Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9158/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bərdə rayonunda qeydiyyatdadır, ixtisası mühasib, işləmir),cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbayxcan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1976-cı ildən 1996-cı il tarixə kimi Bərdə rayon S.Vurğun adına kolxozda işlədiyi illərin və 01.06.1997-ci ildən 16.09.2005-ci il tarixə kimi Bərdə rayon Həsənqaya kənd İcra nümayəndəliyində işlədiyi illərin sosial sığorta stajına hesablanaraq pensiyasının təyin olunması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1976-cı ildən 1996-cı il tarixə kimi Bərdə rayon S.Vurğun adına kolxozda işlədiyi illərin və 01.06.1997-ci ildən 16.09.2005-ci il tarixə kimi Bərdə rayon Həsənqaya kənd İcra nümayəndəliyində işlədiyi illərin sosial sığorta stajına hesablanaraq pensiyasının təyin olunması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 18.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bərdə rayonununda anadan olmuşdur. 1976-cı il tarixdən Bərdə rayon S.Vurğun adına Kolxozda əmək fəaliyyətinə başlamış və 1996-ci ilədək həmin kolxozda çalışmışdır. Bu haqda məlumatlar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxiv idarəsinin arxiv arayışında qeyd olunsa da əmək kitabçasında qeyd olunmamışdır. Bundan başqa iddiaçı 01.06.1997-ci ildən 16.09.2005-ci il tarixinə kimi Bərdə rayonu Həsənqaya kənd İcra nümayənədliyində baş mühasib vəzifəsində işləmişdir. Həmin işlədiyi illər iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmişdir. İddiaçı yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Sözügedən qurumdan 04 mart 2021 -ci il tarixli, **********7 saylı məktubla cavab verilmişdir ki, pensya təyin olunmasına əsas olmuş sənədlər baxılması üçün aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Tabeleyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı xx.xx.1959-cu ildə anadan olub, onun yaşa görə əmək pensiyası almaq hüququ 01.03.2021-ci ildə yaranmışdır. Cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı barəsində əlverişsiz inzibati akt qəbul olunmuşdur. Buna səbəb əmək kitabçasında qeyd olunmayan lakin Bərdə rayon Dövlət Arxivinin 68 saylı arxiv arayışı ilə təsdiq olunan 1976- 1996-ci illərdə Bərdə rayonu S.Vurğun adına kolxozda işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına əlavə edilməməsidir. Cavabdeh inzibati orqanın vətəndaş N.H.Mehdiyevə barəsində qəbul etdiyi inzibati akt əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 87ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.2. bəndinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır . Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1959-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 13 aprel 2021-ci il tarixli, **********6 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” haqqında məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01,07.2020-ci il tarixindən qadınların yaş həddi 62 yaş müəyyən edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2.1 -ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-də sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X6 Sisteminə daxil edilmiş məlumalara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Təqdim edilən 01,06.1997-ci il tarixində tərtib edilmiş əmək kitabçasında və BT № 046697 saylı təhsil haqqında diplomun surətinə əsasən iddiaçının sığorta stajı 01.01.2006-cı il tarixinə kimi 9 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilən 03.03.2021-ci il tarixli № 68 saylı arxiv arayışını təsdiq edən məhkəmə qərarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Bərdə regional “ASAN xidmət” mərkəzinə təqdim etdikdən sonra iddiaçının pensiya hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivinin 03 mart 202-ci il tarixli 68 nömrəli arxiv arayışında göstərilmişdir ki, sabiq S.Vurğun kolxozunun (AİM) 1976-1996-cı illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda işləyərək qazandığı əmək haqqı müvafiq illər üzrə qeyd olunmuşdur. Həmin arxiv arayışından müəyyən olunur ki, 1976-ci il üzrə adam günü norması – minimum norma əmək günü 120, 1977-ci il üzrə adam günü norması 124 minimum norma əmək günü 120, 1978-ci il üzrə adam günü norması 128 minimum norma əmək günü 120, 1979-cu il üzrə adam günü norması 150 minimum norma əmək günü 120, 1981-ci il üzrə adam günü norması 122 minimum norma əmək günü 160, 1982-ci il üzrə adam günü norması 315 minimum norma əmək günü 160, 1983-ci il üzrə adam günü norması 297 minimum norma əmək günü 160, 1984-ci il üzrə adam günü norması 198 minimum norma əmək günü 160, 1985-ci il üzrə adam günü norması 136 minimum norma əmək günü 160, 1986-ci il üzrə adam günü norması 286 minimum norma əmək günü 160, 1987-ci il üzrə adam günü norması 202 minimum norma əmək günü 160, 1988-ci il üzrə adam günü norması 210 minimum norma əmək günü 160, 1989-cu il üzrə adam günü norması 299 minimum norma əmək günü 160, 1990-cı il üzrə adam günü norması 301 minimum norma əmək günü 160, 1991-ci il üzrə adam günü norması 289 minimum norma əmək günü 160, 1992-ci il üzrə adam günü norması 311 minimum norma əmək günü 160, 1993-cü il üzrə adam günü norması 208 minimum norma əmək günü 160, 1994-cü il üzrə adam günü norması 314 minimum norma əmək günü 160, 1995-ci il üzrə adam günü norması 83 minimum norma əmək günü 160, 1996-cı il üzrə adam günü norması 6 minimum norma əmək günü 160. Belə ki yuxarıdakı arxiv arayışına əsasən, İddiaçı 1976-1996-cı illərdə S.Vurğun adına kolxozda işlədiyi müddət 17 il müəyyən olunur. 27 iyun 1981-ci il tarixli, BT 046697 nömrəli diploma əsasən İddiaçı 1979-1981-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi X2 təhsil almışdır. İddiaçıya məxsus 01.06.1997-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı 01.06.1997ci ildən 16.09.2005-ci il tarixədək Həsənqaya Kənd İcra nümayəndəsinin baş mühasibi vəzifəsində işləmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşin faktiki hallarına əsasən iddiaçının 2021-ci ilin mart ayında 62 yaşı tamam olmuş, onun təqdim olunmuş sənədlərinə əsasən işlədiyi illər nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı vardır. İddiaçının 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə arxiv arayışı eləcə də əmək kitabçası ilə təsdiq edilmişdir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən çox sığorta stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazında, arxiv idarəsinin sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti olmadığını bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.(4.1) Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosialhüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. İddiaçının təqdim etdiyi arxiv arayışı mötəbər sənəd olmaqla onun kolxozda işlədiyi əmək stajını təsdiq edir. Cavabdeh tərəfindən həmin arxiv arayışının saxta olması, onda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası mövcud qanunvericiliyin normalarına uyğun olmamışdır. İinzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı (01.03.2021-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9158/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9158/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver