Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9162/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X5) qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi ilə əvəz edilməsi və X4 iş üzrə üçüncü şəxs qismində cəlb edərək, İddiaçı1, X2 və X2 azyaşlı qızı X3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 1, ev 141 ünvanında yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir-neçə ildir ki, qeydiyyata alınmasını xahiş etdikləri yaşayış sahəsində yaşayırlar. Qeydiyyatın başqa ünvan olması xeyli çətinlik yaradır. Bununla bağlı cavabdehə müraciət etsək də müraciətimiz təmin edilmədiyindən məhkəmə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar və üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. 5-ci maddəsinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) şəxsin yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. 8-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir. İmtinanın məzmunundan isə görünür ki, cavabdeh həmin imtina əsası kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyinə istinad etmiş, qeyd olunan səbəbdən də iddiaçıların qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi iş üzrə müəyyən edilməli olan hal öhdəliyin icrası növündə iddia tələbi üzrə imtinada istinad edən faktiki şərtin, yəni iddiaçıların yaşayış sahəsinə qeydiyyata alınma hüququ verən sənədə istinadın qanuni olub-olmamasıdır. İşin faktiki hallarından isə görünür ki, iddiaçı şəxsin qeydiyyata alınmasına əsas olan sənədə malikdir və bu səbəbdən də iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina əsassız hesab edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/606 reyestr nömrəli, 08.05.1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən yaşayış sahəsinin istifadəçisi olan və yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququna malik olan üçüncü şəxs X5 yaşadığı yaşayış sahəsinə iddiaçıların qeydiyyata alınmasına iradə ifadəsini bildirmiş, lakin qeyd olunan hal nəzərə alınmamışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahat, o cümlədən təqdim edilən notariat qaydada təsdiq edilmiş ərizədə iddiaçıların üçüncü şəxsin adına texniki pasportu olan yaşayış sahəsinə köçmə ilə bağlı iradə ifadəsinin mövcudluğunu təsdiq edir. Halbuki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsindən də göründüyü kimi şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür ki, iddiaçılar da qeyd olunan Qanunun 5-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd əsasında üçüncü şəxsin razılığı ilə faktiki yaşadıqları yer üzrə qeydiyyata düşmək istəmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Məhkəmə, həmçinin şəxslərin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçıların faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçıların özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Azyaşlı kateqoriyasına aid şəxs kimi iddiaçının övladı X3 yaşayış yeri üzrə qeydiyyata alınmalı olması ilə bağlı da bir daha qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin tələblərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1, X2 və X2 azyaşlı qızı X3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 1, ev 141 ünvanında yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9162/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9162/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver