Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9157/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 192 və 246 saylı 0.12 ha torpaq sahəsinə dair hüquqların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 17/310 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 192 saylı bağ sahəsi ona İddiaçı verilmişdir. Bu öz əksini həm də, Bakı Şin zavodu müdiriyyətinin zavod HİK-si və “Şinci’' Bağçılıq Cəmiyyəti İdarə Heyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı protokolundan 25 noyabr 1988-ci il tarixli çıxarışda tapmışdır. Həmin ünvanda yerləşən 246 saylı bağ sahəsində isə o, artıq 30 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 192 və 246 saylı bağ sahələrinin ayrılmasına dair sənədlər İdarənin arxivində tapılmamışdır. Hesab edir ki, imtina əsassızdır. Çünki, imtinaya əsas olmuş məqam onun iradəsindən asılı səbəb deyildir. Hesab edir ki, imtina məktubunda qeyd olunan məqamlar onun iradəsindən aslı olmamışdır. Ona görə də, ona məxsus olan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması mülkiyyət hüquqlarını pozur.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 229 saylı ümumi sahəsi 600 kv.m olan bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 229 saylı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən üzvlük kitabçasında bağ nömrəsi 229 qeyd olunmuşdur. Lakin, sözügedən bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 192 saylı bağ sahəsi qeyd edilmişdir. Belə ki, 192 saylı bağ sahəsi digər şəxsin (X2) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 192 və 246 saylı torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 246 saylı torpaq sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 600 kv.m təşkil edir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü iltairxli 3-21-3-30/2-R-0103-**********62 nömrəli məktuba əsasən İddiaçı adına “Şinçi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 192 və 246 saylı bağ sahələrinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Sözügedən bağçılıq yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 192 saylı bağ sahəsi qeyd edilmişdir. Həmçinin, surəti sorğuya əlavə edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur.
9. Bakı Şin Zavodu müdiriyyətinin zavod Həmkarlar İttifaqı və “Şinçi” bağçılıq cəmiyyətinin idarə heyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı protokolundan 25 noyabr 1988-ci il tarixli çıxarışa əsasən İddiaçı torpaq sahəsi 600 kv.m olan 229 saylı bağ yeri təyin edilmiş, İddiaçı düşən 192 saylı bağ yeri hər iki ailənin razılığına əsasən X4 verilmişdir.
10. İddiaçı “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən 229 saylı bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Üzvlük kitabçasında bağ sahəsinin ölçüsü 600 kv.m göstərilmişdir.
11. Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Şinçi” b/y-nın xx.xx.1988-ci il tarixli 2 saylı protokoluna əsasən İddiaçı məxsus 229 saylı bağ sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 210292 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. X6 kitabında xx.xx.2009-cu il tarixdə 6798 nömrə ilə üçota alınmışdır.
12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********79 3-21-3-30/2-19979/2023 nömrəli məktuba əsasən Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 17/310 saylı Qərarı və “Şinçi” b/y-nın xx.xx.1988-ci il tarixli 2 saylı protokolu ilə İddiaçın ayrılmış Zirə bağ massivi, 600 kv.m ölçüdə ayrılmış 229 saylı bağ sahəsinə dair Dövlət Torpaq və Kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 16798 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Şinçi” b/y-nın xx.xx.1988-ci il tarixli 2 saylı protokoluna əsasən İddiaçı 229 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinə dair keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü sənədi” də, tərtib edilmişdir. İddiaçı ilkin olaraq onun 192 və 246 saylı bağ sahələrinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəsə də, məhkəmə araşdırması dövründə sözgedən bağ sahələrinin ona ayrılmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd olması müəyyən edilmədiyindən, hətta həmin bağ sahələrinin hazırda digər fiziki şəxslərin mülkiyyətində olması müəyyən edildindən, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə edilərək onun 229 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən 229 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə protokoldan çıxarış və üzvlük kitabçası mübahisələndirilməmişdir. Sözügedən bağ sahəsinin iddiaçının adına qeydiyyata alınmasını istisna edəcək hər hansı bir dəlil, mülahizə məhkəməyə təqdim edilməmişdir.
23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 229 saylı, ümumi sahəsi 600 kv.m olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva