Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-916/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı (VÖEN **********) əsassız hesablanmış 2340,60 manat borcun İddiaçı şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********010700 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Fəaliyyət göstərdiyi müddətdə tələb olunan dövlət ödənişləri vaxtında ödənilmişdir. 2020-ci ildən fəaliyyətini dayandırmış və tərəfindən vergiyə cəlb olunmalı hər hansı bir əməliyyat aparılmayıb. Buna baxmayaraq onun şəxsi hesabında ********** saylı VÖEN üzrə 2340,60 manat borcum olduğu göstərilir. Həmin borcun nə vaxt, hansı əsasla yarandığı barədə onda heç bir məlumat yoxdur. Bu barədə məlumat almaq və əsassız hesablanmış borcun silinməsi ilə əlaqədar ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin **********979900 saylı məktunda göstərilir ki, guya onun tərəfindən 2020-ci ildə yük gömrük bəyannaməsi üzrə idxal əməliyyatları olmasına baxmayaraq gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Yuxarıda qeyud etdiyi kimi tərəfindən 2020-ci ildə vergiyə cəlb olunmalı hər hansı bir əməliyyat həyata keçirilməyib.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********010700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2020-ci il üçün 1.246,86 manat gəlir vergisi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iqtisadi göstəricilərin olmasına baxmayaraq bəyannamə göstəricisiz təqdim edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış 2340,60 manat borcun İddiaçı şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbi dəqiqləşdirilmiş və **********010700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Təqdim edilən “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 24200.00 manat az əks etdirilmişdir. Yaranmış kənarlaşmalar ilə əlaqədar cəmiyyətə xx.xx.2023-cü il tarixli **********382500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir, müvafiq dövr üzrə dəqiqləşmiş bəyannamə və təsdiqedici sənədələrin təqdim edilməsi bildirilmişdir. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və dəqiqləşmiş bəyannamə təqdim edilmədiyindən 2020-ci il gəlir vergisi üzrə 1246,85 manat vergi hesablanmış və bu barədə vergi ödəyicisinə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********010700 saylı Qərar göndərilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
10. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
11. Cavabdeh iddianın mümkün sayılmaması barədə təqdim etdiyi xx.xx.2024-cü il tarixli vəsatətdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli **********010700 nömrəli qərar həmin tarixdə iddiaçıya göndərilmiş və iddiaçı həmin qərarı xx.xx.2024-cü il tarixdə saat 12:15-də oxumuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək xx.xx.2023cü il tarixli **********010700 nömrəli qərarı mübahisələndirmişdir. Cavabdehin bu mövqeyinə görə iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin iş materiallarında xx.xx.2023-cü il tarixli inzibati aktın göstərilən qaydada çatdırılmasına dair hər hansı sübut yoxdur. Həmçinin iddiaçı pozulmuş hüquqların bərpası barədə iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir.
13. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********010700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2020-ci il üçün 1.246,86 manat gəlir vergisi hesablanmışdır.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyriyaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
16. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasınının 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaların” 1.5-ci bəndinə əsasən fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
18. Məhkəmə araşdırması zamanı iddiaçıya mübahisələndirilən qərarla vergi hesablanmasına əsas olan əməliyyatların iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının özünə məxsus olan 2 ədəd nəqliyyat vasitəsini satması sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. İddiaçı özünə məxsus olan nəqliyyat vasitələrini satarkən qanun və müqavilə əsasında malik olduğu mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququnu realizə etmişdir. Bu aktların icrası zamanı iddiaçı hər hansı gəlir əldə etmək məqsədi daşımamışdır. Vergi orqanı tərəfindən də bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı gəlir əldə etmək məqsədilə deyil, qanun əsasında ona verilən hüquqlardan öz şəxsi məqsədilə istifadə etmişdir. Həmin hüquqların icrası qanunun tələblərinə riayət edilməklə icra edildiyi üçün vergi orqanının mübahisələndirilən qərarı qanunsuz olmuşdur.
19. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********010700 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva