Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9169/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 (bundan sonra– iddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən 0.12 ha (1200 kv.m) torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsi və təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 nömrəli və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmaqla Cavabdeh Başçısının Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 08 oktyabr 1997-ci il tarixdə X2 0,12 ha (1200 kv.m) ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı X3 fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin ərizəçi X2 ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə aşağıdakılar göstərilmişdir: “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aiddiyyatı inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarların surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır.” Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması məqsədi ilə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh Sabunçu RİH həmin ərazilərdə yerləşən torpaq sahələrinə müxtəlif vaxtlarda plan sxemini (cizgini) tərtib edərək vətəndaşlara vermiş və nədənsə Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli Qərarı ilə ona ayrılmış torpaq sahəsinə plan sxeminin (cizginin) tərtib edilərək verilməsindən imtina etmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1 -ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu imtinasında formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə yerləşmə sxeminin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçının mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından imtina əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün X2 ikinci kvartal sahə 145 ünvanında 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 14 may 2025-ci il tarixli, 3-21-3-30/2-19236/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi faktiki 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri şərtidir (ümumi hasardaxili sahənin bir hissəsidir). Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi "yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-18/2-N-9-091/2025 nömrəli məktubundan görünür ki, Maştağa qəsəbəsi, 2-ci kvartal yaşayış massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdehndə heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyildir. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, xx.xx.1997-ci il tarixli qərar əsasında ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixli) əsasən: -maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. -maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cü maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrılmamış, həmçinin cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə belə bir səlahiyyət verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi xx.xx.1997-ci il tarixli qərarı ona belə bir səlahiyyət verilmədən qəbul etmişdir, deməli, onun qəbul etdiyi qərar ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi cavabdehin öhdəliyi ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı qərarın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9169/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9169/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver