Məhkəmə qərarları › İş №2-1(112)-9145/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9145/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9145/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “xx.xx.2006cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövr üçün ondan tutulmuş lakin ödənilməmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının uenidən hesablanması və ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2022ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdən ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Aylıq əmək pensiyası hazırda 337,77 manat təşkil edir. Lakin pensiyanın hesablanması zamanı onun müəyyən dövrləri nəzərə alınmamışdır. Halbuki, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona ödənilən aylıq əmək haqqıdan müvafiq məbləğinin sığorta kapitalına yönəldilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən onun əmək pensiyası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 10 ay 13 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 13 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8822,99 manat təşkil edir: (28+10/12ay)x306=8822,99 İddiaçı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 21972,82 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 82,93 manat pensiya kapitalı (xx.xx.2021 -ci il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixə əmək pensiyasının sığorta hissəsi 153,16 manat məbləğində hesablanmışdır: SH - (21972,82+82,93)/144=153,16 Qanunun həmin dövrdə qüvvədə olan 6-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdə 200 manata çatdırılmışdır. xx.xx.2022 - 240+240x3,4%=248,16 (Qanunun 6-1-ci maddəsinə əsasən pensiyanın məbləği 240 manata çatdırılaraq indeksləşdirilmişdir). Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 264,82 manat müəyyən edilib: 248,16+(200/12) =264,82 manat Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən Ə.Dadaşovun əmək pensiyasının məbləği indeksləşdirilərək 307,45 manata çatdırılmışdır: xx.xx.2023 - 264,82+264.82x14,7%=303,75 xx.xx.2024 - 303,75+303.75x11,2%=337,77 İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən bildirilir ki, xx.xx.2022-ci il tarixdə onun əmək fəaliyyətinə xitam verilməsinə baxmayaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sığortaolunanın hesabından görünür ki, İddiaçı 2006 yanvar – 2011 may ayları üzrə cəmi gəliri 8.674 manat, cəmi hesablanmış 2.168,50 manat, cəmi ödənilmiş vəsait 37 manat təşkil edir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 27 mart 2024-cü il tarixli qərarda qeyd olunmuşdur ki, yenidən hesablama zamanı pensiya məbləği dəyişmir. Vətəndaşın ƏMAS-da əmək kitabçasında qeyd edilmiş dövrlər öz əksini tapmır, Sığorta AS-da isə may 2011-ci ilə qədər hesablanmış (bəzi dövrlər ödənilmiş məbləğlər öz əksini tapır) MDSS öhdəliyi mövcuddur. Vətəndaş müraciəti ilə əlaqədar olaraq fərdi uçota sorğu verilsin və ya vətəndaşdan əmək kitabçasında qeyd edilmiş illər xüsusəndə xx/xx/2006-xx/xx/2022-ci illər üzrə iş yerində əmək haqqı və sosial ödənişlərin ödənilməsi ilə bağlı hərhansı bir sənəd təqdim etdiyi halda pensiya işinə yenidən baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş 31 may 2024-cü il tarixli məktubla bildirilmişdir ki: - “İddiaçı müraciətinə əsasən onun əmək pensiyası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 28 il 10 ay 13 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 13 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8822,99 manat təşkil edir: (28+10/12ау)х306=8822,99 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 21972,82 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 82,93 manat pensiya kapitalı (xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixinə əmək pensiyasının sığorta hissəsi 153,16 manat məbləğində hesablanmışdır: SH - (21972,82+82,93)/144=153,16 Qanunun həmin dövrdə qüvvədə olan 6-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixində 200 manata çatdırılmışdır. xx.xx.2022 - 240+240x3,4%=248,16 (Qanunun 6-1 -ci maddəsinə əsasən pensiyanın məbləği 240 manata çatdırılaraq indeksləşdirilmişdir). Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 264,82 manat müəyyən edilib: 248,16+(200/12)=264,82 manat Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən Ə.Dadaşovun əmək pensiyasının məbləği indeksləşdirilərək 307,45 manata çatdırılmışdır: xx.xx.2023 - 264,82+264,82x14,7%=303,75 xx.xx.2024 - 303,75+303,75x11,2%=337,77” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən sığortaedənin xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcunun yaranma səbəblərini, həmçinin Azərbaycan Respublikasının 06.03. 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının silinməsinə aid məlumatları təqdim edirik (məlumat cədvəli əlavə olunur). Əlavə olaraq bildirilir ki, yaranmış debitor borcla bağlı sığortaedənə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarına dair müvafiq bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin iş qovluğunun içərisində 2006-2012 və 2014- 2022-ci illərə dair hesabat məlumatları aşkarlanmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada); Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada), sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada)) sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Mübahisəyə dair hazırkı işdə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2006- cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövr üçün ondan tutulmuş lakin ödənilməmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə yuxarıda istinad edilən normalar əsasında diqqətə çatdırır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006- cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövrlər üzrə iddiaçıya, yəni sığortaolunana münasibətdə onun işəgötürəni, yəni sığortaedən "xxxx" ASC tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni "xxxx" ASC, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, yuxarıda istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Göstərilənlərə əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun qeyd olunan dövrlərdə "xxxx" ASC-də işləməsi əks olunsa da, həmin dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmamış, iddiaçı bunu təsdiq edən hər hansı dəlil təqdim edə bilməmişdir ki, bu hal cavabdehin imtinasının əsaslı olduğunu göstərir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə 2-1(102)-1116/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar