Məhkəmə qərarları › İş №2-1(112)-9163/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9163/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9163/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı yaşayış sahəsinə qeydiyyata alınma öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra mətndə Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X20 onların anasıdır. ünvan 2 X8 məxsusdur. X20 həmin ünvanda 2002-ci ildən qeydiyyatda olmaqla, orada yaşayır. Onlar da uzun illərdir ki, anaları ilə birlikdə ünvan 2-da yaşayırlar. Bu halı nəzərə alaraq, yaşadıqları yer üzrə qeydiyyata alınmaları üçün ərizə ilə Sabunçu RPİ-nin pasport qeydiyyat şöbəsinə müraciət etmişlər. Sabunçu RPİ-dən aldıqları xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ünvan 2 ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunması vacibdir. Lakin həmin evin sənədləri olmadığına görə həmin ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Uzun illər sözügedən evdə yaşamağı, analarının həmin evdə pasport qeydiyyatında olması halını nəzərə alaraq hesab edirlər ki, məhkəmə qərarı ilə cavabdeh Sabunçu RPİ-nin üzərinə onlar - İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvana qeydiyyata alınmaları barədə öhdəlik qoyulmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdm olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən: 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X4 Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Tramvay küçəsi, 3 “a” saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. xx.xx.2025-ci il tarixdə “Asan 4” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X20 xx.xx.2006-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı iddiaçıların ərizəsinə cavab olaraq, Sabunçu RPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, mübahisəli ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəflərindən RPİ- nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəflərindən göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “Doğum haqqında” şəhadətnamənin surətindən müəyyən olunur k, İddiaçı2 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabinda 2005-ci ilin sentyabr ayının 14-cü günündə 2089 № ilə qeyd edilmişdir. Ata adı X41, ana adı X20 qeyd olunmuşdur. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş “Doğum haqqında” şəhadətnamənin surətindən müəyyən olunur k, İddiaçı1 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabinda 1994-cü ilin fevral ayının 19-cu günündə 388 № ilə qeyd edilmişdir. Ata adı X41, ana adı X20 qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2- 12630/2025 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında X42 xx.xx.2003-cü il tarixdən, X20 xx.xx.2006-cı il tarixdən, X3 xx.xx.2003-cü il tarixdən, X14 xx.xx.2005-ci il tarixdən, X21 xx.xx.2016-cı il tarixdən, X15 xx.xx.2005-ci il tarixdən, X34 xx.xx.2014-cü il tarixdən, X26 xx.xx.2004-cü il tarixdən, X27 xx.xx.2016-cı il tarixdən, X9 xx.xx.2009-cu il tarixdən, X10 xx.xx.2014-cü il tarixdən. X5 xx.xx.2010-cu il tarixdən, X35 xx.xx.2011-ci il tarixdən, X1 xx.xx.2004-cü il tarixdən, X43 xx.xx.2013-cü il tarixdən, İddiaçı1 xx.xx.2010cu il tarixdən, X11 xx.xx.2017-ci il tarixdən, X16 xx.xx.2002-ci il tarixdən, X28 xx.xx.2009cu il tarixdən, X29 xx.xx.2004-cü il tarixdən, X22 xx.xx.2005-ci il tarixdən, X30 xx.xx.2005ci il tarixdən, X12 xx.xx.2014-cü il tarixdən, X6 xx.xx.2010-cu il tarixdən, X23 xx.xx.2005-ci il tarixdən, X2 xx.xx.2014-cü il tarixdən, X24 xx.xx.2014-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, göstərilən ünvanda xx.xx.2021-ci il tarixdən qeydiyyatda olan X31, xx.xx.2022-ci il tarixdən qeydiyyatda olan X65 Nihat Burak, xx.xx.2024-cü il tarixdən qeydiyyatda olan X17, xx.xx.2017-ci il tarixdən qeydiyyatda olan X13, xx.xx.2024-cü il tarixdən qeydiyyatda olan X18 həmin ünvanda qeydiyyatda olan valideyninin yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-27777/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hüseyn Cavid küçəsi, 3 a saylı fərdi yaşayış evi Fərzəli-zadə Hafizə Xəlil qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Müvafiq məktuba Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hüseyn Cavid küçəsi, 3 a saylı fərdi yaşayış evinin Fərzəli-zadə Hafizə Xəlil qızının adına qeydiyyatdan keçməsinə əsas olan sənədlər təqdim edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri ünvan 2 (hazırda ünvan 6 ünvanı digər şəxsin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir və həmin şəxsin iddiaçıların onun evinə qeydiyyata alınmalarına dair heç bir ərizəsi və ya bununla bağlı razılığını təsdiq edən sənədi yoxdur. İddiaçıların qeydiyyata düşmək istədikləri ünvan digər şəxsə xüsusi mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın (fərdi yaşayış evi) ünvanı ilə eyni olsa da onlara məxsus olan fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar – İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar