Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9169/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********142657 saylı Qərarına əsasən “HEMAT TRADE" MMC”-də növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********142726 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin Akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçı barəsində 1369040,48 manat əlavə vergi məbləği və 914543,57 manat maliyyə sanksiyası, ümumilikdə 2283584,05 manat məbləğində hesablama aparılmışdır. Yoxlama zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyi üçün mübahisələndirilən qərar (inzibati akt) tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Aktın 1-ci səhifəsində yoxlamanın başlanması əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmuşdur. Yəni, güya vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən edib. Halbuki qeyd olunan mənbəyi bəlli məlumatın nədən ibarət olması aktda qeyd olunmamışdır. Aktın 1.1-ci bəndinə görə, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmış, xx.xx.2022-ci il tarixdə isə yoxlam aktı tərtib olunmuşdur. Yoxlama 2 dəfə ardıcıl uzadılmış, 9 dəfə isə dayandırılmışdır. Dayandırılma müddətləri istisna olmaqla, yoxlama 101 gün müddətində (xx.xx.2020 - xx.xx.2021) aparılmışdır ki, bununla Vergi Məcəlləsinin 38.2-ci maddəsinin imperativ tələbi pozulmuşdur. Həmçinin, yoxlamanın dayandırılması prosesində də nöqsanlara yol verilmişdir. Cavabdeh Aktın 1.8-ci bəndində xx.xx.2021-ci il tarixli **********4860 nömrəli və xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərarlar əsasında operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyini və müəssisədən qara mühasibatlıq sənədlərinin götürüldüyünü qeyd etmişdir. Əlavə olunan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli **********4867 nömrəli qərar ümumiyyətlə vahid reyestrdə qeydiyyatdan keçməyib. Digər qərar isə əmək münasibətlərinin yoxlanılması çərçivəsində qəbul olunub və nəticəsinə üzrə heç bir pozuntu halı aşkar olunmayıb. Cavabdeh isə reyestrdə qeydə alınmayan operativ vergi nəzarəti tədbiri ilə iddiaçının obyektindən guya onun vergi dövriyyəsinə aid qara mühasiblıq sənədləri götürüb. Halbuki cavabdehin istinad etdiyi excel faylların iddiaçı ilə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə, yoxlama dövründə qara mühasibatlıq termini nə mühasibat uçotu, nə də vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən elektron şəkildə götürülmüş excel faylındakı məlumatların iddiaçı ilə əlaqəsi yoxdur. Cavabdeh tərəfindən aparılan hesablamanın əsaslarına gəldikdə, cavabdeh guya iddiaçıya aid olduğunu iddia etdiyi məlumatlar əsasında ƏDV və 2018-ci il üzrə şərti rentabellik norması ilə mənfəət vergisi hesablamış, həmçinin təsisçiyə dividend ödənilməsi əsası ilə ÖMV və təqvim ayı ərzində limitdən artıq vəsaitin xərclənməsinə görə maliyyə sanksiyası tətbiq etmişdir. Bununla yanaşı, iddiaçının 2017-ci və 2019-cu illər üzrə xərclərini qəbul etməyərək şərti rentabellik norması əsasında həmin illərə də mənfəət vergisi hesablamışdır. Qeyd olunan hesablamalarla bağlı aşağıdakıları bildiririk: Mənfəət vergisi üzrə - iddiaçı 2017-ci ildə gəlirlərini 13193395,11 manat, xərclərini isə 12533725,36 manat göstərmişdir. Cavabdeh qeyd olunan xərc məbləğinin hansı hissəsinin sənədlə təsdiq olunub-olunmadığına aktda aydınlıq gətirmədən, birbaşa Nazirlər Kabinetinin 55 saylı qərarına istinad etməklə 2017-ci ilin mənfəət vergisi üzrə = 439779,84 manat (13193395/6x20%) əlavə hesablama aparmışdır. İddiaçı 2018-ci üzrə gəlirlərini 14187109,72 manat, xərclərini isə 12835328,31 manat göstərmişdir. Cavabdeh OVN tədbiri zamanı götürdüyü və Cəmiyyətə heç bir bağlılığı olmayan excel faylı əsasında 2018-ci ilə süni şəkildə 16627734,3 manat (öz gəlirlərindən əlavə olaraq 2440624,58 manat) gəlir məbləği müəyyən etmiş və əvvəlki qaydada şərti rentabellik norması tətbiq etməklə 554257,81 manat (16627734/6x20%) məbləğində mənfəət vergisini hesablamışdır. İddiaçı 2019-cu il üzrə 18559982,09 manat gəlir, 16269529,89 manat məbləğində xərc bəyan etmişdir. Cavabdeh qeyd olunan gəlir məbləğinə şərti rentabellik norması tətbiq edərək 618666,07 manat mənfəət vergisi hesablamışdır. Göründüyü kimi, cavabdeh 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini əsas götürərək Nazirlər Kabinetinin 55 saylı qərarı əsasında şərti rentabellik normasını tətbiq etmişdir. Cavabdeh aktda qeyd etmişdir ki, guya iddiaçı tərəfindən xərc sənədləri yoxlamaya tam təqdim edilmədiyi üçün bu üsulla mənfəət vergisini hesablamışdır. Halbuki, iddiaçının əsas xərcləri idxal etdiyi mallar üzrə çəkilən xərclərdir və cavabdeh onlayn rejimdə həmin mallar üzrə məlumatları gömrük orqanlarından əldə edə bilir. Belə olan halda cavabdeh xərc sənədlərinin təqdim olunmamasına istinad edib şərti rentabellik norması əsasında mənfəət vergisi hesablaya bilməz. ƏDV üzrə - cavabdeh mənbəyi bəlli olmayan excel faylı əsasında iddiaçıya 439312,43 manat məbləğində (2440624,58x18%) ƏDV hesablamışdır. Cavabdeh qeyd olunan hesablamanı apararkən yalnız iddiaçıya aidiyyəti olmayan excel fayla istinad etmişdir ki, belə əsasla vergi hesablanması tamamilə qanunsuzdur. Belə ki, həmin cədvəl cavabdeh tərəfindən yoxlama aktında "qara mühasibatlıq” sənədi kimi qeyd olunmuşdur. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsində “qara mühasibatlıq” sənədləri ilə hesablama aparılması nəzərdə tutulmamışdır. Həmçinin, cədvəl məlumatı ilkin uçot sənədi olmadığına görə vergitutma məqsədləri baxımından vergilərin müəyyən olunmasında istifadə oluna bilməz. Vergi orqanları yalnız mənbəyi bəlli olan rəsmi məlumatları vergilərin hesablanmasında tətbiq etmək hüququna malikdir. İndiki halda isə, qanunla nəzərdə tutulmayan və hüquqi əhəmiyyəti olmayan cədvəl məlumatı əsasında hesablama aparılmışdır, xüsusilə də həmin cədvəlin iddiaçıya bağlılığı sübuta yetirilməmişdir. Göründüyü kimi, səyyar vergi yoxlamasını aparan cavabdeh vergi orqanı Cəmiyyət tərəfindən təqdim edilmiş ilkin uçot sənədlərində, eləcə də təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanın keçirilməsindən 1 (bir) ilə yaxın müddət keçdikdən sonra qeyri-qanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin uçot sənədi sayılmayan, mənbəyi bəlli olmayan "qara mühasibatlıq" kimi təfsir olunan excel cədvəli əsasında hesablama aparmış və həmin sənədlərə əsasən iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi "qara mühasibatlıq" sənədləri iddiaçının faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütun əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. ÖMV üzrə - cavabdeh tərəfindən iddiaçıya aidiyyəti olmayan excel faylı əsasında güya təsisçiyə 1773418,89 manat məbləğində dividend ödənilməsi əsası ilə 177341,89 (1773418,89 x10%) məbləğində vergi hesablanmışdır. Qeyd olunan excel fayl vergilərin hesablanması üçün əsas ola bilməz və iddiaçıya heç bir bağlılığı yoxdur. Vergi Məcəlləsinin 58.7-1 maddəsi ilə tətbiq olunan maliyyə sanksiyası üzrə cavabdeh tərəfindən yol verilən kobud qanun pozuntularından biri də excel fayl ilə güya iddiaçının 2644803,0 manat məbləğində sənədsiz mallar aldığı mallara Nağdsız hesablaşmalar haqqında Qanunla müəyyən olunmuş limitdən artıq nağd ödənişlər etdiyinə görə 230023,3 manat 2300233x10%) məbləğində maliyyə sanksiyasının tətbiq olunmasıdır. Qeyd olunanlardan əlavə, mübahisələndirilən qərar (inzibati akt) cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bu qərar qəbul edilərkən 2017-ci və 2018-ci illər üzrə hesablanmış mənfəət vergisinin, ƏDV üzrə isə 2019-cu ilin mart ayı daxil olmaqla olan dövr üzrə qanunla müəyyən olunmuş hesablama müddəti başa çatmışdır. Belə ki, mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir və 2017-ci ilin hesabat dövrü 31 dekabr 2017-cı ildə, 2018-ci ilin hesabat dövrü isə 31 dekabr 2018-ci il tarixdə başa çatır. ƏDV üzrə isə hesabat dövrü təqvim ayı olduğundan hər ayın başa çatmasından 3 il tamam olduqda növbəti ayın ilk günü hesablama müddəti başa çatır. Qeyd olunanlar iddiaçı barəsində aparılan yoxlama dövründə qüvvədə olan normalara əsasən tənzimlənir. İddiaçı barəsində qəbul olunmuş inzibati akt tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********42657 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017 - oktyabr 2020) təyin edilmiş, yoxlamaya xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2022ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktla rəsmiləşdirilmişdir və səyyar vergi yoxlaması aktında qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2022-ci il tarixli **********156903 saylı "Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Aşağıda qeyd edilən hallara əsasən iddia tələbi əsassızdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində vergi ödəyicisinin vergidən yayınma hallarının olması müəyyən edilmiş və təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi Vergi Məcəlləsinin 38.2 və 38.4-cü maddələrinin tələbləri pozulmaqla həyata keçirilmiş yoxlamanın qanunsuz olması barədə iddiası əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə müvafiq olaraq, SYV-ı 30 iş günü müddətində aparılmalıdır və müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. İddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2021-ci il **********4867 nömrəli qərarın vahid məlumat reyesterində olmaması ilə bağlı iddiası ilə bağlı bildiririk ki, müvafiq akt operativ vergi nəzarət tədbirinin bir hissəsi olduğundan SYV ilə bağlı vahid məlumat reyesterində olmaması məntiqə uyğundur, çünki həmin qərar keçirilmiş operativ vergi nəzarət tədbiri ilə bağlı qəbul olunduğundan Ədliyyə Nazirliyinin müvafiq sisteminə işlənilmir. Həmçinin, keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı iddiaçının cavabdeh tərəfindən xx.xx.2021ci il **********4867 nömrəli qərar əsasında bir sıra sənədlərin götürülməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli DVX № 000992 Seriyalı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Prokotokol ilə rəsmiləşdirilmiş götürülmə hərəkətlərində Hemat Trade MMC-nin Direktoru olmaqla, 2 nəfər hal şahidlərinin iştirakları ilə ümumilikdə 3 nəfər iştirak etmişlər. İddiaçıdan götürülmüş və aidliyi müəssisə tərəfindən də təsdiqlənmiş, iddiaçının özü tərəfindən hesablanmış excel cədvəllərdə yığılmış dövriyyələrə əsasən hesablanmış ƏDV və təsisçiyə “Nemat” adlı şəxsə ödənilmiş məbləğlərə əsasən hesablanmış ÖMV və tətbiq edilmiş maliyyə sanksiyası, 2018-cı il üzrə şərti rentabellik norması tətbiq edilməklə hesablanmış mənfəət vergisi tamamilə əsaslıdır və əlavə olunmuş excel cədvəlləri vasitəsilə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********142657 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017 – oktyabr 2020. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktına və xx.xx.2022-ci il tarixli **********974900 nömrəli sənədə baxaraq İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır - Mənfəət vergisi 2017-ci il üzrə azaldılmışdır 307845,89 manat, əlavə hesablama 307845,89 manat, maliyyə sanksiyası 153922,95 manat; Mənfəət vergisi 2018-ci il üzrə azaldılmışdır 283901,53 manat, əlavə hesablama 283901,53 manat, maliyyə sanksiyası 141950,77 manat; Mənfəət vergisi 2019-cu il üzrə azaldılmışdır 160575,63 manat, əlavə hesablama 160575,63 manat, maliyyə sanksiyası 80287,82 manat; Əlavə dəyər vergisi 2018-ci il üzrə azaldılmışdır 439312,43 manat, əlavə hesablama 439312,43 manat, maliyyə sanksiyası 219656,22 manat; Əlavə dəyər vergisi 2019-cu il üzrə azaldılmışdır 63,11 manat, əlavə hesablama 63,11 manat, maliyyə sanksiyası 31,56 manat; Ödəmə mənbəyində tutulan vergi 2018-ci il üzrə azaldılmışdır 177341,89 manat, əlavə hesablama 177341,89 manat, maliyyə sanksiyası 88670,95 manat; 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası 230023,30 manat - Cəmi azaldılmışdır 1369040,48 manat, əlavə hesablama 1369040,48 manat, maliyyə sanksiyası 914543,57 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6296 nömrəli ekspert rəyinə əsasən: İddiaçı MMC-nin yoxlama dövründə (2017-ci il, 2018-ci il, 2019-cu il) mənfəət vergisinin məbləği ümumilikdə 810322,61 manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövründə (noyabr/2017-oktyabr/2020) ƏDV məbləği ümumilikdə 732127,60 manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövründə (İV rüb 2017 – İİİ rüb 2020) ödəmə mənbəyində tutulan vergilər üzrə ödəməli olduğu vergi məbləği 41767,35 (3500,0+38267,35) manat təşkil edir. İddiaçı MMC-nin yoxlama dövrünün ayları üzrə (noyabr/2017 oktyabr/2020) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi ilə müəyyən olunan limit çərçivəsində digər vergi ödəyiciləri ilə hesablaşmalarının məbləği; yanvar - 29900,0 manat, fevral - 29000,0 manat, mart - 29000,0 manat, aprel - 29800,0 manat, may - 28403,0 manat, iyun - 5267,0 manat, iyul - 29500,0 manat, avqust - 0,0 manat, sentyabr - 0,0 manat, oktyabr - 29901,0 manat, noyabr - 0,0 manat, dekabr - 29000,0 manat; 2018-ci il üzrə - 0,0 manat, 2019-cu ilin yanvar - 25000,0 manat, fevraldekabr -0,0 manat, 2020-ci ilin yanvar - 20000,0 manat, fevral-oktyabr- 0,0 manat təşkil edir və yoxlama dövrünün aylarında limitdən artıq hesablaşmalar aparılmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı Qərarla hesablanmış mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyində tutulan verginin və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən tətbiq olunmuş maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunmur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********142657 nömrəli qərarına əsasən İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017 – oktyabr 2020. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarına əsasən İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********142726 nömrəli aktına və xx.xx.2022-ci il tarixli **********974900 nömrəli sənədə baxaraq İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmış, iddiaçı barəsində 1369040,48 manat əlavə vergi məbləği, 914543,57 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən MMC-də aparılan yoxlama zamanı qanunvericiliyin tələbləri qaydasında verginin hesablanmadığı, iddiaçıdan operativ vergi nəzarəti zamanı götürülmüş elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan, “qara mühasibatlıq” sənədlərinə istinad olunmaqla verginin hesablandığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Eyni zamanda iş üzrə ekspertiza keçirilmişdir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6296 nömrəli ekspert rəyinə əsasən İddiaçı MMC-nin yoxlama dövründə (2017-ci il, 2018-ci il, 2019-cu il) mənfəət vergisinin məbləği ümumilikdə 810322,61 manat, yoxlama dövründə (noyabr/2017-oktyabr/2020) ƏDV məbləği ümumilikdə 732127,60 manat, yoxlama dövründə (İV rüb 2017 – İİİ rüb 2020) ödəmə mənbəyində tutulan vergilər üzrə ödəməli olduğu vergi məbləği 41767,35 (3500,0+38267,35) manat təşkil edir, İddiaçı MMC-nin yoxlama dövrünün ayları üzrə (noyabr/2017 oktyabr/2020) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsi ilə müəyyən olunan limit çərçivəsində digər vergi ödəyiciləri ilə hesablaşmalarının məbləği; yanvar - 29900,0 manat, fevral - 29000,0 manat, mart - 29000,0 manat, aprel - 29800,0 manat, may - 28403,0 manat, iyun - 5267,0 manat, iyul - 29500,0 manat, avqust - 0,0 manat, sentyabr - 0,0 manat, oktyabr - 29901,0 manat, noyabr - 0,0 manat, dekabr -29000,0 manat; 2018-ci il üzrə - 0,0 manat, 2019-cu ilin yanvar - 25000,0 manat, fevral-dekabr -0,0 manat, 2020-ci ilin yanvar - 20000,0 manat, fevral-oktyabr- 0,0 manat təşkil edir və yoxlama dövrünün aylarında limitdən artıq hesablaşmalar aparılmamışdır. Həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 saylı Qərarla hesablanmış mənfəət vergisinin, əlavə dəyər vergisinin, ödəmə mənbəyində tutulan verginin və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən tətbiq olunmuş maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunmur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156903 nömrəli qərarı ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9169/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9169/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver