Məhkəmə qərarları › İş №2-1(112)-9149/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9149/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9149/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əsassız olaraq verilməyən 87.5 kv.m yaşayış sahədən kəsilən 19.3 kv.m hissənin və 15 kv.m yardımçı hissənin kompensasiyası hər kv.m üçün 2200 (iki min iki yüz) manat müəyyən edilməklə, cəmi 34.3 kv.m üçün 75460 (yetmiş beş min dörd yüz altmış manat) pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 saylı evdə o və oğlu X1 ilə qeydiyyatdadırlar. Qeyd etdiyi ev söküntü ərazisinə düşdüyünə görə, Bakı şəhər İcra Hakimiyyətinin məsləhət bildiyi şəxsi ilə aralarında notarial qaydada alğı-satqı müqaviləsi bağlanaraq, evin bir hissəsini (68,2) kv.m 150300 manat qarşılığında satıb. Evin ümumi sahəsi 87.5 kv.m təşkil edir. Cavabdeh 64 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən təqdim edilmiş arayışa əsasən hesab edir ki, evin ümumi sahəsi 68.2 kv.m-dir. Bu isə yanlışdır. Tərəflərindən təqdim edilmiş "xxxx" MMC-nin verdiyi ekspert rəyi də bu faktı bir daha öz təsdiqini tapır. Ekspert rəyində artımın aparılması əksini tapır. Yaşayış sahəsi 19.3 kv.m hissəsi və yardımçı sahə olan 15 kv.m Bakı şəhər İcra Hakimiyyətinin məsləhət bildiyi şəxslə aralarında bağlanan alğı-satqı müqaviləsində nəzərə alınmayıb. Bununla bağlı oğlu X1 tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq, məhkəmənin 16 yanvar 2024-cü il tarixli İş № 2-1(112)-3238/2024 saylı qərardadına əsasən, iddiası əsassız olaraq mümkün sayılmamışdır. Oğlu tərəfindən Apellyasiya şikayəti verilib. Hazıra iş icraatdadır. Bundan əvvəl isə müvəqqəti xarakterli müdafiə tədbiri barədə oğlu X1 tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq, məhkəmənin 22 noyabr 2023-cü il tarixli iş 15(112)-490/2023 saylı qərardadına əsasən, ərizəsi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəflə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı və vəkili iddianın mümkün hesab edilərək mahiyyəti baxılıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əsassız olaraq verilməyən 87.5 kv. m yaşayış sahəmdən kəsilən 19.3 kv.m hissənin və 15 kv.m yardımçı hissənin kompensasiyası hər kv.m üçün 2200 (iki min iki yüz) manat müəyyən edilməklə, cəmi 34.3 kv.m üçün 75460 (yetmiş beş min dörd yüz altmış manat) pulun ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, aşağıdakı əsaslara iddia mümkünlük şərtlərini ödəmir: 1) İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı ilə iddia etdiyi daşınmaz əmlaka dair cavabdehlə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və kompensasiya ödənilmişdir. Belə olan halda, iddiaçı həmin daşınmaz əmlaka kompensaisya aldığı vaxtdan hüququ itirmiş, hər hansı subyektiv hüquqa malik deyildir; 2) İddiaçı iddia etdiyi əlavə sahəyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. İddiaçının iddia ərizəsində qeyd etdiyi "xxxx" MMC-nin verdiyi rəy hüquqmüəyyənedici sənəd sayılmır. MPM-in 81-ci maddəsinə görə (sübutların mümkünlüyü) qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 3) İddia tələbinin predmetini təşkil edən eyni məsələ ilə bağlı iddiaçının oğlu tərəfindən daha öncə iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli İş № 2-1(112)-3238/2024 saylı qərardadı ilə məsələyə hüquqi qiymət verilərək onun iddiası mümkünsüz sayılmışdır. Qeyd edilməlidir ki, həm iddiaçı, həm də oğlu eyni faktiki və hüquqi əsasa söykənərək hazırkı iddianı irəli sürürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar