Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9160/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi öhdəliyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 1977-1978-ci il tarixlərində Azərbaycan Respublikası Kürdəmir rayonu 115 №-li peşə məktəbində qaynaqçı sənəti üzrə təhsil almışdır. 1978-1980-ci il tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmətdə xidmət etmişdir. 1981-1984-cü il tarixlərində Azərbaycan Respublikası Zaqatala Politexnik Texnikumda, sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. HT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1984-cü ildən əmək fəaliyətinə başlamışdır. Əmək fəaliyyətinin əsas hissəsi xx.xx.1984-xx.xx.2002-ci il tarixlərində Bakı Mühəndiz Tikinti Trestində “Bənna” vəzifəsində çalışmışdır. Bu müəssisədə 15 il 10 ay sosial sığorta əmək stajı olmuşdur. Ümüumi iş stajı isə 25 il, 3 ay, 19 gündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR-sı qanununa əsasən əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması, bir növünüdən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə rəsmi müraciət etsə də, müraciətə imtina edilmişdir. 3.Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalarf’na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) fəhlələr yarımbəndində (a) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" MMC-nin 7 mart 2024-cü il tarixli 1 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləməyinə aid hər hansı məlumat göstərilməyib.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 22 il 1 ay 12 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 3 ay 12 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 ay) təşkil edir. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin 60 yaşının tamamlandığı xx.xx.2020-ci il tarixinə xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15377,33 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 1151,77 manat olmaqla cəmi pensiya kapitalı 16529,10 manat təşkil edir. Eyni zamanda bildirilir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi xx.xx.2020-ci il tarixinə qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablanmışdır.
5. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 02181 nömrəli Attestata əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR 115 №-li Kürdəmir kənd texniki peşə məktəbində elektrik qaynaqçısı sənəti üzrə təhsil almışdır.
6. İş materiallarına əlavə olunmuş JQ-011047 nömrəli Diploma əsasən İddiaçı 1981-ci ildə Azərbaycan SSR Ali və orta ixtisas Təhsili Nazirliyinin Zaqatala politexnik texnikumuna daxil olmuş və 1984-cü ildə “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona inşaatçı-texnik ixtisası verilmişdir.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) ThTTS-ində xx.xx.1984-cü ildə 10/0 №-li əmrlə bənna ixtisasına təyin edilmiş, xx.xx.2002-ci ildə 03 №li əmrlə işdən aza edilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 15 il 10 ay təşkil edir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bəndinə və 2290000a-12680 vəzifə koduna uyğundur.
8. İddiaçı məxsus əmək kitabçası iş materiallarına əlavə olunmuşdur.
9. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
10. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi və bildirdi ki, iddiaçının 1981-1984-cü il tarixlərdə aldığı peşə təhsilinin əyani formada olması ilə bağlı şübhələr olduğu üçün ümumi staja daxil edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
14. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.
12. Cavabdeh orqan iddiaçının kifayət qədər iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının ümumi iş stajını 22 il 1 ay 12 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) hesablamışdır.
13. Cavabdeh orqan tərəfindən iddiaçının ümumi əmək stajı hesablanarkən 1981-1984-cü il tarixlərində Zaqatala potexnik texnikumunda təhsil aldığı müddət nəzərə alınmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin izahatına əsasən iddiaçının 1981-1984-cü il tarixlərdə aldığı peşə təhsilinin əyani formada olması ilə bağlı şübhələr olduğu üçün ümumi staja daxil edilməmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iş materiallarına əlavə olunmuş JQ-011047 nömrəli Diploma əsasən İddiaçı 1981-ci ildə Azərbaycan SSR Ali və orta ixtisas Təhsili Nazirliyinin Zaqatala politexnik texnikumuna daxil olmuş və 1984-cü ildə “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona inşaatçı-texnik ixtisası verilmişdir.
15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının təhsil sisteminə əsasən texnikumlarda (kolleclərdə) qiyabi təhsilin mövcud olmamasını nəzərə alaraq iddiaçının 1981-1984-cü il tarixlərdə peşə təhsili aldığı dövrün onun ümumi staja daxil edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni hesab edilə bilməz.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
17. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) ThTTS-ində xx.xx.1984-cü ildə 10/0 №-li əmrlə bənna ixtisasına təyin edilmiş, xx.xx.2002-ci ildə 03 №li əmrlə işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 15 il 10 ay təşkil edir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bəndinə və 2290000a-12680 vəzifə koduna uyğundur.
18. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
19. Odur ki, məhkəmə qeyd edir ki, işəgötürən güzəştli arayışda vəzifə kodunu (2290000a- 12680) konkret göstərməklə iddiaçının xx.xx.1984-xx.xx.2002-ci il tarixlərində güzəştli şərtlərlə iş şəraitində çalışdığını (15 il 10 ay) təsdiq etmişdir.
20. Qüvvədən düşmüş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli, 320 saylı Qərarı: 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a a) fəhlələr 2290000a—12680 bənna briqadalarında və kompleks briqadaların xususi bənna manqalarında daim işləyən bənnalar
21. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu ilədək azı 15 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Lakin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən qeyd edilən tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli pensiya kapitalının mövcudluğu zərurdir.
22. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən qeyd edilən tarixə iddiaçının 60 yaşı tamam olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır.
23. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən məhkəmə əlavə olaraq xx.xx.2022-ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasını zəruri hesab etmir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
25. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva