Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9156/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X8, Səbail rayon Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə ona verilmiş Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbində mübahisəli torpaq sahəsinin faktiki sahəsinin 1169,72 kv.m təşkil etdiyi bildirmiş və buna görə iddia tələbini həmin hissədə azaldaraq 1169,72 kv.m qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddia tələbinin azaldılması barədə ərizəyə etiraz etmədiyi bildirmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə iddiaçıya verilmiş Salyan Şossesi 32 ünvanda yerləşən 1169,72 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə xx.xx.2022-ci il tarixdə müraciət edərək Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə ona Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq imtina verilmişdir. İddiaçı qeyd edir ki, Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə ona Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünü xx.xx.2014-cü ildə almış və torpağa dair bütün hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq əsassız olaraq xx.xx.2023-cü il tarixli imtina vermiş və imtinada göstərilmişdir ki, torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi təqdim olunmamış, 1200 kvm torpaq sahəsi faktiki olaraq 1169.72 kv.m olmuşdur və həmin torpaq sahəsi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə mübahisəsi mövcuddur, yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İddiaçı bildirir ki, cavabdehin qeyd etdiyi səbəblər onun mülkiyyət hüququnun tanınmasından imtina üçün əsas ola bilməz. İddiaçı həmin torpağı 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə Salyan Şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsini ona verildiyi tarixdən faktiki istifadə edir və sahiblik edir.
6. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşməklə dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi təqdim olunmamışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqısatqısına dair Akt təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsinin təqdim olunan sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki isə 1169.72 kv.m təşkil edir. Əlavə olaraq, torpaq sahəsinə dair digər şəxsin müraciətləri mövcuddur. Bununla yanaşı, qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 2-1(112)-4452/2022 nömrəli məhkəmə mübahisəsi mövcuddur, yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.
7. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, , İddiaçı Səbail rayon Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli 483 saylı qərarı ilə iddiaçıya verilmiş Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşməklə dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi təqdim olunmamışdır. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqısına dair Akt təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsinin təqdim olunan sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki isə 1169.72 kv.m təşkil edir. Əlavə olaraq, torpaq sahəsinə dair digər şəxsin (X8) müraciətləri mövcuddur. Bununla yanaşı, qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 2-1(103)- 248/2023 nömrəli məhkəmə mübahisəsi mövcuddur, yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Əlavə olaraq bildiririk ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9156/2023 saylı sərəncamında cavabdeh qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi” qeyd edilsə də, müvafiq sərəncama qoşma edilmiş iddia ərizəsində cavabdeh qismində “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubılik hüquqi şəxsi” qeyd edilmişdir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X6 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68- ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
9. Bakı şəhəri Səbail Bələdiyyəsinin 483 saylı, xx.xx.2005-ci il tarixli “Səbail rayonu ərazisində olan 1200 kv.m. torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsi barədə” Qərarına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir.
10. Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə 2005-ci il 27 dekabr tarixli 483 saylı qərar qəbul edilmişdir.
11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3076/14 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv metr olan torpaq sahəsinə dair torpaqğın plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Ərazi Şöbəsinə həvalə edilmişdir.
12. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli İş № 2 inz (81)-3076 saylı Qərarı ilə Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən yerləşən torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə olunmuşdur (torpaq sahəsinin ölçüsü 1169,72 kv.m qeyd olunmuşdur).
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı və X10) “çıxarışın verilməsi” iddia tələbi təmin edilmişdir. ünvan 4 ünvanda yerləşən “Köhnə bağ” sahələrində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə iddiaçıya ayrılan və hazırda sahibliyində və istifadəsində olan ünvan 6 ünvanda “Köhnə Bağ" sahələrində yerləşən torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibiheybət qəsəbəsi, Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələrindən X3 ayrılmış, lakin sərəncama əlavə olunmuş cizgidə ölçüsü göstərilməyən, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin cizgisi ilə **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X4 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 531 kv.m. torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Əgər torpaq sahələri üstüstə düşürsə, hansı hissədə və neçə kv.m. düşdüyü qeyd olunsun.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2022 saylı 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçı X3 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinənin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış ünvan 4 ünvanda “Köhnə Bağ” sahəsində yerləşən 940 kv.m. sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
16. Həmin iş üzrə keçirilmiş ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, X3 ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi heç kimin torpağı, o cümlədən cavabdehin imtinasında adıçəkilən və 3-cü şəxs qismində işə cəlb olunan şəxslərin (o cümlədən İddiaçı) topraq sahələri ilə üst-üstə düşmür. Bu səbəbdən də həmin 3-cü şəxslərin statusu apellyasiya baxışı zamanı ləğv edilmişdir
17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
22. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
27. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
28. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - İddiaçı ayrılmış torpaq sahəsinin mövqeyi müvafiq ərazinin xəritəsindən çıxarışla təsdiqlənmişdir (“Torpaq sahəsinin planı və ölçüsü” sənədi məhkəmə iclasında tədqiq edilmiş və notarial qaydada təsdiq edilmiş surəti iş materialarına əlavə edilmişdir); - Səbail rayonu ərazisində olan 1200 kv.m. torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsi barədə xx.xx.2005-ci il tarixli 483 nömrəli Qərarı əsasında Səbail Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və torpaqların alqı-satqısına dair akta əsasən torpaq sahəsinin müəyyən edilmiş dəyəri əvvəlcədən ödənilmişdir (sərəncamın və torpaqların alqı-satqısına dair əsli məhkəmə iclasında tədqiq edilmiş və surətləri iş materiallarına əlavə edilmişdir);
29. Məhkəmənin fikrincə, Torpaq sahəsinin planı və ölçüsü 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli İş № 2inz(81)-3076 saylı qərarı ilə tamamlanmaqla torpaq sahəsinə iddiaçının hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X17 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188). Belə ki, həmin məhkəmə qərarı ilə torpaq sahəsinin vaxtilə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi olmaqla “iddiaçının mülkiyyəti” olduğu müəyyən edilmişdir.
30. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “X6 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir...
31. Cavabdeh tərəfindən imtinanın əsaslarından biri olaraq torpaq sahəsinə dair digər şəxsin müraciətinin olması və qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsində 2-1(112)-4452/2022 nömrəli məhkəmə mübahisəsi ilə bağlı yekun məhkəmə aktının idarəyə daxil olmaması bildirilmişdir.
32. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 248/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı və X10) “çıxarışın verilməsi” iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq Qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1243 saylı 02 iyun 2023-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X4 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş - 531 kv.m. torpaq sahəsinin koordinatları “kadastr.az" portalı vasitəsilə müəyyən edilmişdi. X3 məxsus torpaq sahəsinin cizgisində qeyd edilmiş koordinatlarla naturada arasında cüzi koordinat fərgi mövcuddur. Eyni zamanda həmin 0,12 ha torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, X3 ayrılmış 0.12 ha torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşən 260 kv.m hissəsi çıxdıqdan sonra sərbəst olaraq yerdə 940 kv.m torpaq sahəsi qalır. İş üzrə ekspert rəyini verən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının (X8) iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş, 133 kv.m. və 130 kv.m. sahədən ibarət olmaqla ümumilikdə 236 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla X7, 532 kv.m. torpaq sahəsi isə İddiaçı məxsusdur, həmin torpaq sahələri iddiaçıya məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür, iddiaçıya məxsus 1200 kv.m. torpaq sahəsinin 260 kv.m hissəsi isə başqa fiziki şəxslərə məxsusdur ki, həmin şəxslərin də ad və soyadları ona məlum deyil, belə ki, bunu “kadastr.az" portalından müəyyən etmək mümkün deyildir. X7 və İddiaçı məxsus torpaq sahələri iddiaçınn torpaq sahəsindən aşağıda yerləşir. Beləliklə də, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, boş torpaq sahəsidir. Bununla da aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsi heç kimin torpağı, o cümlədən cavabdehin imtinasında adıçəkilən və 3-cü şəxs qismində işə cəlb olunan şəxslərin topraq sahələri ilə üst-üstə düşmür. Bu səbəbdən də həmin 3-cü şəxslərin statusu apellyasiya baxışı zamanı ləğv edilmişdir.
34. Odur ki, məhkəmə müəyyən edir ki, İddiaçı məxsus torpaq sahəsinin koordinatları üçüncü şəxs X5 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür və fərqli torpaq sahələridir.
35. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
36. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
38. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
39. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
41. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 1169,72 kv.m torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
42. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Səbail Bələdiyyəsi tərəfindən İddiaçı 1169,72 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir.
43. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.
44. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
45. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
46. Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
47. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
48. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir (əksi cavabdeh tərəfindən sübut edilməmişdir).
49. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
50. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
51. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
52. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
1. Q Ə R A R A A L D İ :
İddia təmin edilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 483 saylı Qərarı əsasında ayrılmış Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1169,72 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva