Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9167/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “onu maddi və mənəvi zərərçəkmiş qismində hüquqlarının tanınması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “onu maddi və mənəvi zərərçəkmiş qismində hüquqlarının tanınması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmət sahəsində ədliyyə polis mayoru qismində xidmət etmiş, 2002-ci ildə 20 may tarixində pensiyaya göndərilmişdir.(“Müvəqqəti təlimat’ın 4-cü fəslinin 2-ci hissəsinə əsasən). Təlimatda göstərilmişdir ki, penitensiar xidmətdə xidmət keçmənin son yaş həddi orta və böyük rəis heyəti üçün 50 yaş nəzərdə tutulur. Penitensiar xidmətin təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 1993-cü il tarixli fərmanı ilə penitensiar xidmətin statusu (hüquqi vəziyyəti) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin statusuna uyğun nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə (2001-ci il noyabr) orta və böyük zabit heyyəti üçün xidmət keçmənin son yaş həddi 55 yaş nəzərdə tutulmuşdur.Hesab edir ki, onun 55 yaşı tamam olmadığı üçün pensiyaya göndərilməyi Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 1993-cü il tarixli fərmanı ilə ziddiyət təşkil edir, çünki ədliyyə polis orqanları yaradılarkən həmin orqanların statusu Daxili İşlər Nazirliyinin statusuna uyğun nəzərdə tutulmuşdur. “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı ildə qəbul olunmuşdur. Hesab edir ki, o pensiyaya göndərilərkən “Müvəqqəti təlimaf” yox, Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 1993-cü il tarixli fərmanı nəzərə alınmalı idi. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində (“Normatv hüquqi aktlar”) göstərilmişdir ki, prezident fərmanları icra orqanlarının qəbul etdiyi qərarlara, təlimatlara münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, qismən cavablandırılmışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbycan Respublikası İnzibati Prossesual Məsəlləsinə əsasən 1.1. Bu Məcəllə inzibati hüquq münasibləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 32.1.Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi “maddi və mənəvi zərərçəkmiş qismində hüquqlarının tanınması” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın göstərilmədiyindən məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə məktub göndərilmişdir. Lakin iddiaçı nə iddia ərizəsində, nə də sonradan verilmiş ərizədə iddia tələbini dəqiq və aydın ifadə etməmişdir. İddiaçının dəqiqləşdirilmiş tələbi- “Azərbaycan Respublikası Ədliyyə nazirliyi penitensiar xidmətin təqaüdə göndərilməsi ilə bağlı qərarına (əmrə) hüquqi qiymət verilməsindən ibarətdir. İddia ərizəsinin məzmunundan görünən odur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun yaş həddi tamam olduğuna görə pensiyaya çıxmaqla əlaqədar olaraq xidmətdən 2002-ci ildə xaric olunmasını əsassız və qanunsuz hesab edir, buna görə də maddi və mənəvi zərərin ödənilməsini istəyir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının arxiv şəxsi işində olan sənədlərdən məlum olur ki, İddiaçı siravi və rəis heyətinin xidmətkeçmə haqqındakı “Müvəqqəti Təlimatı” nın 4-cü fəslinin 6-ci maddəsinin “a bəndinə əsasən ( yaş həddi tamam olduğuna görə) MQİBİ-nin 242 saylı xx.xx.2002-ci il tarixli əmri ilə pensiyaya göndərilməklə Ədliyyə polis orqanlarından xaric edilmişdir. Qeyd edilməlidir ki, xx.xx.2002-ci il tarixli 242 nömrəli əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir, əmr hal-hazırda qüvvədədir. Mübahisələndirmə haqqında iddia isə onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia - ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərti iddia müddətidir. İddiaçının iddiası bu şərtinə cavab vermir. Belə ki,İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı üçün əlverişsiz nəticələr yaratmış və iddiaçının qanunsuz hesab etdiyi pensiyaya çıxarmaqla xidmətdən xaric edilməsi barədə əmr iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Əmrin verilməsindən uzun müddət (22 ildən artıq) müddət keçmişdir. Bundan əlavə qeyd edilməlidir ki, maddi və mənəvi zərərin ödənilməsini tələb etmək üçün iddiaçı birinci növbədə bu tələblə məhkəməyə qədər cavabdehə müraciət etməli idi. Belə bir müraciətin mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Əlavə olaraq məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı oxşar tələblə bu iddianı qaldırmazdan əvvəl məhkəməyə müraciət etmiş və iddia tələbi mümkün sayılmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11714/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “hüquqi qiymət verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir: - Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. Bununla bağlı olaraq məhkəmə iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli hüquqi yardım barədə məktubunda iddiaçıya iş üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdeh orqanın imtina məktubunun məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etmişdir. - Eyni zamanda işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamışdır. - Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. - Məhkəmə bununla yanaşı qeyd edir ki, cavabdehə müraciət edilməsi halı mövcud olsaydı belə, tələb aydın deyil. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi, qeyri-müəyyən ifadələrin aydınlaşdırılması, natamam faktiki məlumatların tamamlanması məqsədilə keçirilmiş iclasda iddiaçıya qeyd edilən nöqsanların aradan qaldırılması təklif olunsa da, buna əməl edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Göründüyü kimi iddia tələbinin mümkün sayılmamasının iki səbəbi göstərilmişdir. Birinci səbəb iddiaçının cavabdehə müraciət etməməsi, ikinci səbəb isə iddia tələbinin aydın olmamasıdır. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı əvvəlki tələbinin mümkün sayılmaması ilə bağlı birinci səbəbi (cavabdehə müraciət edilməsi) aradan qaldırsa da, ikinci səbəbi (iddia tələbində qeyri-müəyyən ifadələrin aydınlaşdırılması, natamam faktiki məlumatların tamamlanması və digər qeyd edilən nöqsanların aradan qaldırılması ilə bağlı tələbin aydınlaşdırılması) aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmənin gəldyi nəticəyə görə yuxarıda göstərilənlərə əsasən, iddiaçının cavabdehin 2002-ci ildə qəbul edilmiş qərarla (əmrlə) bağlı iddiası iddia müddəti buraxıldığı üçün, kompensasiyanın ödənilməsi ilə bağlı iddiası - cavabdehə məhkəmədə iddia qaldırmazdan əvvəl müraciət etmədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “onu maddi və mənəvi zərərçəkmiş qismində hüquqlarının tanınması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova