Məhkəmə qərarları › İş №2-1(112)-9155/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9155/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9155/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 63 yaşının tamam olduğu xx.xx.2023cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, 63 yaşı mart ayının 1-də tamam tamam olmuşdur. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər üzvi məhsullar zavodunda katibə-makinaçı, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər həmin zavodda nəzarətçi qəbuledici, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər laborant, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər sanitar-laborant, neftmaştikintinin TTQİ-1-də xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər, fəhlə, xx.xx.1994-cü ildən 01,10.2004-cü ilə qədər SHK-BOSS” firmasında corab istehsalı sexində rəis xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər “Universal-servis” firmasında sex rəisi, xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər Azərbaycan Türkiyə müştərək müəssisənin “Ahim” Sumqayıt filialında satıcı, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-də xadimə işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının əmək stajı 25 ildən çoxdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı həmin imtina məktubunu qanunsuz hesab edir. Belə ki, əmək kitabçasına əsasən iddiaçının ümumi əmək stajı 25 ildən çoxdur.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanan 27 mart 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçasının surətinə və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının sığorta stajı 17 il 5 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 2 ay 1 gün sığorta stajına uyğun olaraq 15901,61 manat, xx.xx.2014-cü il traixindən xx.xx.2015-ci il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 25,74 manat olmaqla, ümumilikdə 15927,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1 -dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildirilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixindən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan 25 il sığorta stajınız olmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, iddiaçı tərəfindən əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra iddiaçının sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunur ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) hazırki qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulan şərtlərlə Azərbaycan Respublikasının vətəndaşalrı ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1 -ci maddələrində qeyd olunur ki, 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan əmək kitabçasının surətinə və Mərkəzləşmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının ümumilikdə mübahisəsiz sosial sığorta stajı 17 il 5 av təşkil edir. İddiaçının əmək kitabçasında xx.xx.2006-cı ildən sonra işlədiyi qeyd olunmuş, lakin sığortaolunanların fərdi şəxsi hesabına əsasən iddiaçının adına məcburi sosial sığorta haqqı yalnız xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə (03 ay) ödənilməmişdir (sistemdən çıxarış əlavə olunur). Nəticədə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyi dövrlər tərəfimizdən mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sıqortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sıqortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci bəndinə görə, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən ayBiq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və va məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 02 ay 01 gün sığorta stajına uyğun olaraq 15901,61 manat, xx.xx.2006-cı il tarixdən sonra 25,74 manat olmaqla, ümumilikdə 15 927,35 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş müavinət təyin edilmişdir. Cavabdeh qeyd edir ki, iddiaçıya yaşa görə müavinət “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən təyin olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasının 1,0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları nəzərdə tutulmuşdur. Eyni zamanda “əmək qabiliyyəti olmayan şəxslər”-in yaşa görə sosial müavinət almaq hüququ həmin Qanunun 7.0.2-ci bəndinə əsasən (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) tənzimlənir. İstinad olunan Qanuna uyğun olaraq iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə müavinət təyin edilmişdir. Bundan başqa, Mərkəzləşmiş İnformasiya sisteminin sosial ödənişlər alt sistemində İddiaçı təyin olunmuş aylıq müavinət “yaşa görə müavinətlər” qrupunda əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1,5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İdddiaçıya xx.xx.2017-ci il tarixdə sosial müavinət təyin edildiyi üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.

5. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2004-xx.xx.2007-ci il tarixlərində “Universal-servis” firmasında, xx.xx.2007xx.xx.2014-cü il tarixlərində Azərbaycan X2 “Ahink” Sumqayıt filialında əmək fəaliyyəti ilə məşğul olmuşdur.

6. Sığorta olunan hesabından görünür ki, xx.xx.2006-cı il tarixdən sonra 2014-cü ilin noyabr ayından - 2015-ci ilin yanvar ayına qədər İddiaçı hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 2014-cü il üzrə 1 ay (dekabr) və 2015-ci il üzrə 1 ay (yanvar) olmaqla ümumi 25,74 manat pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxs xx.xx.2019-cu il tarixinədək sosial müavinət aldığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona 25 il güzəşt olunmaqla yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, dövlət reyestrində "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 10678 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Firmanın fəaliyyətinin xx.xx.2021-ci il tarixdən hazırkı dövrədək dayandırılması barədə qeyd aparılmışdır. "xxxx" Firması tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə ümumi hasilatının məbləği 265465,4 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə ümumi gəlirlərinin həcmi (xərclər çıxılmadan) 318211,34 manat təşkil etmişdir. Reyestrdə Ahink Azərbaycan-X1 xx.xx.1992-ci il tarixdə 09/6- 702 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur.

9. İş materiallarına əlavə olunmuş “sosial sığorta və fərdi uçota dair sənədlərin göndərilməsi haqqında” xidməti məktubda qeyd olunur ki, Universal servis firmasının iş qovluğunda olan 2005-2007-ci illərə aid hesabat məlumatlarının skan olunmuş surəti təqdim edilmişdir. Universal servis firmasının iş qovluğunun içərisində 2004-cü ilə aid hesabat məlumatları aşkarlanmamışdır. Bildirilir ki, Azərbaycan Türkiyə müştərək müəssisə “Ahink” Sumqayıt filialının iş qovluğunun içərisində 2007-2014-cü illərə aid hesabat məlumatları aşkarlanmamışdır.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubunda qeyd olunur ki, dövlət reyestrində hüquqi ünvanı Bakı şəhəri, Nizami küçəsi, 96/12 olmaqla xx.xx.1992-ci il tarixdə 09/6-702 nömrə dövlət qeydiyyatından keçmiş Ahink Azərbaycan-X1 xx.xx.1997-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Reyestrdə oxşar adlı və hüquqi ünvanı Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/31 olan Ahing Azərbaycan Türkiyə Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 175 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

16. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır.

17. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

18. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 17 il 05 aydır (əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumatlara əsasən).

19. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2006cı il tarixdən sonrakı dövrdür (istisna: xx.xx.2014-xx.xx.2015-ci il tarixlər). Mübahisəyə əsas olan hal isə xx.xx.2006-cı ildən sonra sığortaolunanların fərdi şəxsi hesabına əsasən iddiaçının adına məcburi sosial sığorta haqqının yalnız xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə (3 ay) ödənilməsidir. Nəticədə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyi dövrlər mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir.

20. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

21. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddinə çatmağını və ən az 25 il sığorta stajının olmasını əsas gətirmişdir.

22. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır və ona xx.xx.2017-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir.

23. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (2007-2014-cü illər) Azərbaycan-X2 “Ahink” Sumqayıt filialında işləməsi əmək kitabçasında öz əksini tapsa da, iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə təqdim məlumatlara əsasən, dövlət reyestrində xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatından keçmiş Ahink Azərbaycan-X2 xx.xx.1997-ci il tarixdə ləğv edilmişdir. Reyestrdə oxşar adlı Ahing Azərbaycan Türkiyə Birgə Müəssisəsi isə xx.xx.1994-cü il tarixdə 175 nömrə ilə dövlət qeydiyyatından keçmiş, lakin 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Odur ki, VÖEN-i olmayan müəssisənin qeyd edilən illərdə fəaliyyət göstərmiş olması ağlabatan və mümkün hesab edilmir.

24. Odur ki, Ahink Azərbaycan-X1 mövcudluğu təsdiq olunmadığından əmək kitabçasında iddiaçının həmin müəssisədə fəaliyyət göstərməsi ilə bağlı qeyd olunmuş dövr iddiaçının sığorta stajına daxil edilmir. Nəticədə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır, toplanmış pensiya kapitalı 15927,35 manat olmaqla tələb olunan pensiya kapitalından (40320 manat) azdır və qanunvericilikdə yaşa görə pensiya təyini üçün nəzərdə tutulan şərt iddiaçıya münasibətdə ödənmir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edildiyindən fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmasına baxmayaraq əmək pensiyalarına keçirilməsinə yol verilmir.

25. Belə ki, “Əmək pensiyaları haqqqında” Qanunundan: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

26. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

27. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

28. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

29. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” yoxdur və cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar