Məhkəmə qərarları › İş №2-1(112)-9164/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9164/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9164/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin müvafiq əmri ilə 21 avqust 2021-ci il tarixdən ehtiyata buraxılmışdır. Onun və ailə üzvlərinin adına hər hansı daşınmaz əmlak mövcud deyil. Cavabdehə mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi ilə bağlı müraciət etmiş, lakin müraciəti əsassız olaraq təmin edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən onun və ailə üzvləri arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsiin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir:

1. İddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi;

2. Onlara kirayə xərclərinin ödənilməsi; Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun:

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Bu normaya görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bundan başqa formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu 15 təqvim ili və daha çox xidmət edərsə, o zaman hərbi qulluqçunun yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ yaranır. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-242/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli) Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı 1998-2001-ci il tarixlərdə kursant və zabit qismində xidmət etmiş, eləcə də 27 avqust 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə zabit qismində iştirak etmiş, daha sonra 31 avqust 2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Onun və ailə üzvlərinin adına hal-hazırda daşınmaz əmlak mövcud deyil. Göründüyü kimi iddiaçı öz arzusu ilə ehtiyata buraxılsa da mənzil növbəsinə götürülmə hüququna malik olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə cavabdehin müraciətin təminindən imtina dəlili də fərqlidir. Belə ki, cavabdeh iddiaçıya ünvanlanmış məktubda qeyd edir ki, iddiaçının həyat yoldaşı Ş,Abdullayevanın Şəki şəhərində fərdi yaşayış sahəsi və torpaq sahəsi olmuş, onu 17 noyabr 2021-ci il tarixdə bağışlamış, nəticədə iddiaçı tərəf mənzil növbəsində dayanmağa səbəb ola biləcək hərəkətlərə qəsdən yol vermişdir. Qeyd olunur ki, Mənzil Məcəlləsinin:

52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Göründüyü kimi hazırkı halda iddiaçının mənzil növbəsinə götürülməsindən imtina o zaman qanuni və əsaslı ola bilər ki, Ş.Abdullayevanın adına olan Şəki şəhərində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 2021-ci il tarixdə bağışlanılması yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilməsi kimi qiymətləndirilsin. Məhkəmə isə, həmin qiymətləndirmə ilə razı deyil. İlkin olaraq qeyd edilməlidir ki, ümumiyyətlə bir əmlakın mövcudluğu mənzil növbəsinə götürülmədən imtina üçün əsas olmalıdır ki, onun bağışlanılması da 5 illik müddətin tətbiqinə zərurət müəyyən etsin. Halbuki, həmin əmlak iddiaçının arvadının mülkiyyətində olsaydı belə, həmin hal iddiaçının mənzil növbəsinə götürülməsindən imtina əsası qismində çıxış edə bilməzdi. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı və ailə üzvləri Bakı şəhərində qeydiyyatda olmuş, övladları Bakı şəhərində olan orta məktəbdə oxuyur və iddiaçı və arvadı Bakı şəhərində işləyir. Göründüyü kimi adıçəkilən şəxslərin Şəkidə hər hansı daşınmaz əmlaka malik olmaları, onların yaşadıqları, və övladlarının oxuduqları yer üzrə, yəni Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olmaması kimi qiymətləndirmə əsası qismində çıxış etmir. Məhkəmə, həmçinin hazırkı halda iddiaçının mənzil növbəsinə götürülmə əsasının hərbi qulluqçu kimi xidməti ilə əlaqədar olması, imtinanın əsasının isə özünün yox məhz arvadının adına əmlakın mövcud olmuş olması ilə də əlaqəli olduğunun da nəzərə alınmalı olması qənaətindədir. Belə ki, torpaq sahəsi və fərdi yaşayış evi hərbi qulluqçu olan iddiaçının yox, onun ailə üzvünün mülkiyyətində olmuşdur və həmin ev və fərdi yaşayış evinin mövcudluğu iddiaçı və Ş.Abdullayeva nikah münasibətlərində olsa belə iddiaçının mənzil ehtiyacının ödənilməsinin əsası qismində çıxış etmir. İddiaçı bu səbəbdən də hərbi qulluqçu kimi həyata keçirmiş olduğu xidmətlərin, eləcə də hərbi əməliyyatlarda iştirak etməsinin əvəzi olaraq mənzil növbəsinə götürmə kimi hüquqa yiyələnmişdir ki, öz adına olmayan yoldaşının adına hər hansı əmlakın mövcudluğu, məhkəmə hesab edir ki, həmin hüququn reallaşmasına maneə qismində çıxış etməməklə formal imtina əsası qismində qiymətləndirilir. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, həmin əmlak satılsa belə göstərilən hal həyat şəraiti və daşınmaz əmlakın qiymətləri nəzərə alınmaqla Bakı şəhərində yaşayan və oxuyan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması qismində çıxış da edə bilməz. Beləliklə, məhkəmə hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçunun mənzil növbəsinə götürülmə hüququnun yoldaşının adına Bakı şəhərindən kənarda əmlakının olması səbəbindən realizəsindən imtina əsası kimi cavabdehin qeyd etdiklərini qəbul etmir və hesab edir ki, həmin əmlak bağışlanmasaydı belə iddiaçı mənzil növbəsinə götürülmə hüququna malik olmuşdur. Dolayısı ilə, əmlakın sonradan bağışlanılması məhkəmə üçün 5 illik müddətin tətbiqinə əsas qismində də çıxış etmir. Məhkəmə iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi ilə bağlı tələbə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər - onun arvadı və uşaqlarıdır. Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir. Məhkəmə iddiaçıya və ailə üzvlərinə kirayə xərcinin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirir. Belə ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu normaya görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin edirlər. İddiaçı görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata buraxılmamışdır. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Yəni həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 56/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında kassasiya instansiya məhkəməsinin mövqeyi o istiqamətdə olmuşdur ki, öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququna malik deyillər. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə dayanmaq hüquqları yaransa da, iddiaçı zabit kimi öz arzusu ilə ehtiyata buraxıldığından onun mənzillə təmin olunanadək kirayə xərcini tələb etmək hüququ yaranmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi həmin hissədə əsaslı deyildir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ailə üzvləri arvadı X3, övladları X1 və X2 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar