Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9165/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyətinin müəyyənləşdirilməsi üçün onun şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, N.Hacıyev küçəsi, ev 14-də yaşayır, doğum akt qeydi xx.xx.1985-ci il tarixdə 1450 saylı Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin doğum haqqında şəhadətnamənin əsli olmadığı üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamənin əslini itirdiyinə görə müvafiq sənədin verilməsi üçün Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bu səbəbdən doğum haqqında şəhadətnamənin təkrarının verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təkrarən doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdehin xx.xx.2021-ci il tarixli 05/76-288/15 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, doğum haqında təkrar şəhadətnamənin istənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildirilmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. - Cavabdehin xx.xx.2021-ci il tarixli 05/76 3761/13 saylı məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı xx.xx.1985-ci il tarixli 450 saylı doğum akt qeydindən görünür ki, o, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə 432651 saylı doğum haqqında şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamənin icrası ilə əlaqədar məhkəməyə göndərdiyi məlumatlardan görünür ki, iddiaçı 16 .01.1985-ci ildə Bakı şəhərində doğulmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin xx.xx.2021-ci il tarixli 2080 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barəsində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 091-65741-1221 saylı məktubundan görünür ki, İddiaçı adı Azərbaycan Reaspublikası Daxili İşlər Nazirliyinin İAMAS sistemində aşkar edilməmişdir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.1985-ci il tarixli 450 saylı doğum akt qeydi aparılaraq 432651 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmiş, təkrar şəhadətnamə almaq üçün Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Halbuki, İddiaçı doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparıldığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 16 yanvar 1985-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı təkrarən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 16 yanvar 1985-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı təkrarən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9165/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9165/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver