Məhkəmə qərarları › İş №2-1(112)-9156/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9156/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9156/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair i inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, **********37 nömrəli məktub ilə bildirmişdir ki, sözügedən mənzil sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ev 19, 1 otaqdan ibarət 31 kv.metr yaşayış sahəsi olan 25 nömrəli mənzil üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o “Bibiheybətneft” NQÇİ-də işləmişdir. İşlədiyi müddətdə o, xx.xx.1986-cı ildə mənzil uçotuna alınmış, lakin ona mənzil verilməmişdir. O, 2010-cu ildə mənzil uçotunda olduğu üçün mənzil verilməsi barədə ARDNŞ-nə müraciət etmişdir. Onların müraciətlərinə ADNŞ-nin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasında baxılmış, həmin iclasın xx.xx.2010-cu il tarixli, 9- №-li Protokolu ilə ona Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ev 19, 1 otaqdan ibarət 31 kv.metr yaşayış sahəsi olan 25 nömrəli mənzilin verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısı 20 dekabr 2011-ci il tarixli 286-№-li Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7- 4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29- 3752 BB saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyanın xx.xx.2011-ci il tarixli rəyini nəzərə alınaraq ona ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ev 19, 1 otaqdan ibarət 31 kv.metr yaşayış sahəsi olan 25 nömrəli mənzil verilmiş və o, ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılmışdır. Həmin vaxtdan da qeyd olunan mənzildə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənləri təkrarlayaraq iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, ünvan 1, 1 otaqdan ibarət 31 kv.m yaşayış sahəsi olan 25 nömrəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin Başçısının 286 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixində mənzilə texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin yaşayış sahəsinin faktiki ölçüsü 30.8 kv.m olmaqla 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Binanın konturundan kənar əlavə 21.2 kv.m sahə inşa edilmiş, beləliklə, ümumi sahəsinin faktiki ölçüsü 52.1 kv.m olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2010-cü il tarixli, 9 nömrəli protokolundan görünür ki, yaşadıqları Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, yaşayış sahəsi 33,48 kv.m. olan 2 otaqdan ibarət 21 nömrəli özəl mənzil nəzərə alınmaqla ünvan 1-da 1 otaqdan ibarət 31 kv.m. yaşayış sahəsi olan 25 nömrəli mənzil İddiaçı 6 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilmişdir: özü - İddiaçı, arvadı - X5, oğlu - X11, gəlini - X6, nəvəsi - X7, nəvəsi - X4. Prookola əsasən İddiaçı mənzil uçotundan çıxarılmış, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. - Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 286 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli, 9 saylı protokolu ilə mənzil verilmiş, mənzil növbəsindən çıxarılan işçilərin siyahısı təsdiq edilmiş, İddiaçı 6 nəfər ailə üzvü ilə ( özü, h/yoldaşı, oğlu, gelini və iki nəvəsi) yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, yaşayış sahəsi 33,48 kv.m. olan 2 otaqdan ibarət 21 saylı özəl mənzili nəzərə alınmaqla Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 19 saylı evin 1 otaqdan ibarət, yaşayış sahəsi 31,00 kv.m. olan 25 saylı mənzilin verilməsi qərara alınmış, İddiaçı ailəsi ilə birlikdə mənzil növbəsindən çıxarılmışdır: İddiaçı-1940-cü il təvəllüdlü – özü, X8-1950-ci il təvəllüdlü- h/yoldaşı, X11- 1972-cı il təvəllüdlü – oğlu, X9-1981-ci il təvəllüdlü- gəlini, X10-2003-cü il təvəllüdlünəvəsi, X4-2009-cu il təvəllüdlü - nəvəsi. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2024-cü il tarixli, 14-2/2- 4761/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 19 sentyabr 1986-cı il tarixdən SOCAR üzrə mənzil uçotuna götürülüb. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X21 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının 11 noyabr 2010-cu il tarixli 9 nömrəli protokoluna əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Y. Mürsəlov küçəsi ev 19da yaşayış sahəsi 31 kv.m olan 1 otaqlı 25 nömrəli mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, eləcə də sorğunuzda qeyd etdiyiniz mənzil bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. - 05.08.2024-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, daşınmaz əmlak ünvan 2 ünvanında yerləşir və hüquqmüəyyənedici sənəd üzrə (layihəyə əsasən) yaşayış sahəsi 31 kv.m, faktiki yaşayış sahəsi 30.8 kv.metr, ümümi sahəsi isə 52.1 kv.metr təşkil edir. Binanın konturundan kənar 21.3 kv.m əlavə sahə inşa edilmişdir. Mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. İddiaçı hazırda istifadəsinə verilmiş 25 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin iddiaçının 1986-cı ildən mənzil uçotunda olmasına əsasən verilməsini nəzərə almamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı xx.xx.1986-cı ildə mənzil uçotuna götürülmüş, lakin onun mənzillə təmin edilməsi yalnız 2010-cu ildə mümkün olmuşdur. Həmin dövrdə artıq yeni Mənzil Məcəlləsi qüvvəyə minsə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə gözlənti hüququ məhz 1986-cı ildən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı hələ xx.xx.1986-cı ildə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2010-cu ilədək o, iş yerindən mənzillə təmin edilməmişdir. Bu müddət ərzində onun mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2011-ci ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Yəni 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır, hansı ki, hazırda belə bir akt olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2011-ci il tarixli 286 nömrəli sərəncamını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin yazılı etirazından həmçinin bildirmişdir ki, mənzilin yaşayış sahəsinin faktiki ölçüsü 30.8 kv.m olmaqla 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Binanın konturundan kənar əlavə 21.2 kv.m sahə inşa edilmiş, beləliklə, ümumi sahəsinin faktiki ölçüsü 52.1 kv.m olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı hazırda əlavə inşa etdiyi sahəyə deyil, Səabil rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 286 saylı sərəncamı ilə ona verilmiş yaşayış sahəsi 31 kv.m olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır, buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 31 kv.metr olan 1 otaqlı 25 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar