Məhkəmə qərarları › İş №2-1(112)-9162/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9162/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9162/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki sənədlərin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əsasən daşınmaz əmlakın dövlət reyestrindən 16 yanvar 2025-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0,08 hektar sahəsi olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 368 nömrəli sərəncamına əsasən X1 xx.xx.1992-ci il tarixli, 25 nömrəli əmri ilə X1 torpaq fondundan iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin plan-cizgisinin çəkilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən imtina verildikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-1570/2024 saylı qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X1 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra məhkəmə qərarı icra edilərək həmin torpaq sahəsinin cizgisi çəkilərək iddiaçıya verlimişdir. Daha sonra iddiaçı həmin torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmiş, ona torpaq sahəsinə dair müvafiq çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasında fərdi yaşayış evinin bir hissəsinin mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən kənarda, əlavə torpaq sahəsində yerləşdiyini bildirsə də, hansı ölçüdə, hansı hissədə yerləşdiyini konkret göstərməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi (32 kv.m) mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda, əlavə istifadədə olan torpaq sahəsində yerləşir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsinin koordinatları səhv vurulmuşdur. Belə ki, evi inşa edərkən cavabdehin əməkdaşları tərəfindən ona bildirilib ki, hasarı bir qədər irəli çəksin ki, küçə ilə düz gəlsin. Bu səbəbdən o, hasarı bir qədər irəli çəkib. Lakin, heç bir əlavə torpaq sahəsi zəbt etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair sənədlərin surəti (həmçinin torpaq sahəsinin plan-ölçü sənədi), müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon X1 xx.xx.1992-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışa əsasən X1 Həmkarlar İttifaqı Komitəsinin əmək kollektivi şurasının xx.xx.1992-ci il tarixli, 25 saylı protokolu əsasında X1 torpaq fondundan iddiaçıya 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4745/2021 saylı qətnaməsi ilə iddiaçının süsusi icraat qaydasında ərizəsi təmin edilmiş, Abşeron Rayon Hövsan Südçülük Sovxozu tərəfindən verilmiş 06 sentyabr 1992-ci il tarixli, 100 nömrəli əmrdən çıxarışın iddiaçıya məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(112)-1570/2024 saylı qərarı ilə iddiaçının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilmiş, Abşeron rayon X1 06 sentyabr 1992-ci il tarixli, 25 nömrəli əmri ilə iddiaçıya ayrılmış, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən 0,08 hektar torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi Baakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 213-cü Hövsan, 1-ci döngə, giriş 7) yerləşən 0,08 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Hövsan qəsəbəsi, 213-cü Hövsan, 1-ci döngə, giriş 7 ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 800 kv.m, faktiki 866.1 kv.m təşkil edir. Həmçinin, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin hüquq müəyyənedici sənəd üzrə 2 otaq yaşayış sahəsi 30.9 kv.m və ümumi sahəsi 47.76 kv.m, faktiki olaraq 2 otaq yaşayış sahəsi 30.09 kv.m, ümumi sahəsi 47.7 kv.m təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 800 kv.m olsa da, faktiki olaraq 866.1 kv.m təşkil edir (66.1 kv.m artıqdır). Torpaq sahəsinin üzərində ümumi sahəsi 47.7 kv.m olan (2 otaq yaşayış sahəsi 30.9 kv.m) yaşayış evi mövcuddur. Yaşayış evinin 32.2 kv.m hissəsi və həyət tikilisinin 11.4 kv.m-i artıq torpaq sahəsinə düşür. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı baş plan rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 800 kv.m torpaq sahəsi **********53 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 800 kv.m olsa da, faktiki olaraq 786.4 kv.m təşkil edir. Sözügedən torpaq sahəsinin arxa hissəsindəki divar 4.8 m geri çəkilərək hörülmüşdür. Yol tərəfdən həmin sahənin 66.1 kv.m hissəsində inşa olunan birmərtəbəli yaşayış evinin ümumi sahəsi 47.7 kv.m təşkil edir. Yaşayış evinin tikintintialtı sahəsinin 32.2 kv.m hissəsi və həyət tikilisinin 11.4 kv.m hissəsi **********53 reyestr nömrəsi ilə İddiaçı adına (800.0 kv.m) xüsusi mülkiyyət olaraq qeydiyyatdan keçmiş torpaq sahəsinin koordinatları xaricində yerləşir. Qonşu ilə üst-üstə düşmə halı aşkar edilmədi. Qeyd olunanlarla bağlı izahlı baş plan rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sənəd üzrə sahədən fərqli konfiqurasiyadadır. Yaşayış evinin bir hissəsi sənəd üzrə sahədən kənarda yerləşir. Sözügedən ərazi ilə bağlı izahlı ortofoto təsviri rəyə əlavə olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 213cü Hövsan, 1-ci döngə, giriş 7 ünvanında yerləşən fərdi yaşayış evinin planı və xx.xx.2022-ci il tarixli lisenziya təqdim edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan torpaq sahəsi üzərindəki yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, həmin evlə bağlı çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat (139-1.1.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.9. və 139-1.1.10) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[36] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.9 və 8.0.10). Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir (240.3.). Oxşar normalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) də təsbit olunmuşdur. Həmin Məcəllənin 58-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 213-cü Hövsan, 1-ci döngə, giriş 7 ünvanında yerləşən 800 kvşmetr torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasını istəyir. İddiaçı bununla bağlı cvaabdehə müraciət etmiş və cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi (32 kv.m) mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda, əlavə istifadədə olan torpaq sahəsində yerləşir. Qeyd edilməlidir ki, cavabdehin 15 iyul 2015-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan torpaq sahəsinin 866,1 kvşmetr təşkil etdiyi qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında həmin rəyin torpaq sahəsində bir neçə il əvvəl aparılmış yerində baxış əsasında verildihyini bildirmiş və hazırda torpa sahəsinin hasarlamasında dəyişiklik edildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən torpaq sahəsinə yenidən baxış keçirilməklə mütəxəssis rəyinin verilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdehin yeni mütəxəssis rəyində torpaq sahəsinin faktiki 786,4 kv.metr (sənəd üzrə sahədən 13,6 kv.metr az) təşkil etdiyi, evin 32,2 kv.metr hissəsinin əlavə sahədə yerləşdiyi qeyd edilmişdir. Ərazinin ortofoto görüntüsü ilə müəyyən edilir ki, iddiaçıya məxsus fərdi ev küçə ilə düz xətt boyunca inşa edilmiş, küçəyə daxil olmamışdır. Lakin, cavabdehin verdiyi koordinata əsasən iddiaçıya məxsus hasar (evin çöl divarı) küçədən bir neçə metr geridən başlamalı idi. Lakin, ortofoto təsvirindən də göründüyü kimi iddiaçıya məxsus fərdi evin hasarı küçəyə (yola) daxil olmamış, digər tikililərlə düz xətt boyunca inşa edilmişdir. Əksinə iddiaçının torpaq sahəsinin arxa hissəsində hasar cavabdeh tərəfindən verilmiş koordinatlardan bir qədər geri çəkilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış hasarlama konfiqurik cəhətdən cavabdeh tərəfindən verilmiş koordinatlardan daha əlverişlidir və hər hansı üçüncü şəxslərin hüquqlarını pozmur. Torpaq sahəsinə hər hansı digər şəxsin iddiası və tələbi yoxdur. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının tələbindən imtina üçün əsas ola bilməz. Belə ki, tikilinin 32 kv.m hissəsinin torpaq sahəsinin sərhədlərindən kənara çıxması tikilinin əsas təyinatını, habelə iddiaçının həmin tikili üzərində mülkiyyət hüququnun tanınmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Uzun müddətdir ki, fərdi yaşayış evi iddiaçının mübahisəsiz və etirazsız sahibliyindədir. Qonşu ilə üst-üstə düşmə halı mövcud deyil. Həmçinin, iddiaçının torpaq sahəsinə dair plan-ölçü verilmişdir. Bu səbəbdən fərdi evin koordinatlar üzrə verilmiş torpaq sahsəindən kənara çıxması iddiaçını tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 213-cü Hövsan, 1-ci döngə, giriş 7) yerləşən 0,08 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 213-cü Hövsan, 1-ci döngə, giriş 7) yerləşən 0,08 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar