Məhkəmə qərarları › İş №2-1(112)-9155/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9155/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9155/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2020-ci il tarixdən N () saylı hərbi hissədə gizir rütbəsində, Səyyar komanda məntəqəsinin Səyyar rabitə qovşağının telefon taqımının aparat rəisi vəzifəsində xidmət keçmiş və Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020ci il tarixli 015 nömrəli əmri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Tovuz, Şəmkir, Samux, Gəncə istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2021-ci il tarixli, 145 nömrəli əmr ilə raportuna əsasən şəxsi heyyət üzvlüyündən azad edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin komandirinin əmri əsasında “xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aparılan hərbi əməliyyarlar zamanı xidmətlərinə görə” xx.xx.2020-ci il tarixli Fəxri Fərman ilə tətlif olunmuşdur. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...Təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Tovuz, Şəmkir, Samux rayonları və Gəncə şəhəri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adi və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2014-cü il tarixdə Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Mingəçevir şəhərində yerləşən 708 saylı Hərbi Hissədə sıravi əsgər kimi 1 il 6 ay hərbi xidmət keçmişdir. xx.xx.2015-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri TTM-də gizir hazırlığı kursuna qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə gizir hazırlığı kursunu bitirib Hərbi Hava Qüvvələrində 408 saylı Hərbi Hissədə rabitəçi kimi xidmətini davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə təyinatı Mingəçevir şəhərində yerləşən 952 saylı Hərbi Hissəyə verilmişdir. xx.xx.2020-ci il tarixdə həmin Hərbi Hissə Komandirinin əmri ilə Tovuz rayonuna, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Respublikanın digər döyüş bölgələrinə ezam olunmuşdur. N nömrəli Hərbi Hissənin komandirinin xx.xx.2020-ci il tarixli Əmri ilə “27 sentyabr 2020-ci il tarixindən - 10 noyabr 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətlərinə görə” Fəxri Fərmanla təltif olunmuşam. xx.xx.2024-cü il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edib hərbi xidmətkeçmə müddəti barədə ətraflı arayış verilməsini xahiş etmişdir. 2-N-l307-1/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla ona cavab verilmişdir ki, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən onun xidməti və təltif olunmağı barədə araşdırma aparılması mümkün deyildir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edib Azərbaycan Respublikası Müdafiə Nazirinin 4 saylı, xx.xx.1998-ci il tarixli əmri ilə təsdiq olunmuş “Təlimat”ın tələblərinə əsasən ona "Müharibə Veteranı" adı və vəsiqəsi verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, 3-25-14/2-N-9xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla ona imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırğının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı və vəsiqəsi verilir. Əsasnamənin istinad olunan normasına görə İkinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdə olmuş hərbi qulluqçulara “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aşağıdakı əsaslar mövcud olmalıdır. 1.2.1. Ərazi meyarı uyğun olmalıdır (yuxarıda ərazilər sadalanmışdır); 1.2.2. Döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçen ezam olunmuş şəxslərə münasibətdə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır. İddiaçının iştirak etdiyi (xidmətdə olduğu) ərazilər Əsasnamədə qeyd edilən ərazi siyahısına daxil deyildir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3-25-14/2-N-9xxxx/2025 nömrəli məktubundan görünür ki, iddiaçının iştirak etdiyi ərazilər Tovuz, Şəmkir, Samux rayonları və Gəncə səhəridir. Göründüyü kimi, bu ərazilər Əsasnamədə adı çəkilən ərazilərə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) aid deyildir. Eyni zamanda iddiaçının təqdim etdiyi mövcud is materiallarından onun dövüs əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması faktı da müəyyən olunmamışdır. Odur ki, “ərazi meyarı”nın uyğun olmaması faktoru nəzərə alınmaqla, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın təqdim etdiyi imtina xarakterli cavab məktubu qanuni və əsaslı olmaqla, iddiaçının tələbinin rəddini şərtləndirir. Məhkəmənin həmçinin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının N nömrəli hərbi hissə komandiri tərəfindən təltif olunduğu “27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətlərinə görə” Fəxri Fərman həvəsləndirmə xarakterlidir. Belə ki, bu Fərman iddiaçının döyüş əməliyyatlarında və ya yuxarıda istinad olunan Əsasnamədə qeyd olunan ərazilərdə iştirakını müəyyən etmir (Fərmanda bununla bağlı qeydiyyat yoxdur; Fərman məhz 44 günlük Vətən müharibəsi dövründə iddiaçının xidmətlərinə görə həvəsləndirmə tədbiri olaraq təqdim edilmişdir). Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina edilmiş, lakin həmin məkubun iddiaçıya hansı tarixdə təqdim olunmasına dair hər hansı sübut yoxdur. Belə olan halda iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların şərhinə keçməzdən əvvəl məhkəmə diqqətə çatdırır ki, veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 –ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci abzasında isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə desək həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühim rol oynayır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarət olması və iddiaçının məhz Azərbaycan Hərbi Hava Qüvvələrinə aid hava hücumundan müdafiə bölməsi tərkibində hərbi qullquçu kimi xidmət etdiyi nəzərə alınmadan, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ezam olunduğu ərazilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə əsaslanaraq iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Halbuki, qeyd olunan Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məlumatlardan müəyyən olunur ki: “Meharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə Arayış-Məlumatdan müəyyən edilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə, gizir gütbəsində, Səyyar komanda məntəqəsinin Səyyar rabitə qovşağının telefon taqımının aparat rəisi vəzifəsində xidmət keçmişdir. Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri əsasında Tovuz, Şəmkir, Samux, Gıncəı istiqamədində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bölmələrin rabitə əlaqəsi ilə təmin olunmasında fəal iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 116 nömrəli Əmrindən çıxarışa əsasən gizir İddiaçı, Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanının 24 mart 2020-ci il tarixli 019 gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin Səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının telefon taqımının kompleks rabitə aparatxanasının aparat rəsi vəzifəsinə təyin edildiyinə görə xidmətinə davam etdirmək üçün N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilsin, 30 mart 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsin, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 344 nömrəli Əmrindən çıxarışa əsasən Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının 27 aprel 2020-ci il tarixli 0107 nömrəli əmrinin tələblərinə əsasən hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları 24 sentyabr 2020-ci il tarixindən N nömrəli hərbi hissədə qazan təminatına qoyulmuşlar.

7. gizir İddiaçı; Əsas: hərbi hissə komandirinin N nömrəli məktubu. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 408 nömrəli Əmrindən çıxarışa əsasən Hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçular 22 noyabr 2020ci il tarixdən N nömrəli hərbi hissənin qazan təminatından çıxarılsınlar, öz bölmələrinin ərzaq təminatına qoyulmuşlar.

2. gizir İddiaçı; - SKM Əsas: döyüş hazırlığı bölməsi rəisi mayor M.F.Bəşirovun raportu (dax.ol № N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 145 nömrəli Əmrindən çıxarışa əsasən Gizir İddiaçı Okfay oglu. Səyyar komanda məntəqəsinin səyyar rabj| qovşağının telefon taqımının kompleks rabitə apamlxanasının aparat rəisi, Müdafiə Nazirinin müavinı- X4 komandanının 08 may 2021-ci il tarixli 030 gr nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Bakı şəhən) stasionar rabitə qovşağının yazı məlumat ötürmə bölməsinin növbə rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 18 may 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətirq siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbı xidməti davam etdirmək üçün 95 nömrəli hərbi nissə komandirinin sərəncamına göndərilsin. Gizir İddiaçı, 2021-cı ıl üçün nəzərdə tutulmuş maddi yardımı ödənilib, 2021-ci ilin nöbəti məzuniyyətindən tam istifadə edibdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin muavini Hərbi Hava Qüvvələrinin komandanının 08 may 2021-cı il tarixli 030 gm nömrəli əmr (dax ol N16/) İş matereallarında olan “27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixədək aparılan hərbi əməliyyatlar zamanı xidmətinə görə” iddiaçı N nömrəli hərbi hissənin komandiri təfəfindən Fəxri Fərman ilə tətlif olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda məntəqəsinin nəzdində açılan hərbi avsiya tərkibində döyüş heyətinin tərkibində olmuş, döyüş təminatını digər növü olan rabitəçi kimi döyüş tapşırıqlarının icrasında iştirak etmişdir. Onun yerinə yetirdiyi tapşırıqlar öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adi və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar