Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9147/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair yeni texniki pasportun tərtib olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair texniki pasportun tərtib olunması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ünvanında yerləşən 69 saylı fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 324 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ünvanında yerləşən 69 saylı fərdi yaşayış evinin X1na özgəninkiləşdirilməsinə icazə verilmişdir. X1 xx.xx.2017-ci ildə vəfat etmişdir. Mərhumun adına olan miras əmlakdan vərəsələr, hazırki iş üzrə iddiaçılar: İddiaçı1, İddiaçı3 və İddiaçı2 pay hüququ tanınmış və onlara Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən müvafiq olaraq, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Hazırda həmin əmlak onların paylı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi ünvanında yerləşən 69 saylı fərdi yaşayış evinə dair yeni texniki pasportun əldə edilməsi ilə bağlı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evi arxiv texniki pasport üzrə olan sahənin bir hissəsidir. Belə ki, çıxarışda qeyd olunan 192.4 kv. m. paylı mülkiyyətdə olan sahə texniki pasporta əsasən 1-ci mərtəbədə olan 1, 2, 3, 7, 8 və 2-ci mərtəbədəki 1, 2, 3, 4, 5 saylı sahələrə verilmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, yeni texniki pasportun tərtib edilməsindən imtina üçün əsaslı səbəb qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evi arxiv texniki pasport üzrə olan sahənin bir hissəsidir. Belə ki, çıxarışda qeyd olunan 192.4 kv. m paylı mülkiyyətdə olan sahə texniki pasporta əsasən 1-ci mərtəbədə olan 1, 2, 3, 7, 8 və 2-ci mərtəbədəki 1, 2, 3, 4, 5 saylı sahələrə verilmişdir. Həmçinin İddiaçı3 hissəsinin bir hissəsi digər payçıların hissəsi ilə bir dam altında yerləşir. Texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması və layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “İddiaçı1, İddiaçı2”-na aid hissələrdə mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsini xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçı3 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X7 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçılardan İddiaçı3 hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən texniki pasportun tərtib olunması tələb olunan daşınmaz əmlak vahid əmlak kimi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olduğundan və hazırki iş üzrə irəli sürülmüş tələb üzrə iddiaçılar birgə iddiaçılar qismində məhkəməyə müraciət etdiklərindən, onların hər birinin ayrı-ayrılıqda eyni tələblə inzibati orqana müraciət etməsinə heç bir zərurət olmamışdır. Belə olan halda iddia hər üç iddiaçıya münasibətdə mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 69 (Yeni qaydalarla: AZ 1069, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, giriş 203) ünvanında yerləşən № **********69-10301 qeydiyyat nömrəli daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində aşağıda qeyd olunan paylarla qeydiyyata alınmışdır; - 1/3 hissədə xx.xx.2018-ci il tarixdə, № ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına; - 1/3 hissədə xx.xx.2024-cü il tarixdə № ********** qeydiyyat nömrəsi ilə İddiaçı3 adına; - 1/3 hissədə xx.xx.2024-cü il tarixdə № ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına; İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********31 saylı cavab məktubunda göstərilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evi arxiv texniki pasport üzrə olan sahənin bir hissəsidir. Belə ki, çıxarışda qeyd olunan 192.4 kv.m paylı mülkiyyətdə olan sahə texniki pasporta əsasən 1-ci mərtəbədə olan 1, 2, 3, 7, 8 və 2ci mərtəbədəki 1, 2, 3, 4, 5 saylı sahələrə verilmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəflarindən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********51 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 69 ünvanı hazırda aşağıda qeyd olunan fiziki şəxslərin mülkiyyətlərindədir: 1) İddiaçı1-1/3 hissə; 2) İddiaçı3-1/3 hissə; 3) İddiaçı2-1/3 hissə. Məktuba əlavə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 69 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Fərdi yaşayış evinin ümumi sahəsi 192,4 kv.metr təşkil edir. Çıxarışda qeyd olunan 192,4 kv. metr paylı mülkiyyətdə olan sahə texniki pasportda olan 1-ci mərtəbədə olan 1,2,3,7,8 və 2-ci mərtəbədəki 1,2,3,4, 5 saylı sahələrə verilib. Vətəndaşda həmin sahələri əks etdirən ayrı texniki pasport mövcuddur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********72 saylı cavab məktubu ilə təqdim edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına İİİ ay 1993-cü ildə tərtib olunmuş texniki pasportdan görünür ki, faktiki torpaq sahəsi 161,7 kv. metr, tikinti altında olan 140,9 kv. metr, əlavə 20,8 kv metr təşkil edir. Fərdi yaşayış evi 1954-cü ildə mişar daşından inşa olunmuşdur. Hazırki texniki pasport xx.xx.1990-cı ildə verilmiş texniki pasport əsasında inşa edilmişdir. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edimiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”: 3.7. Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. 3.8. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron formada müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən müvafiq elektron imza ilə imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən elektron çıxarış (bundan sonra - dövlət reyestrindən elektron çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur. 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi: 2.0.2. Daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aiddir. 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifəsidir. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, iddiaçıların texniki pasport tərtib edilməsi tələb etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 69 (Yeni qaydalarla: AZ 1069, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, giriş 203) ünvanında yerləşən № **********69-10301 qeydiyyat nömrəli daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində mülkiyyət hüquqları (paylı) daşınmaz əmlakın reyestrində qeydə alınmaqla dövlət tərəfindən tanınmış və təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, qanunvericilik mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini texniki sənədlərdən fərqləndirmişdir. Doğrudur ki, daşınmaz əmlaka dair texniki sənədlər daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən edən və bunu əks etdirən texniki sənəddir. Qanunvericiliyin tələblərinə görə isə texniki pasport texniki sənədlərdən biridir. Qeyd olunmalıdır ki, texniki sənədlərin (hazırki halda texniki pasportun) verilməsi vətəndaşın iddia olunan daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması mənasını vermir. Çünki həmin sənəd daşınmaz əmlakın texniki göstəricilərini, yəni hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün, faktiki ölçüsünün və digər göstəricilərinin nə qədər olmasını əks etdirir. Hazırki iş üzrə iddiaçılar mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinə dair texniki pasportun cavabdeh tərəfindən tərtib olunmasını arzulayır. Cavabdeh isə texniki pasportun tərtib olunmasından imtina edir və bu halı onunla əsaslandırır ki, çıxarışda qeyd olunan 192.4 kv.m paylı mülkiyyətdə olan sahə texniki pasporta əsasən 1-ci mərtəbədə olan 1, 2, 3, 7, 8 və 2-ci mərtəbədəki 1, 2, 3, 4, 5 saylı sahələrə verilmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi texniki pasport – texniki sənəd hesab olunur. İstənilən halda, yəni vətəndaşın əlavə sahəyə münasibətdə hüquqmüəyyənedici sənədlərin olub-olmamasından asılı olmayaraq həmin əmlaka münasibətdə texniki pasportun tərtibi həyata keçirilməlidir. Çünki daşınmaz əmlaka dair texniki pasportun olmasından asılı olmayaraq şəxsin həmin əmlaka münasibətdə mülkiyyət hüquqları qeydiyyata alındığı zaman texniki pasportun mövcudluğuna deyil, onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılır. Məhkəmə hesab edir ki, hazırki halda hətta iddiaçının əlavə bitişik sahəyə hüquqmüəyyənedici sənədlərin olmaması belə texniki pasportun verilməməsi üçün əsas deyil. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsində tez-tez rastlanan “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə inzibati işlər üzrə təqdim olunan texniki pasportlardan görünür ki, cavabdeh öz iradə ifadəsi əsasında vətəndaşlara daşınmaz əmlakın həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki ölçülərini əks etdirən texniki pasportlar verir. Həmin hal, eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahənin ayrıca göstərildiyi plan və ölçü sənədləri üçün də xarakterikdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçılar məhz mülkiyyətlərində olan mənzilə dair texniki pasportun tərtib olunmasını arzuladığından və bu səlahiyyət Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən cavabdehə aid olduğundan, eyni zamanda çıxarışda qeyd olunan 192.4 kv.m paylı mülkiyyətdə olan sahə texniki pasporta əsasən 1-ci mərtəbədə olan 1, 2, 3, 7, 8 və 2-ci mərtəbədəki 1, 2, 3, 4, 5 saylı sahələrdən əlavə sahəni faktiki sahə kimi göstərilməsini xahiş etdiyindən, hazırki halda cavabdehin texniki pasportun verilməsindən imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Göründüyü kimi hazırkı iddia faktiki göstərilən sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı olmayıb, texniki sənəddə hüquqmüəyyənedici sənəd üzrə olan sahədən əlavə sahənin faktiki sahə kimi göstərilməsi ilə bağlıdır ki, həmin sahənin göstərilməsi nəinki hər hansı hüquq və mənafelərin pozulmasına səbəb olur, eyni zamanda vergi və s barədə iddiaçıların yaşayış sahəsinə dair ödəməli olduğu vergi məbləğinin və digər kommunal ödənişlərin ödənilməsinə münasibətdə dövlət maraqlarının realizəsinə xidmət edir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Uyğunsuzluğun mövcudluğu müəyyən edilsə də cavabdeh nəzərə almamışdır ki, cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyət hüquqları qeydə alınmış Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 69 (Yeni qaydalarla: AZ 1069, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, giriş 203) ünvanında yerləşən № **********69-10301 qeydiyyat nömrəli daşınmaz əmlak (fərdi yaşayış evi) dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev