Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9155/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayonu X1 ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 20 dekabr 2005-ci il tarixli 386/5 nömrəli müqaviləyə əsasən Binəqədi rayonu, Goradil bağ massivində 5000 kv.metr sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırmaq məqsədilə X5 verilmişdir. 13 iyun 2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri X1 ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 386/5 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixində vəfat etmiş əri X5 Binəqədi rayonu, Göradil bağ massivində ayrılmış 5000 kv.m torpaq sahəsinin üzərindəki icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsinin üzərindəki icarə hüququnun 2500 kv.m hissəsini 32000 (otuz iki min) manata iddiaçıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsi bağlanmasına dair razılıq vermişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, “...qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdilm edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Nəzərinizə çatdırırıq ki, sənədlər toplusuna əlavə olunmuş xx.xx.2023cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdələrinə götürürlər. Odur ki, torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunacaq notarial alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X1 ərazisində, Görədil bağ massivində yerləşən, bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün xx.xx.2005-ci il tarixli 386/5 nömrəli müqavilə əsasında, həmin torpaq sahəsinin 2500 kv.m hissəsini icarə müqaviləsində göstərilən öhdəlikləri öz üzərində saxlamaqla 13 iyun 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən alınmış torpaq sahəsinə dair iddiaçının istifadə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X1 ərazisində Görədil bağ massivində yerləşən, bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün xx.xx.2033-cü il tarixə kimi icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 386/5 nömrəli müqavilə əsasında, həmin torpaq sahəsinin 2500 kv.m hissəsini icarə müqaviləsində göstərilən öhtəlikləri öz üzərində saxlamaqla 13 iyun 2023-cü il tarixli ilkin alqı-satqı nüqaviləsinə əsasən almışdır və hal hazırda da onun və ailə üzvlərinin istifadəsindədir. Ayrılmış ərazidə müqavilədə göstərilən şərtlərlə sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırılır, yaşıllıq və abadlıq işləri görülür, torpağın münbitləşdirilməsi, meyvə və bəzək ağacları əkilərək qulluq edilməsi istiqamətində aqrotexniki qaydalara əməl olunur. Bütün bu tədbirləri öz vəsaiti hesabına həyata keçirir, kommunal xidmətlər haqqını vaxtlı-vaxtında ödəyir və onunla bağlı heç bir problemi yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər digər fiziki şəxsin adınadır və iddiaçının adına qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı təqdim edilməmişdir. Həmçinin qeyd edilən torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddəti bitmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçülər və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 1825 kv.m təşkil etməklə torpaq sahəsi Göradil bağ massivində yerləşir. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Nəzərinizə çatdırırıq ki, sənədlər toplusuna əlavə olunmuş xx.xx.2023cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdələrinə götürürlər. Odur ki, torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim olunacaq notarial alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özgəninkiləşdirilə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində ayrılmış 2500 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində torpaq sahəsi üzərində istifadə hüququna dair çıxarışın verilməsini xahiş edir. Lakin qeyd edilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə ilkin alqı-satqı müqaviləsi və icarə müqaviləsi olmuşdur. İddiaçı tələbinin faktiki əsası kimi Binəqədi Bələdiyyəsi ilə arasında bağlanmış icarə müqaviləsinə istinad edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmaması və torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdilm edilməsinə istinad etmişdir. Həmçinin cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddətinin bitdiyini, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyini, torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçülər və konfiqurasiya uyğunsuzluğun olduğunu, (torpaq sahəsinin faktiki ölçüsü 1825 kv.m təşkil etməklə torpaq sahəsi Göradil bağ massivində yerləşir) bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmadığını və səlahiyyətli şəxs tərəfindən imzalanmadığını bildirmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.1-ci maddlərinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən normaların dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması (icarəyə verilməsi) nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına (icarəyə verilməsinə) dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Cavabdeh iddia tələbinə etiraz edərkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı məlumatın olmamasını göstərir. Məhkəmə sorğusuna əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış aktı) məhkəməyə təqdim edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi Bakı-Sumqayıt yolunun kənarında yerləşir. Bundan əlavə qeyd olunan hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Sözügedən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və torpaq sahəsinin icarəyə verilməsinə dair təqdim edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 386/6 nömrəli müqaviləsi Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Göründüyü kimi, normada qeyd edilən birinci şərtin olması sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin onun icarəsinə veirilməsinə dair müqavilənin təqdim edilməsi, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması qənaətinə gəlməyə əsas vermir. İddiaçı iddia ərizəsində və Binəqədi Bələdiyyəsi məhkəməyə təqdim etdiyi məktubunda torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin mülkiyyətində olmasını qeyd etsələr də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, Binəqədi Bələdiyyəsi tərəfindən ona ayrılmasını iddia etdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair sübutlar təqdim edə bilməmişdir. İddiaçı tələbinin faktiki əsası kimi, Binəqədi bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsinə və və torpaq sahəsinin yerləşməsini əks etdirən cizgi sxemə istinad edir. Cavabdeh yazılı etirazında təqdim edilən sənədlərin mötəbərliliyini mübahisələndirmişdir. Məhkəmə işin hallarının araşdırılması prinsipinə uyğun olaraq Binəqədi Bələdiyyəsinə torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin və s. barədə sorğu göndərilmişdir. Lakin bələdiyyə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda müəyyən edilir ki, göstərilən torpaq sahəsinin Binəqədi bələdiyyəsinin mülkiyyətində olması sübut olunmur. Qanunun 8.0.1-ci maddəsində qeyd edilən 2-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasından əlavə həmin torpaq sahəsinin ayrılmasına dair akt, qanunvericiliyin tələblərinə əsasən qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 3) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 4) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair müqavilə bağlanılır; 5) Torpaq sahəsinin ayrılmasına dair müqavilə torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. Baxılan işdən görünür ki, torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmamışdan əvvəl hər hansı bələdiyyə iclası keçirilməmiş, bu barədə qərar qəbul etməmişdir. İcarə müqaviləsi isə qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən özü-özlüyündə bələdiyə torpağına dair sərəncam verilməsini özündə ehtiva edən akt sayıla bilməz. Yuxarıda qeyd edildiyi kimi, kollegial orqan olan bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair aparılmış inzibati icraatın nəticəsində qəbul edilmiş qərar (inzibati akt) nəticəsində ayrılır. Müqavilə isə həmin icraatdan sonrakı torpaq sahəsinin alqı-satqı, icarə və s. hüquqlarla vətəndaşa verilməsini tənzimləyən və tərəflərin iradə ifadəsinə əsaslanan mülki hüquqi əqddir. Kollegial orqan olan bələdiyyə torpağı bir nəfərin iradəsinə əsaslanan və heç bir qurumda qeydiyyatı aparılmayan müqavilə əsasında torpaq sahəsinə dair sərəncam verilə bilməz. Məhkəmə Binəqədi bələdiyyəsi tərəfindən torpaq sahəsi icarəyə verilərkən bu şərtlərə əməl edilib-edilməməsinin müəyyən edilməsi, başqa sözlə Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilibedilməməsini müəyyən etmək üçün Binəqədi bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinin Bələdiyyərlə iş Mərkəzinə müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə bələdiyyə tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, icarəyə verilmiş torpaq sahəsinin Binəqədi bələdiyyəsinin mülkiyyətində olması sübut olunmamaqla yanaşı, bələdiyyə tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qanunvericliyin imperativ şərtlərinə də əməl edilməmişdir. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, iddiçaının istinad etdiyi ilkin alqı-satqı müqaviləsi mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Sadalanan normalardan göründüyü kimi, ilkin müqavilə ilə tərəflər gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əgər Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İddiaçı ilə Səmərqənd Əliyeva arasında ilkin müqavilə xx.xx.2023-cü ildə bağlanmışdır. Lakin iddiaçı əsas müqavilənin bağlanmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə bir sübut təqdim edilsə belə, hazırda iddia olunan torpaq sahəsi Səmərqənd Əliyevanın mülkiyyət və icarə hüququ təsdiq edilmir ki, sonuncu bu hüquqları iddiaçıya versin. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin Binəqədi bələdiyyəsinin mülkiyyətində olması, eyni zamanda həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılması sübuta yetirilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. İddiaçının torpaq sahəsinə hüququ təsdiq olunmadığından məhkəmə cavabdehin digər imtina əsaslarını araşdırmağa zərurət görmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9155/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9155/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver