mərkəzi Bank tərəfindən İddiaçı adı kompensasiya alan şəxslərin siyahısına daxil edilməmişdir. Bu haqda məlumatların Maliyyə Nazirliyinə 2019-cu il ərzində təqdim edilməməsi nəticəsində, Nazirlik tərəfindən dövlət büdcəsi vəsaiti hesabına 2019-cu ildən sonrakı illərdə kompensasiyanın ödənilməsi mümkün olmamışdır. 2019-cu il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilmiş siyahılar əsasında 10 tranşla təxminən 600 min nəfər üzrə 639,1 mln. manat məbləğində kompensasiya ödənişi 2019-cu ilin dövlət büdcəsində bunun üçün nəzərdə tutulmuş xərc maddəsindən operativ şəkildə həyata keçirilmişdir. 2020-ci və 2021-ci ilin dövlət büdcəsinin tərtibi zamanı «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun formada kompensasiya ödənişlərinin davam etdirilməsi ilə bağlı vəsaitin nəzərdə tutulması üçün müraciət daxil olmadığından 2020-ci və 2021-ci illərin dövlət büdcəsində bu məqsədə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. Nazirlik hər hansı sərbəst maliyyə vəsaitinə malik deyildir. Habelə, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq istifadə edilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyinin dövlət büdcəsi vəsaitini hər hansı digər təyinata yönəltmək səlahiyyəti yoxdur. Qeyd olunanlardan göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət etmiş və müraciəti 2021-ci il 20 aprel tarixli nömrəli məktub ilə cavablandırılmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən İddiaçı tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşdə olan sənədlər əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında 5 iyun 2014-cü il tarixdə 70008390 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında "xxxx" ASC iddiaçıya 18 ay müddətinə illik 25% olmaqla 6.000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı həmin kredit üzrə kompensasiya alınması ilə bağlı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (qurum ləğv olunmuş və onun müvafiq səlahiyyətli Azərbaycan Respublikasının Mərkəzi Bankına keçmişdir) onu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı Mərkəzi Bankın hərəkətlərini mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3148/2020 saylı iş üzrə 2 noyabr 2020-ci il tarixli qərarı ilə həmin Fərmanın tələblərinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 70008390 saylı 5 iyun 2014cü il tarixli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 883,75 manat kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Bundan sonra İddiaçı ona müvafiq kompensasiya məbləğinin ödənilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; - (5.1-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (9-cu bənd) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün, bu Fərmandan irəli gələn digər tədbirlər görsün. Məhkəmə qeyd edir ki, iş matetiallarında olan Mərkəzi Bankın 22 yanvar 2021-ci il tarixli 16-00183-2021 saylı məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3148/2020 saylı iş üzrə 2 noyabr 2020-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyindən, həmin iş üzrə cavabdeh inzibati orqan Mərkəzi Bank tərəfindən icra olunmuş və İddiaçı kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə müvafiq məhkəmə icraatında İddiaçı kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməli olduğu müəyyən edilmişdirsə və həmin məhkəmə qərarının icrası olaraq o, müvafiq siyahıya daxil edilmişdirsə, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 9-cu bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Sözügedən Fərmanın müddəalarının tələbləri baxımından, həmin tədbirlər sırasına müvafiq kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilmiş fiziki şəxslərə ödəmələr Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təmin edilməlidir. Belə olan halda, cavabdehin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 19 və 24.2-ci maddələrinin tələblərinə riayət edilmədən, formal mülahizələrə istinadən qəbul olunmuş sayılır. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onunla "xxxx"ASC arasında bağlanmış 70008390 sayl 5 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə şamil edilmiş 883.75 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 13, 23.1, 52, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı onunla "xxxx"ASC arasında bağlanmış 70008390 sayl 5 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə şamil edilmiş 883.75 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-914/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-914/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver