Məhkəmə qərarları › İş №2-1(112)-9162/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9162/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9162/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən 44488 (qırx dörd min dörd yüz səksən səkkiz) manat məbləğində nağdsız qaydada alınmış, yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş **********519500 saylı qərarın ləğv edilərək əlavə dəyər vergisinin qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçının MİDA yaşayış kompleksindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə nağdsız qaydada aldığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 5 saylı evin 3 saylı mənzilinin (yeni qaydalarla AZ 1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnzşaatçılar küçəsi, 157, M4 m3) alışına görə tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MİDA yaşayış kompleksində evlərin satışına dair keçirilən müsabiqədə qalib elan edildikdən sonra müvafiq sənədləri təqdim etməklə, aidiyyəti üzrə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə MİDA yaşayış kompleksində yerləşən mənzilinə münasibətdə həmin tarixli müqavilə bağlanmaqla, müəyyən olunmuş ödənişləri həyata keçirmişdir. Bundan sonra ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 5, mənzil 3, yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 157, M4, m3 adına rəsmiləşdirilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” barədə məlumatlı olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciəti zamanı bu barədə 22 aprel 2024-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilərək, qərardan onun təqdim olunduğu tarixdən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Sözügedən qaydanın 5.2-ci bəndinə əsasən istehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Lakin göstərilən 90 gün müddətin ötürülməsi bu barədə məlumatsız olması səbəbindən irəli gəlir. İddiaçı bu barədə 22 aprel 2024-cü il tarixli qərarın qəbul olunduğu tarixdən məlumatlı olmuşdur. İddiaçı hesab edir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş qərar lehinə dəyişdirilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə deyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024cü il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə (№ M/216) və xx.xx.2021-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, alıcı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2021-ci il tarixində ödənilmişdir. Bununla əlaqədar bildirilir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci ii tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Döviət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2021-ci il tarixində başa çatdırıldığı nəzərə alınarsa, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2024-cü il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur. xx.xx.2020-ci il tarixindən qüvvəyə minən Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Həmin Qaydanın 5.3-cü bəndində bir daha qeyd olunur ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. İddiaçı ərizəsində “yaşayış sahəsini xx.xx.2020-ci il tarixində əldə etdiyindən və həmin dövrdə ƏDV-nin müvafiq hissəsinin geri alınması prosesini tənzimləyən Fərman qüvvədə olmadığından ƏDV-nin müvafiq hisssəsinin qaytarılması ilə bağlı qanunla nəzərdə tutulmuş 90 günlük müddətin onun müraciəti ilə əlaqədar tətbiq olunmamasını“ bildirmişdir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanı ilə yalnız xx.xx.2022-ci il tarixindən sonra əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı deyil, həmçinin Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixindən həmin tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı ƏDV-nin geri alınması münasibətlərinin də tənzimlənməsini nəzərdə tutur. Belə ki, Fərmanla təsdiq olunmuş Qaydaların 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə müvafiq tələblər nəzərə alınmaqla qaytarılır. Maddənin mahiyyətindən anlaşıldığı üzrə, Fərmanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən əvvəl yaşayış sahəsini əldə etmiş olan alıcılar üçün ƏDV-nin müvafiq hissəsinin geri alınması ilə bağlı müraciətin Qaydaların qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Yekun olaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşayış sahəsi əldə etmiş alıcılar üçün 90 günlük müddət nəzərdə tutulduğu halda, xx.xx.2020-ci il tarixində əldə edilmiş yaşayış sahəsi üçün həmin müddətin tətbiq olunmaması qənaətinə gəlinməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarına tamamilə ziddir. Əlavə olaraq qeyd edilir ki, Fərmanda ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün yaradılması nəzərdə tutulan elektron portalın istifadəyə verilmə müddəti nəzərdə tutulmamışdır. Elektron portalın yaradılması xx.xx.2022-ci il tarixində başa çatdığından və onun istifadəyə verilməsi barədə məlumat rəsmi qaydada xx.xx.2022-ci il tarixində ictimaiyyətə çatdırıldığından 90 günlük müddət axımı xx.xx.2022ci il tarixindən etibarən başlanır. Yuxanda qeyd olunan müddəaları və İnzibati Prosessual Məcəllənin 48-ci maddəsini əsas tutaraq, İddiaçı vergi orqanına qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı öhdəliyin icrası növünə xas olan olan xüsusi mümkünlük şərtinə əməl edərək, hazırkı tələbi ilə bağlı eyni məzmunlu tələblə əvvəlcə cavabdeh vergi orqanına müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə satıcı "xxxx" MMC və alıcı-ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M/216 №-li güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinin 1.2-ci bəndinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 5, mənzil 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verilmişdir. -xx.xx.2021-ci il tarixli, 23/2021 №-li ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən 44488 manat məbləğində pul vəsaiti satıcıya nağdsız qaydada tam şəkildə ödənilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin 22 aprel 2024-cü il tarixli, **********519500 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli ödəniş sənədi əlavə edilmişdir. Ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci və 5.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: -153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.5. risk qiymətləndirilməsi – məlumatların toplanması, vahid elektron məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək ziyanın dərəcəsinin qiymətləndirilməsi; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. Bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

6. Keçid müddəası. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. Bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Göründüyü kimi yuxarıda istinad olunan Qaydanın 6-cı bəndində nəzərdə tutulan keçid müddəalarına əsasən Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Hazırkı halda, sözügedən yaşayış sahəsi iddiaçı tərəfindən dəyəri 13 yanvar 2021-ci il tarixdə satıcıya tam şəkildə ödənilərək əldə edildiyi üçün mübahisə keçid müddəaların təsiri altına düşür. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 5, mənzil 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili 13 yanvar 2021-ci il tarixdə əldə etməsinə baxmayaraq, onun alışına görə ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə ilk dəfə 19 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Halbuki, istinad olunan Qaydanın 5.1-ci bəndinin tələbinə görə yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulmuşdur. Həmin Qaydada nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2021-ci il tarixində başa çatdırıldığı nəzərə alınarsa, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2024-cü il tarixində edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müddətinin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsas olduğundan cavabdehin hərəkətləri qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar