Məhkəmə qərarları › İş №2-1(112)-9158/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9158/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9158/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən 30019 saylı xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsinin mərhum X9nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onun istifadəsində olan 6890a saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubla ona imtina cavabı verilmişdir. Göstərilən cavabla razı deyil, belə ki, bu onun Azərbaycan Respublikası vətəndaşı kimi konstitutsion hüquqlarını pozur. X16 onun əri olmuş, aralarında qanuni nikah mövcud olmuşdur. X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onların ailəsi şəhid ailəsi olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı nəticəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən 30019 saylı müqaviləyə əsasən onlara xx.xx.2007-ci ildə Sabunçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan, 6890 A saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi onların ailəsinin istifadəsində olmaqla tərəflərindən abadlaşdırılmışdır. Həmin bağ sahəsinə görə onlara müqavilə və idarə tərəfindən möhürlə təsdiq edilmiş sxematik plan verilmişdir. X9 vəfat etdikdən sonra o, Bakı şəhər 17 saylı Notariat Ofisinə müraciət etmiş və 30019 saylı müqaviləyə əsasən ona verilmiş Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 6890 A saylı bağ sahəsinə vərəsəlik şəhadətnaməsi alaraq bağın üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də, ona imtina cavabı verilmişdir. Verilmiş imtina ilə razılaşmadığı üçün yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmidir. Belə ki. 30019 saylı xx.xx.2007-ci il tarixli müqavilə BŞİH-nin Bağlar Təsərrüfatı və İnkişafı və İstismarı Birliyinin arxivində aşkar edilməsə də, Bakı şəhər İHB-nın Aparatının xx.xx.2022-ci il tarixli T- 29-112 saylı arxiv arayışından görünür ki, Ləhiş ərazisində yerləşən 6890A saylı bağ mərhum X9nun adına sənədləşdirilmişdir. Bundan əlavə, cavabdeh orqanın arxivinin qeydiyyat jurnalında mərhum ərinə bağ sahəsinin ayrılması qeyd edilmişdir. Onda yalnız müqavilənin surəti qalmışdır. Yuxarıda sadaladığı hallar bağ sahəsinin şəhid ailəsinə qanuna müvafiq qaydada ayrıldığını göstərir. Arxiv sənədlərində hansısa sənədin tapılmaması bir vətəndaş kimi onun hüquqlarını məhdudlaşdırmamalıdır. Bundan əlavə imtinada 30019 saylı müqavilə üzrə başqa bağın verilməsi göstərilsə də, həmin müqavilə üzrə verilmiş bağın 573a/2688 olmaqla onların bağlarının ərazisinə aidiyyatı yoxdur və həmin ərazidə yerləşmir. Bundan başqa bildirir ki, müqavilələr X13 tərəfindən verilmişdir və bir müqavilə nömrəsi ilə iki bağ sahəsinin verilməsi onlara məlum deyil və bu kimi məsələlər idarənin səlahiyyətindədir, onun tərəfindən yoxlanıla bilməz. Hesab edir ki, cavabdehin imtinası subyektiv mülahizələrə əsaslanaraq yazıldığı üçün əsassızdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə “6890A ” nömrəsi öz əksini tapmamışdır. İmtina bildirişində Birliyin bağlar üzrə sxematik xəritəsində 6890A saylı bağın olmaması onunla əsaslandırılır ki, sxematik planda 6889 saylı bağın yerində 6890 saylı bağ Çernobıl əlili X14 adına özəlləşdirilib, 6885 saylı bağın yerində şəhid ailəsi X3 adına olan 6889 saylı bağ özəlləşib. 6886 saylı bağın ərazisində isə şəhid ailəsi X7 adına olan 6889a saylı bağ sahəsi özəlləşib. 6883 saylı bağ sahəsi şəhid ailəsi X1 verilmişdir. Bu göstərilən bağlar hamısı 2006-cı ildə özəlləşdirilmiş və 6890a saylı bağın yeri boş olduğundan 2007-ci ildə həmin bağ sahəsi şəhid ailəsi kimi onlara 6890a nömrəsi ilə verilmişdir. Onların ərazidə verilən bağlar şəhid ailələrinə və əlillərə dövlətin onlara qayğısı nəticəsində ayrılmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin imtinasından sonra həmin idarədə vətəndaşların şikayətlərinə baxan komissiyanın qəbulunda olub yuxarıda göstərdiyi faktları təqdim etsə də, onların tərəfindən həmin faktlar nəzərə alınmayaraq araşdırılmamışdır. Hesab edir ki, cavabdehin əsassız imtinası ucbatından mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Əgər göstərilən bağ sahəsi sxematik xəritəyə uyğun gəlməsəydi bu günədək bağ sahəsinin kənar şəxslərin bağ sahələri ilə kəsişməsi aşkar edilər və nəticədə ona qarşı üstə-üstə düşmə faktı ilə bağlı mübahisə mövcud deyil. İşin mübahisəsiz halları ondan ibarətdir ki, göstərilən torpaq sahəsi yuxarıda istinad olunan müqavilə əsasında onlara ayrımışdır. Müqavilənin həqiqiliyi dövlət orqanının vermiş olduğu arxiv arayışı ilə təsdiq olunur. Göstərilən torpaq sahəsi naturada mövcuddur. Hesab edir ki, cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur və iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı X8 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Ləhiş qəsəbəsində yerləşən “6890a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X15 bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİH-nin X2 və İstismarı Birliyinin xx.xx.2007-cı il tarixli, 30019 saylı müqavilə idarənin arxivində aşkar edilməmişdir. Təqdim edilən müqavilə surətdir. Həmçinin, nəzərə çatdırmaq istəyirlər ki, BŞİH-nin X2 və İstismarı Birliyinin(eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsi aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyil.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********17 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəflərindən təqdim edilən X15 aid bağ sahəsinin istifadəyə verilməsi haqqında BŞİH-nin X2 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 30019 saylı müqavilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi və həmin müqavilənin surət olduğu müəyyən edilmişdir. Həmçinin nəzərə çatdırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyinin (eyni nömrəli) 30019 saylı müqaviləsi ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan bağ sahəsi aşkar edilmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən tərəflərindən göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir.

8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********61 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətiniə **********88 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır.

9. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli 919 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X8 qalmış miras əmlaka (Bakı şəh, Sabunçu ray, Ləhiş bağ sahəsi 6890a saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X12 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı oğluna və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.

10. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və X17 ərazisində 6890 a nömrəli bağın istifadəyə verilməsi haqqında 30019 saylı 21 may 2007-ci il tarixli müqaviləyə əsasən, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 6890 a nömrəli bağ sahəsi X12 istifadəsinə ayrılmışdır.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2-20385/2023 **********85 nömrəli cavab məktubuna əsasən, X6 mülkiyyətində olan Ləhiş bağ sahəsi 6889 saylı və X14 mülkiyyətində olan 6890 saylı bağ sahəsinə, həmçinin keçmiş X2 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahələrinə diar sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6890 A saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Təqdim edilmiş sənədlərdə keçmiş X2 və İstismarı Birliyinin 30019 saylı müqavilə ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsinin nömrəsinin 573 a/2685 olması müəyyən edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli 3-52/2-3018/2023 nömrəli arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 218 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncama əsasən X2 və İstismarı Birliyinin 04 nömrəli xx.xx.2007-ci il tarixli “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” protokolu təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.21. Ləhişdəki 6890 a nömrəli bağ – X15.

ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İşin hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin bir sıra vətəndaşların, o cümlədən iddiaçının mərhum X9na 6890 a saylı bağ sahəsinin ayrılması barədə X2 və İstismarı Birliyinin 04 nömrəli xx.xx.2007-ci il tarixli protokolu Bakı şəhər İcra Hakimiyyəti Başçısının 218 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bundan sonra H.Alıyev ilə bağın istifadəyə verilməsi haqqında 30019 saylı 21 may 2007-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçının mərhum əri vəfat etdiyindən o, vərəsəsi kimi, mərhum ərinə məxsus hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir.

23. Cavabdeh tərəfindən iddiaçının mərhum əri ilə bağlanılmış bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilənin surət olması və həmin müqavilənin İdarənin arxivində aşkar olunmaması və eyni müqavilə ilə başqa şəxsin adına başqa bağ sahəsinin qeydiyyatdan keçməsi əsas gətirilməklə mübahisələndirilmişdir.

24. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. Məhkəmə araşdırması zamanı sözügedən dəlillərin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri ilə bağlanılmış bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə surət olmuş və həqiqətən müqavilənin surəti İdarənin arxivində aşkar olunmamışdır. Belə olan təqdirdə, mötəbərliyinə əsaslı şübhələr olan müqavilənin mötəbərliliyinin müəyyən edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə müvafiq olaraq cavabdeh orqan tərəfindən müstəqil şəkildə və öz hesabına onun mötəbərliliyinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. Həmin halları nəzərə alaraq məhkəmə sözügedən Qanunun müvafiq müddəasının tələblərinə müvafiq olaraq müqavilənin mötəbərliliyinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət etmiş və daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçının mübahisələndirdiyi bağ sahəsi onun mərhum ərinə qanuni əsaslarla (Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına və X10 və İstismarı Birliyinin protokoluna əsasən) ayılmışdır və beləliklə müqavilənin mötəbərliyi toplanmış sübutlarla təsdiq edilmişdir.

26. Digər tərəfdən cavabdeh imtinasında, eyni müqavilə ilə başqa şəxsin adına başqa bağ sahəsinin qeydiyyatdan keçməsi və iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmamasını əsas gətirsə də, həmin bağ sahəsi iddiaçının mərhum ərinə məxsus bağ sahəsi ilə üst-üstə düşmür və bağ sahələrinin nömrələri tamamilə fərqlidir. Hətta eyni sıra nömrəsi ilə belə başlamırlar və müqavilələrin bağlanma tarixləri də, fərqli illərdə olmaqla eyni ildə deyil. Belə olan halda, İdarənin arxivində mövcud olan hər hansı bir müqavilənin nömrəsi ilə iddiaçının mərhum əri ilə bağlanmış müqavilənin nömrəsinin eynilik təşkil etməsi və eləcə də, bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə mövcud olmaması iddiaçının təqsiri kimi qiymətləndirilə, onun hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.

27. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının mərhum ərinə məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

31. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X12 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

32. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

33. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

34. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

35. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 0.12 ha təşkil edən 6890 A saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X15) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar