Məhkəmə qərarları › İş №2-1(112)-9151/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9151/2021

30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9151/2021 30.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (Lənkəran rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı üçüncü şəxs qismində "xxxx" firması cəlb olunmaqla “cavabdehin Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49-7/21 saylı Qərarını ləğv etməklə "xxxx" firmasının adına qeydiyyata alınan 2015 00759 saylı, 2016 0305 qeydiyyat nömrəli “AZBETON” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49-7/21 saylı qərarının ləğv edilməklə "xxxx" firmasının adına qeydiyyata alınan 2015 00759 saylı, 2016 0305 qeydiyyat nömrəli “AZBETON” əmtəə nişanının qeydiyyatının ləğv edilməsinin Əqli mülkiyyət Agentliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.10.2014-cü il tarixli, 2014 1492 nömrəli və 24.10.2014-cü il tarixli və 2014 1493 nömrəli şəhadətnamələrə əsasən, "AZBENTONİT universal" sement və "AZBENTONİT standart" sement adlı əmtəə nişanları "xxxx" MMCnin (köhnə adı "xxxx" MMC) adına qeydiyyata alınmışdır. 2019-cu ildə "xxxx" Firmasının "AZBETON” adlı sement məhsullarını istehsal edərək inşaat bazarında satışa çıxarması müəyyən edilmişdir. Bu səbəbdən 06,19, 35-ci siniflər üzrə "AZBETON" adlı əmtəə nişanına dair hüquqların alınması üçün 21.02.2020-ci il tarixdə AR Əqli Mülkiyyət Agentliyinə iddia ərizəsi ilə müraciət edilmişdir. Əqli Mülkiyyət Agentliyinin "əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında" Qərarına əsasən, "AZBETON" nişanının 18.03.2016-cı il tarixdən etibarən "xxxx" Firmasının adına qeydiyyata alındığı üçün nişanın qeydiyyata alınması mümkünsüz hesab edilmişdir. Nişanların oxşarlıq təşkil etdiyinə və "AZBETON" əmtəə nişanının "xxxx" əmtəə nişanından 1 il sonra qeydiyyata alındığına əsaslanaraq məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına etiraz ünvanlanmış və "AZBETON" əmtəə nişanının qeydiyyatının ləğv olunması xahiş edilmişdir. Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49-7/21 saylı qərarı ilə etiraz təmin edilməmişdir. Apelyasiya şurası qərarının onunla əsaslandırmışdır ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" AR Qanunun 29-cu maddəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydiyya alınmışdırsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayılır. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" AR Qanunun 10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Bu səbəbdən də X1 zamanı daha öncə eyni və ya oxşar əmtəə nişanının iddia olunub-olunmaması, qeydiyyata alınıb-alınmaması nəzərə alınmalı və bu hallar olduğu təqdirdə sonradan iddia olunmuş eyni və ya oxşar əmtəə nişanı qeydiyyata alınmamalıdır. O cümlədən 24.10.2014-cü il tarixli, 2014 1492 nömrəli və 24.10.2014-cü il tarixli, 2014 1493 nömrəli şəhadətnamələrlə "xxxx" universal və "xxxx" standart adlı əmtəə nişanları "xxxx" MMC-nin (hüquqi varisi "xxxx" MMC) adına qeydiyyata alınmışdır. Həmçinin Əqli Mülkiyyət Agentliyinin "əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında" 08.04.2021-ci il tarixli Qərarından görünür ki, "AZBETON" əmtəə nişanı üçün "xxxx" Firması tərəfindən iddia ərizəsi sonrakı, yəni 30.10.2015-ci il tarixdə daxil olmuş, 18.03.2016-cı il tarixdə rəsmi bülletendə edilmişdir, (qeydiyyat nömrəsi: 2016 0305) "xxxx" və "AZBETON" əmtəə nişanlarını müqayisə edərkən təsviri hissələrindən görünür ki, əmtəə nişanları arasında əksər hərflər, şrift və rənglər eynilik təşkil edir. Həmçinin məhsulların qablaşdırılmasına diqqət yetirsək qablaşma kisələrinin üz qabıqlarının da bir-birindən fərqlənmədiyini müəyyən edə bilərik. Bundan başqa hər iki əmtəə nişanının ilk-iki hecası və digər növbəti hərf birləşmələri həm fonetik həm də qrammatik cəhətdən eynilik təşkil edir. Yuxarıda sadalanan halların hər biri "xxxx" Firmasının "xxxx" MMC tərəfindən istehsal olunan "xxxx" sement markasının tanınmasından sui-istifadə etməsinin bariz nümunəsidir ki, bu da istehsalçının hüquqlarının kobud şəkildə pozulması və istehlakçıları yanıltma məqsədi güddüyünü göstərir. Qeyd olunan əmtəə nişanı "xxxx" Firmasının adına qeydiyyata alınarkən bu xüsusatlar Əqli Mülkiyyət Agentliyi tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin diqqətinə çatdırılmalı olan digər hal ondan ibarətdir ki, “FORTİS GROUP" MMC, "xxxx" sement adlı məhsulu uzun illərdir ki istehsal edir və istehsal etdiyi məhsulu həm ölkə ərizisində həm də bir sıra xarici ölkələrdə lazımi şəkildə tanıtmışdır. Hazırda başqa müəssisə tərəfindən oxşar əmtəə ilə eyni növ, heç bir laborator yoxlamadan keçirilməmiş, daha aşağı keyfiyyətli məhsulun inşaat bazarına çıxarılması müəssisənin biznes fəaliyyətinə ciddi ziyan vurmaqla yanaşı işgüzar nüfuzuna da xələl gətirir. İkincisi, Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49-7/21 saylı Qərarında qeyd olunur ki, müəyyən edilmiş 5 illik iddia müddəti ötürüldüyündən etiraz təmin edilməməlidir. Bununla bağlı iddiaçı bildirir ki, "AZBETON" adlı sement məhsulunun istehsalı və satışı onlara 2019-cu ildə məlum olmuşdur. Belə ki, müştərilərdən gələn çoxsaylı şikayətlər və müraciətlər nəzərə alınaraq iddiaçı tərəfindən yoxlama keçirilmiş və bir sıra inşaat bazarlarında "AZBETON" adlı sement məshulunun satışda olması müəyyən edilmişdir. Məsələ ilə bağlı istehsalçının özünə bir neçə dəfə müraciət olunsa da münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. "AZBETON" əmtəə nişanı "xxxx" Firmasının adına rəsmi bülletendə 18.03.2016-cı il tarixdə dərc edilmişdir. Həmin əmtəə nişanının "xxxx" MMC-nin adına qeydiyyata alınması üçün 21.02.2020-ci il tarixdə Əqli Mülkiyyət Agentliyinə müraciət edilmiş, 29.03.2020-ci il tarixdə 250 nömrəli ödəniş tapşırığına əsasən ekspertizanın aparılması üçün dövlət rüsumunu ödənilmişdir. Əqli Mülkiyyət Agentliyinin "əmtəə nişanının qeydiyyata alınmasından imtina barədə" qərarı isə 1 (bir) il 2(iki) ay müddətdən sonra - yəni 04.04.2021- ci il tarixdə qəbul edilmiş, Bu səbəbdən də təbii olaraq etirazın göndərilməsi gecikdirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, İddiaçı 2020-ci il 21 fevral tarixində 2020 00346 nömrəli iddia sənədi ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində olan Patent və X1 Mərkəzinə müraciət edərək, “AZBETON" adlı əmtəə nişanının “06”, “19” və “35”-ci siniflər üzrə qeydiyyata alınmasını xahiş etmişdir. Agentliyin tabeliyində olan Patent va X1 Mərkəzinin 2020-ci il 13 noyabr tarixli “Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişinə və “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında" Qərarına əsasən, əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. Ekspertizanın həmin qərarı onunla əsaslandırmışdır ki, “ekspertizanın nəticəsinə uyğun olaraq Qanunun 6-cı maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan əmtəə nişanlarının əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən “Azbeton” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 19-ci sinfi üzrə qeydiyyata alınmasından imtina edilir. Ekspertiza zamanı, Azbeton nişanınn tərkibində beton söz işarəsi olduğundan, iddia edilən nişanın 06, 19 və 35-ci siniflər üzrə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Belə ki, Azbeton nişanı, yalnız 19-cu sinifdə “sement və beton” əmtəəsi ilə uyğun hesab edilir. Məhz bu səbəbdən Azbeton nişanının digər sinif əmtəələri üzrə də qeydiyyata alınması mümkün hesab edilməmişdir.İddiaçı MMC 2021-ci il 23 aprel tarixində Agentliyin Apellyasiya şurasına etirazla müraciət edərək, "xxxx" firmasının adına qeydiyyata alınan “AZBETON” əmtəə nişanına dair şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Agentliyin Apellyasiya şurası tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, əmtəə nişanının ƏXBT-nin 19-cu sinif: “sement” əmtəələri üzrə "xxxx" Firmasının (AZ1083, Bakı Şəh Qaradağ r-nu Sahil ŞTQ Emin Quliyev, ev 56 (AZ)) adına qeydiyyata alınması barədə qərar 2015-ci il 27 noyabr tarixində verilmiş (iddia sənədinin nömrəsi 2015 00753) və bu barədə məlumat rəsmi bülletendə 2016-cı il 18 mart tarixində dərc edilmişdir (qeydiyyatın nömrəsi 2016 0305). “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, “Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə müddətlər müəyyən edilmişdir ki, belə müddətlərin tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Odur ki, əmtəə nişanının (qeydiyyat nömrəsi 2016 0305) "xxxx" Firmasının adına qeydiyyata alınması barədə məlumat rəsmi bülletendə 2016-cı il 18 mart tarixində dərc edilmiş, İddiaçı tərəfindən etiraz ərizəsi isə Apellyasiya şurasına 2021-ci il 23 aprel tarixində verilmişdir. Bununla da, Fortis Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən etirazda ləğv edilməsi barədə müraciət edilən həmin qeydiyyatın “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş beş illik müddət ötürülmüşdür. Bu səbəbdən də, Agentliyin Apellyasiya şurası iş üzrə hər hansı araşdırma aparmadan etirazın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhz buna görə də, Agentliyin Apelyasiya şurasının 2021-ci il 02 iyul tarixli A49- 7/21 nömrəli qərarı ilə, qeyd olunanlara əsasən və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsini rəhbər tutularaq "xxxx" firmasına məxsus 2016 0305 qeydiyyat nömrəli əmtəə nişanının 19-cu sinif əmtəələri üzrə qeydiyyatına qarşı İddiaçı verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi iddia ərizənə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izаhаtlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 17.02.2014-cü il tarixli, 2014 1493 nömrəli əmtəə nişanı şəhadətnaməsindən görünür ki, "xxxx" MMC əmtəə nişanının sahibidir. Patent və X1 Mərkəzinin əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında 08.04.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı MMC-nin 21.02.2020-ci il tarixli iddia sənədi ilə “AZBETON” əmtəə nişanının 06, 19, 35-ci siniflər üzrə qeydiyyata alınmasının xahiş etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, ekspertizanın nəticəsinə uyğun olaraq Qanunun 6-cı maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan əmtəə nişanlarının əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən “AZBETON” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 19-cu sinfi üzrə qeydiyyata alınmasından imtina edilir. Azbeton nişanının tərkibində beton əmtəəsi olduğundan, iddia edilən nişanın 06, 19 və 35-ci siniflər üzrə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Belə ki, Azbeton nişanı yalnız 19-cu sinifdə sement və beton əmtəəsi ilə uyğun hesab edilir. Məhz bu səbəbdən Azbeton nişanının digər sinif əmtəələr üzrə qeydiyyata alınması mümkün hesab edilməmişdir. Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının 02 iyul 2021-ci il tarixli qərarında görünür ki, "xxxx" firmasına məxsus 2016 0305 qeydiyyat nömrəli “AZBETON” əmtəə nişanının 19-cu sinif əmtəələri üzrə qeydiyyatına qarşı İddiaçı MMC-nin Kommersiya Departamentinin drektoru tərəfindən verilmiş etiraz ərizəsi təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir: Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin 27.11.2015-ci il tarixli əmtəə nişanının qeydiyyata alınması haqqında qərarına əsasən “AZBETON” əmtəə nişanı "xxxx" firmasının adına qeydiyyata alınmışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasına 23 aprel 2021-ci il tarixdə qeydə alınmış əmtəə nişanına etirazında görünür ki, İddiaçı MMC Laçın-1” firmasının adına qeydiyyatda olan “AZBETON” əmtəə nişanının ləğv edilməsini xahiş etmişdir. Patent və X1 Mərkəzinin əmtəə nişanları sənaye nümunələri və coğrafi göstəricilər bülletenindən görünür ki, “AZBETON” əmtəə nişanı Laçın-1” firmasının adına 2016-cı ilin mart ayında rəsmi olaraq dərc olunmuşdur. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı MMC 21 fevral 2020-ci il tarixdə Patent və X2 Mərkəzinə müraciət edərək “AZBETON” əmtəə nişanının 06, 19 və 35-ci siniflər üzrə qeydiyyata alınmasını xahiş etmiş və onun müraciətinə cavab olaraq əmtəə nişanının qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı MMC 23 aprel 2021-ci il tarixdə Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasına müraciət edərək "xxxx" firmasının adına qeydiyyata alınan “AZBETON” əmtəə nişanına dair şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya Şurası “AZBETON” əmtəə nişanının "xxxx" firmasının adına qeydiyyata alınması barədə məlumatın rəsmi bülletendə 18.03.2016-cı il tarixdə dərc edildiyini İddiaçı MMC-nin 23.04.2021-ci il tarixdə müraciət etdiyini qeyd edərək iddiaçı tərəfindən beş illik mübahisələndirilmə müddətinin ötürüldüyünü əsas gətirərək, İddiaçı MMC-nin ərizəsini təmin etməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanununun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Həmin Qanununun 10-cumaddəsinə əsasən Əmtəə nişanının ilkinliyi bu Qanunun 9cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin Qanununun 16-cı maddəsinə əsasən ötürülmüş müddətin bərpası Bu Qanunun 15-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Apellyasiya şurasına etirazın verilməsi müddəti iddiaçı tərəfindən ötürüldükdə həmin müddət iddiaçının vəsatətinə əsasən və əlavə dövlət rüsumu ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. İşin faktiki hallarına əsasən, “AZBETON” əmtəə nişanının ƏXBT-nin 19-cu sinif: sement əmtəələri üzrə “Laçin-1 ” firmasının adına qeydiyyata alınması barədə qərar 2015ci il 27 noyabr tarixində verilmiş və bu barədə məlumat rəsmi büllətəndə 2016-ci il 18 mart tarixində dərc edilmişdir. İddiaçı etiraz ərizəsini isə Apellyasiya Şurasına 23 aprel 2021-ci il tarixdə vermişdir. Belə olan halda iddiaçı etirazda ləğv edilməsi barədə müraciət edilən həmin qeydiyyatın “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş beş illik müddət ötürülmüşdür. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.1.-ci bəndinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2-ci maddəsinin 2.0.2. bəndinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2-ci maddəsinin 2.0.3.-ci bəndinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin 67.1.-ci bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67-ci maddəsinin 67.2.-ci bəndinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunan normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, “AZBETON” əmtəə nişanı Laçın-1” firmasının adına 2016-cı ilin mart ayında rəsmi bülletendə dərc olunmuşdur. İddiaçı MMC həmin taixdən onun adına qeydiyyata alınmış "xxxx" əmtəə nişanı ilə “AZBETON” əmtəə nişanı müqayisə edib hər iki əmtəə nişanı arasında oxşarlığı müəyyən edib və istehsalçı kimi hüquqlarının pozulduğunu əsas gətirərək "xxxx" firmasının adına verilmiş “AZBETON” əmtəə nişanının ləğv edilməsi ilə bağlı müvafiq orqanına müraciət etməli idi. İddia ərizəsinə əlavə edilmiş və cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçı ilkin olaraq “AZBETON” əmtəə nişanının qeydiyyatının ləğv olunması üçün deyil, sözügedən əmtəə nişanının onun adına qeydiyyata alınması ilə bağlı 21.02.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Bundan başqa iddiaçı Əqli Mülkiyyət Agentliyinə “AZBETON” əmtəə nişanının onun adına rəsmiləşdirilməsi tələbi ilə 21.02.2020-ci il tarixdə müraciət etdiyi halda cavabdeh orqanın həmin müraciətə 04.04.2021-ci il tarixdə cavab verməsini əsas gətirib gecikmənin baş verdiyini və beş illik müddəti ötürdüklərini qeyd edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 21.02.2020-ci il tarixli müraciəti Laçın-1” firmasının adına verilmiş “AZBETON” əmtəə nişanının ləğv edilməsi ilə bağlı olmamış, eyni zamanda iddiaçının qeyd olunan əmtəə nişanının ləğv edilməsi tələbi ilə müvafiq orqana müraciət etməsi üçün heç bir maneə olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə məhkəmə iddiaçının beş illik müddəti ötürməsi səbəbindən "xxxx" firmasına məxsus 20160305 qeydiyyat nömrəli əmtəə nişanının 19-cu sinif əmtəələri üzrə qeydiyyatına qarşı İddiaçı MMC-nin etiraz ərizəsinin əsassız hesab edilməsi barədə cavabdehin 02 iyul 2021-ci ci il tarixli qərarını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49- 7/21 saylı qərarının ləğv edilməklə "xxxx" firmasının adına qeydiyyata alınan 2015 00759 saylı, 2016 0305 qeydiyyat nömrəli “AZBETON” əmtəə nişanının qeydiyyatının ləğv edilməsinin Əqli mülkiyyət Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının 02.07.2021-ci il tarixli, A49-7/21 saylı qərarının ləğv edilməklə "xxxx" firmasının adına qeydiyyata alınan 2015 00759 saylı, 2016 0305 qeydiyyat nömrəli “AZBETON” əmtəə nişanının qeydiyyatının ləğv edilməsinin Əqli mülkiyyət Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar