Məhkəmə qərarları › İş №2-1(112)-915/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-915/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-915/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əliliyin bərpa olunmasına dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə ikitərəfli əyripəncəliklə doğulmuşdur. 2006-cı ildə H.X7 Mehriban xanım Əliyevanın göstərişi ilə Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sol ayağında “Zasepin” əməliyyatı aparılmışdır. Həmin vaxtdan 18 yaşınadək sosial müavinət və hər il dayaq-yeriş funksiyasının pozulması səbəbindən Bərpa Mərkəzindən üçün xüsusi sifarişlə ortopedik ayaqqabı almışdır. xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olması ilə əlaqədar Respublika Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xüsusi komissiyadan keçmişdir və “İkitərəfli baldır əzələlərinin atrofiyası və dayaq - yeriş funksiyasının pozulması” diaqnozu və ortopedik ayaqqabı ilə təmin olunma barədə arayış (xx.xx.2021-ci il tarixli № 2370/5007) verilmişdir. Binəqədi rayonu 35 saylı şəhər poliklinikası oğlunun sənədlərini onlayn qaydada Tibbi-Sosial Ekspert Komissiyasına göndərmiş, xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasından yanlış və natamam doldurulma, elektromioqrafiya müayinəsi səbəb kimi göstərilməklə imtina gəlmişdir. xx.xx.2021-ci il tarixdə Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nəzdində yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndəriş vərəqəsi ilə Bakı Sağlamlıq Mərkəzində elektromioqrafiya olunmuşdur. Bu elektrofizioloji müayinədə bilaterial tibial peronal sural sinirlər müayinə edilmişdir. Oradan “xronik nevroloji proses lehinə dəyərləndirilə bilər” nəticəsi verilmişdir. Bu arayışı o, 4 saylı DOST Xidmətinin nəzdində olan VTEK-ə təqdim etmiş və **********2 nömrəsi ilə sənədi aktlaşdırılmışdır. Ona bildirilmişdir ki, əlaqə saxlanılacaq. Üç ay keçməsinə baxmayaraq, onun müraciəti ilə əlaqədar heç bir xəbər olmayıb. O, X11 müraciət etdikdə onu yenidən əyani müayinədən keçəcəyini bildirdilər. Oktyabr ayında komissiya təşkil olunmadan yalnız Telman adlı bir həkimin ( soyadını ona deməkdən imtina etdilər) göz baxışı ilə müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli qərarına istinadən oğlunun əlillik dərəcəsi olmadığı şifahi şəkildə bildirililmişdir. Əgər onlar 2015-ci il qərarına istinad edirdilərsə, bəs oğluna 6 saylı Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2016-cı ildə növbəti 5 il üçün (xx.xx.2016-xx.xx.2021-ci ilədək) sosial müavinətin alınması barədə sənəd niyə verilirdi?! xx.xx.2021-ci il tarixdə ona Azərbaycan Pespublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3 heyətinin sədrinin müavini Mətanət Məmmədovanın imzası ilə cavab məktubu gəlmişdir ki, 35 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinin natamam doldurulması səbəbini əsas göstərərək elektron qaydada yenidən müayinə olunub göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti qiymətləndiriləcək. Sual olunur ki, bu Agentliyin onun iyun ayında elektromioqrafıya müayinədən keçməsi barədə təqdim etdiyi sənədin DOST Mərkəzində aktlaşdırılması haqqında niyə xəbəri yoxdur və niyə VTEK xx.xx.2021 ci il tarixli **********2 nömrəli aktın üzə çıxarılmasına etiraz edir? O, bu sualın cavabı ilə əlaqədar Reabilitasiya Agentliyinə gedərək Anar Bayramovun qəbuluna yazılmışdır. Bu yalnız formal xarakter daşıyır, heç kim Anar Bayramovun qəbuluna düşə bilmir. Ona özünü səlahiyyətli şəxs kimi təqdim edən bir nəfər bildirmişdir ki, həftənin ikinci günü, yəni noyabr ayının 2-də onu A.Bayramov qəbul edəcək. Bakı Sağlamlıq Mərkəzində oğlunun ayağının elektromiaqrafıya müayinəsinin cavabını elektron qaydada qeydiyyatda olduğu 35 saylı Poliklinika vasitəsilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsin. Noyabrın 3-də həmin sənədi elektron qaydada deyilən ünvana göndərmişdir. O, Agentliyə gedib A.Bayramovun onu niyə qəbul etmədiyini soruşduqda onu X8 Aqşin adlı şəxsin yanına göndərmişlər. Onun yanında Aqşin A.Bayramovun səlahiyyətli nümayəndəsinə telefonla zəng edərək, ona necə kömək edə biləcəyini soruşdu. Sonra onu oğlu ilə birlikdə İdarəyə dəvət etmişdir. O, Agentliyə zəng vurub kiminləsə danışmış və bundan sonra adını bilmədiyi bir həkimə oğlunu müayinə etmək üçün yönləndirilmişdir. Noyabr ayının 5-də Bərpa Mərkəzində 5 saat gözlədikdən sonra ayaqları şişmiş oğlunu 2 dəqiqəlik müayinə etmişər, onun sağlam olmadığını bildirərək ona əlillik verilməsinə imtina etmişlər. O, 18 dekabr tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə X9 Əliyevaya şikayət məktubu ilə müraciət etmiş, fevral ayının 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şöbə müdiri Xədicə xanım zəng edərək oğlu Mirseyidlə onu Ombudsmana ünvanladığı məktubla əlaqədar nazirliyə dəvət etmişdir. Xədicə xanımın qəbulunda tanımadığı daha başqa bir qadın da, vardı. Onlar oğlu Mirseyidi sorğu-sual etmişlər, ayağına baxmışlar. Xədicə xanım yanındakı xanıma onun ayağının həqiqətən qüsurlu olduğunu və ayaqqabı ilə təmin olunmasına bəlkə köməklik edək sualını verdikdə, adını bilmədiyi xanım nazirliyin işçisini cərrah kimi təqdim edib otağa dəvət etmişdir. Özünü təqdim etməyən həmin kostyumlu-qalstuklu “cərrah” ayağına baxıb:”- Niyə özünə əlillik adı qoyursan? Boylu-buxunlu oğlansan, gəl səni məşğulluq idarəsinə göndərək, işlə təmin etsinlər”,- dedi.O, həmin adama xüsusi ayaqqabı olmadan 3 saatdan artıq ayaq üstə dayana bilmədiyini, xüsusi ayaqqabı olmadığı üçün ayağının pəncəsinin dönərək deformasiyaya uğradığını bildirmiş, Xədicə xanım onun ayaqqabı ilə təmin olunması məsələsinə nazirlikdə baxılandan sonra şəxsən kömək edəcəyinə söz vermişdir. Amma əlillik statusunun bərpası barədə heç kim heç nə deməmişdir. Bu şəxslər bilmirlər ki, xüsusi ayaqqabı əlilliyi olan şəxslərə verilir? İki gündən sonra Xədicə xanım şəxsən ona zəng edərək bildirmişdir ki, söz verdiyi kimi ona kömək etməkdə acizdir, çünki oğlunun əlillik dərəcəsi olmadan ona xüsusi ayaqqabı vermək mümkün deyildir. İndi ona kim deyə bilər, əməliyyatdan sonra sinirləri pozulan, ayağındakı problemdən maddi və mənəvi əziyyət çəkən oğlu nə qədər səriştəsiz insanların göz müayinəsindən keçiriləcək, müalicə ala bilməməsi, hüquqlarının pozulması səbəbindən daha da ağır fəsadlarla ( onurğa sütununun deformasiyası və s.) üzləşəcək? Hal-hazırda da, oğlunun ortopedik ayaqqabısı olmadığı üçün ayağı deformasiyaya uğrayır və özünə qapanıb stress keçirməsinə səbəb olur. O, İİ Qarabağ müharibəsinin iştirakçısı, qazi qardaşı kimi çox xahiş edir ki, hüquqlarının qorunması, eləcə də, əlillik statusunun bərpasında ona köməklik göstərilsin. Əlilliyi ilə bağlı bütün sənədlərin kserosurətini və şəkilləri iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: İKi tərəfli anadangəlmə əyripəncəlik; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə: => DİGƏR: iki tərəfli anadangəlmə əyripəncəlik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar xromosom pozğunluqları => Q65-Q79 - Sümükəzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: İKi tərəfli anadangəlmə əyripəncəlik; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar..” səbəbi ilə 18 yaşınadək əlillik dərəcəsi verilmişdir. Bakı 35 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, Ekvino-varus əyripəncəliyi, İki tərəfiı anadangəlmə əyripəncəlik cərrahi əməliyyatından sonrakı vəziyyət, Residiv.Sol pəncənin ağır dərəcəli qalıq varus deformasiyası. Hər iki pəncənin rotasion(tışa)deformasiyası.İki tərəfli anadangəlmə birinci dərəcəli (h=26-27mm) yastıpəncəliyi. İki tərəfli baldır əzələlərinin atrofiyası. Dayaq və hərəkət (yeriş) funksiyasımn pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 35 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük- əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, İkitərəfli anadangəlmə əyripəncəlilik. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv. Sol pəncənin ağır dərəcəli qalıq varus deformasiyası. Hər iki pəncənin rotasion (tışa) deformasiyası. İkitərəfli anadangəlmə birinci dərəcəli (26-27 mm) yastıpəncəliliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazdan və ona əlavə edilmiş inzibati icraat materiallarından müəyyən edilmişdir ki: - iddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...: Diaqnozun mətni: İki tərəfli anadangəlmə əyripəncəlik; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə: => DİGƏR: İki tərəfli anadangəlmə əyripəncəlik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları] deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: İKi tərəfli anadangəlmə əyripəncəlik; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar..” səbəbi ilə 18 yaşınadək əlillik dərəcəsi verilmişdir. - Bakı 35 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, Ekvino-varus əyripəncəliyi, İki tərəfiı anadangəlmə əyripəncəlik cərrahi əməliyyatından sonrakı vəziyyət,Residiv.Sol pəncənin ağır dərəcəli qalıq varus deformasiyası. Hər iki pəncənin rotasion (tışa) deformasiyası. İki tərəfli anadangəlmə birinci dərəcəli (h=26- 27mm)yastıpəncəliyi. İki tərəfli baldır əzələlərinin atrofiyası. Dayaq və hərəkət (yeriş) funksiyasının pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. - Bakı 35 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük- əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, İkitərəfli anadangəlmə əyripəncəlilik. Cərrahi əməliyyatdan sonrakı vəziyyət .Residiv. Sol pəncənin ağır dərəcəli qalıq varus deformasiyası. Hər iki pəncənin rotasion(tışa) deformasiyası. İkitərəfli anadangəlmə birinci dərəcəli (26-27 mm) yastıpəncəliliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məhkəmənin 2-1(112)-7371/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X12-Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 519/2022 saylı ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyinə əsasən, 2003-cü il təvəllüdlü X4 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallarına uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində doldurulub xx.xx.2021 -ci. il tarixli göndərişi əsasında baxılmış göndərilmiş Forma TQS №-088-də qeyd edilmiş “X2: XVİ Sinif anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=>Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Ekvino-varus əyripəncəliyi, ikitərəfli anadangəlmə əyripəncəlilik, cərrahi əməliyyatdan sonrakı vəziyyət, residiv, sol pəncənin ağır dərəcəli qalıq varus deformasiyası, hər iki pəncənin rotasion (tışa) deformasiyası, ikitərəfli anadangəlmə birinci dərəcəli (26-27 mm) yastıpəncəliliyi” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator- instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEKdə müayinəsi zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Odur ki, onda olan əsas xəstəlik və ağırlaşmaları nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndinə aid etmək mümkün olmadı. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan müəyyən edilmişdir ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmi” səbəbi ilə onun müraciətindən imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsində keçirilmiş məhkəmə tibbi-ekspertizası zamanı İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən onda olan əsas xəstəlik və ağırlaşmaları nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də, xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndinə aid etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti təyin etməməsi, məhkəmə araşdırması zamanı da, məhkəmənin tələbi ilə ekspert əyani müayinə keçirilməklə bir daha öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar