Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9158/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə və kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ehtiyyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüşdür və hazırda da mənzil növbəsindədir. Buna görə də məsələnin müsbət həlli mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı ailə üzvləri X6, X8 və X9 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ona və ailə üzvlərinə kompensasiya ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci ildən xx.xx.2022-ci ilə kimi hərbi xidmətdə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində baş miçman vəzifəsində 22 il qüsursuz xidmət etmişdir. Ailəlidir və 2 övladı var. Hərbi xidmətdən xəstəliyi ilə bağlı tərxis edilmişdir. Hazırda xəstəliklə bağlı təqaüddədir. Təqaüddə olan hərbiçi kimi qeydiyyatda olduğu yaşayış yeri üzrə mənzil növbəsinə alınması ilə bağlı Müdafiə Nazirliyində növbədə olsa da, kirayədə qalır. Kirayə ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona xx.xx.2022-ci il tarxili məktub ilə imtina verilmişdir. Qeydiyyatda olduğu ünvan Müdafiə Nazirliyinə məxsus olan hərbi şəhərciyə aiddir, 2015-ci ildən qeydiyyata oraya düşmüş, 2015-ci ilə qədər isə ünvan 1də qeydiyyatda olmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərara qəbul edilməsini xahiş etdi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia iddiaçının mənzil uçotuna alınması ilə bağlı əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmaqla məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verdikdən sonra 30 gün müddətində, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnu müəyyən edir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. İşdən görünür ki, iddiaçının 15 ildən artıq hərbi xidmət müddəti mövcuddur. Belə ki, işdə olan iddiaçıya məxsus 00285094 nömrəli hərbi biletin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 1378 nömrəli məktubundan görünür ki, 1982-ci il təvəllüdlü istefada olan baş miçman İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək AR SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək AR SQ-da gizir (miçman) hazırlığı kursunda kursant, xx.xx.2003cü il tarixdən xx.xx.2022-cı il tarixədək AR SQ-da miçman qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixdən SHXÇDX-nın Binəqədi rayon idarəsində qeydiyyatdadır. HDQ Kom-nın xx.xx.2021-ci il tarixli 022gm saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə 22 ildən artıq hərbi xidmət müddəti olmuş, o, birinci şərti ödəmişdir. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında, xx.xx.2017-ci tarixdən hazıradək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Biləcəri-14 hərbi şəhərcik ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 2 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2022-ci il tarixli, 05/50/70 nömrəli arayışından görünür ki, iddiaçının ailə üzvləri arvadı- X6, qızı- X8 və oğlu- X5 ibarətdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, AZ-İ №282377 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X6 xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2013-cü il tarixli AZ-İİİ №047930 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü ildə doğulmuşdur. Valideynləri İddiaçı və X4r. xx.xx.2013-cü il tarixli AZ-İİ №142131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə doğulmuşdur. Valideynləri İddiaçı və X4r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı və onun ailə üzvlərinin adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X2 ünvan 4 ünvanında yerləşən 2 saylı mənzili xx.xx.2024-cü ilədək kirayəçi İddiaçı müvəqqəti istifadəsinə vermişdir. Beləliklə, işin sadlanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olmaması, iddiaçının kirayə götürdüyü mənzildə yaşadığı müəyyən olunur Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülməsi və hazırda mənzil növbəsində olmasına istinad etmişdir. İşdə olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 588 nömrəli məktubundan da görünür ki, iddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan baş miçman İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Lakin məhkəmə hesab edir ki, bu hal iddiaçıya imtina verilməsi üçün əsas deyildir. Belə ki, məktubda adıçəkilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri, 2-ci bəndinə görə bunun üçün dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiyanın yaradılması, 3.1-ci bəndinə əsasən siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakının, hərbi rütbəsinin, tutduğu vəzifənin xüsusiyyətlərinin, ailə üzvlərinin sayının, yaşayış şəraitinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, birincisi, yuxarıda istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Qanununda hərbi qulluqçunun sözügedən Fərmana əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına daxil olması eyni vaxtda ehtiyatda olan hərbi qulluqçunun yaşadığı yer üzrə mənzil növbəsinə alınmasına mane olan hal kimi nəzərdə tutulmamışdır. Həmçinin, əksinə Fərmanın özündə yerli icra hakimiyyətində mənzil uçotunda olan hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsini istisna edəcək və ya məhdudlaşdıracaq norma nəzərdə tutulmamışdır. İkincisi, MM-nin 53-cü maddəsində şəxsi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslar müəyyən edilmiş, həmin maddədə şəxsin digər əsasla uçota alınmasının imtina üçün əsas olması qeyd edilməmişdir. Bu, həmçinin MM-in şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması əsaslarını tənzimləyən 55-ci maddəsində də müşahidə olunur. Belə ki, həmin maddədə şəxsin digər bir əsasla uçota alınmasının onun uçotundan çıxarılması üçün əsas olması göstərilməmişdir. Üçüncüsü, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənzil sahəsi ilə təmin olunacağı təqdirdə bu hal onun birbaşa yerli icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotdan çıxarılmasına əsas yaradacaqdır, çünki mənzillə təmin olunduğu halda artıq şəxsin yaşayış sahəsinə ehtiyacı aradan qalxmış olur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina üçün dəlili əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının yaşayış sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələdə xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına görə ehtiyata və istefaya buraxılmış; -xəstəliyə görə ehtiyata və istefaya buraxılmış; -ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslər kompensasiya ödənilməli şəxslərə aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı baş miçman hərbi rütbəsinə malik olmaqla xəstəliyə görə ehtiyata buraxıldığından, həm Qanunda, həm də Nazirlər Kabinetinin Qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabit, gizir və miçmanlara mənzil kirayə xərcinin ödənilməsi nəzərdə tutulduğundan və bununla da iddiaçı hər iki normativ aktda qeyd olunan kateqoriya hərbi qulluqçulara aid olduğundan onun kirayə xərclərinin ödənilməsini barədə tələbi də əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.2ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı X6, qızı X8 və oğlu X9) ilə birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay İddiaçı və uçota alınmış ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova