Məhkəmə qərarları › İş №2-1(112)-9170/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9170/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9170/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 15 fevral 1979-cu il tarixdən 1980-ci ilin iyul ayınadək olan dövrün, 01.09.1980-ci il tarixdən 22.05.1981-ci il tarixədək peşə təhsilinin, 25.05.1981-ci il tarixdən 27.06.1983-cü il tarixədək hərbi xidmət dövrünün və əmək kitabçasında olan iş stajı ilə bağlı məlumatların 2006-cı ilin yanvar ayının 1-dək olan iş stajının nəzərə alınaraq 57 yaşının tamam olması ilə bağlı iddiaçının zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və 15 fevral 1979-cu il tarixdə 27 saylı əmrlə Astara rayonu Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxoza fəhlə kimi işə qəbul edilmiş və 1980-ci ilin iyul ayınadək işləmişdir. 01.09.1980-ci il tarixdən 22.05.1981-ci il tarixədək 14 nömrəli texniki peşə məktəbində təhsil almış, 25.05.1981-ci il tarixdən 27.06.1983-cü il tarixədək ordu sıralarında xidmət etmişdir. Həmçinin 10.04.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuş və 57 yaşı tamam olmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə cavabdeh tərəfindən imtina edilmiş və verilmiş cavabda 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az, 24 il 2 ay 16 gün təşkil etməsi və bu səbəbdən də əmək pensiyasının təyinatının mümkün hesab edilməməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, iddiaçıya məxsus əmək kitabçasından da görünür ki, iddiaçının zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur və iki illik hərbi xidmətdə olduğu və texniki peşə məktəbində oxuduğu dövr də əmək stajına hesab olunur və iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıqdır. Həmçinin iddiaçının 15.02.1979-cu il tarixdən 1980-ci ilin iyul ayınadək sovxozda işlədiyi dövr qətiyyən nəzərə alınmamışdır və əmək stajına hesablanmamışdır. Halbuki, sovxozda işləməyi ilə bağlı Astara rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmişdir. “Azərbaycan X9” QSC tərəfindən verilmiş arayışda iddiaçının ümumi iş stajının 36 il 2 ay 28 gün, güzəştli iş stajı 35 il 09 ay 22 gün təşkil etməsi göstərilmişdir. İddiaçı qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, sığorta stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. İddiaçının 25 ildən yuxarı sığorta stajının olması cavabdeh tərəfdən formal olaraq qəbul edilməmiş, təqdim edilən sənədlərə qanunamüvafiq qiymət verilməmişdir. Həmçinin iddiaçı peşə təhsili almış və sığorta stajı hesablanarkən təhsil müddəti ümumi iş stajına hesablanmalıdır. Pensiya hüququ bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. Cavabdeh tərəf araşdırmadan formal cavab verməklə kifayətlənmiş, peşə təhsil müddətini və hərbi xidmət dövrünü, həmçinin sovxozda işlədiyi müddəti ümumi iş stajına hesablamamışdır. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Halbuki, iddiaçının həmin dövrədək olan iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi qətiyyən nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil 10.11.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 57 yaşdan, yəni 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0 8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 iyul 1984-cü il tarixli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (24 il 2 ay 16 gün (01.09.1980-22.05.1981-ci il, 25.05.1981-27.06.1983-cü il, 10.04.1984-28.05.1984-cü il, 11.07.1984-29.10.1984-cü il, 14.01.1985-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38500,60 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 8660 nömrəli, 22.05.1981-ci il tarixli attestatından görünür ki, İddiaçı 01.09.1980-ci ildə Azərbaycan SSR Bakı Texniki Peşə Təhsili İdarəsinin 14 nömrəli texniki məktəbinə daxil olmuş və 22 may 1981-ci ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 25.05.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 27.06.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 11.06.1984-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 10.04.1984-cü ildə Bakı Baş Tikinti idarəsinin İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində 4-cü dərəcəli ekskavator-maşinisti vəzifəsinə qəbul edilmiş, 28.05.1984-cü ildə vəzifədən azad edilmişdir. 11.07.1984-cü ildə Tikinti idarəsi Tresti “Volqodonskstroy” Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 29.10.1984-cü ildə işdən azad edilmişdir. 14.01.1985-ci ildə X9 Nəqliyyat Donanmasının üzücü heyətinə matros şagirdi qismində işə qəbul edilmiş, 08.05.1985-ci ildə Nəqliyyat donanmasının matros şagirdi qismində işə qəbul edilmiş, 28.11.2011-ci ildə işdən azad edilmişdir. 08.03.2012-ci ildə Azərbaycan Dövlət X6 üzücü heyətə matros vəzifəsinə işə qəbul edilmiş, 01.04.2014-cü ildə AXDG QSC X1 üzücü heyətə matros vəzifəsinə keçirilmiş, 20.02.2017-ci ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, 26.02.2019-cu ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə matros peşəsinə keçirilmiş və hal-hazırda orada işləyir. İş materiallarına əlavə edilmiş Astara rayon Dövlət Arxivinin 12.11.2020-ci il tarixli, 224 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona görə ki, Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1979-cu ilin fevral ayının 15-də 27 saylı əmrlə sovxoza müvəqqəti fəhlə qəbul olunmuş, 1980-cı ilin iyul ayına kimi əmək haqqı almışdır. İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxuzunda 1979-1980-ci illərdə aşağıdakı kimi əmək haqqı almışdır: 1979-cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980-ci ilin aprel, may, iyun, iyul aylarında (Əsas: fond № 101, saxlama vahidi № 37, 22-səh-38-93, 23-səh-40). İş materiallarına əlavə edilmiş “Azərbaycan X9” QSC X2 16.02.2021-ci il tarixli, AM03/02-139 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X9nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.1985-ci il tarixindən 28.11.2011-cı il tarixinədək və 08.03.2012-ci il tarixindən halhazıradək matros vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 36 il 02 ay 28 gün gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 09 ay 22 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 №li Qərarına əsasən X9 Azərbaycan Dövlət X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013cü il tarixli 6 №li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X9nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan X9” QSC X2 03.09.2021-ci il tarixli, ÇS02/02-431 nömrəli məktubuna əlavə edilmiş “Azərbaycan X9” QSC X2 26.08.2021-ci il tarixli, AM03/02-1102 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X9nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.1985-ci il tarixindən 28.11.2011-ci il tarixinədək və 08.03.2012-ci il tarixindən halhazıradək matros vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 36 il 04 ay 02 gün gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 09 ay 08 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli,12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 №li Qərarına əsasən X9 Azərbaycan Dövlət X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013cii il tarixli №li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X9nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Astara rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli, 103 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxuzunda işlədiyi iş stajını və ona səbəb olan sənədlər göndərilir. Həmin məktuba əlavə edilmiş Astara rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli, 103/1 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ona görə ki, Astara rayonu sabiq Kakalos kənd Partiyanın XXİİ qurultayı adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1979-cu ilin fevral ayının 15-də 27 saylı əmrlə sovxoza müvəqqəti fəhlə qəbul olunmuş, 1980-ci ilin iyul ayına kimi əmək haqqı almışdır. İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxuzunda 1979-1980-ci illərdə aşağıdakı kimi əmək haqqı almışdır: 1979-cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980-ci ilin aprel, may, iyun, iyul aylarında (Əsas: fond № 101, saxlama vahidi № 37, 22-səh-38-93, 23-səh-40). Arxiv arayışına İddiaçı sovxozda əmək haqqının hesablanması cədvəli əmrlər kitabından çıxarışın surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01.07.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasinın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim etdiyiniz 11 iyul 1984-cü il tarixli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 2 ay 16 gün (01.09.1980- 22.05.1981-ci il, 25.05.1981-27.06.1983-cü il, 10.04.1984-28.05.1984-cü il, 11.07.1984- 29.10.1984-cü il, 14.01.1985-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38500,60 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşını 07.03.2020-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 01.09.1980-22.05.1981-ci il tarixədək təhsil dövrü 08 ay 22 gün, 25.05.1981-27.06.1983-cü il tarixədək hərbi xidmət dövrü 02 il 01 ay 04 gün, 10.04.1984- 28.05.1984-cü il tarixədək əmək dövrü 01 ay 19 gün, 11.07.1984-29.10.1984-cü ilədək iş dövrü 03 ay 20 gün, X6 14.01.1985-01.01.2006-cı il tarixədək 20 il 11 ay 19 gün olmaqla, ümumilikdə 24 il 02 ay 24 gün təşkil edir. Cavabdeh öz imtinasında, eləcə də etirazında iddiaçının qeyd edilən illər üzrə ümumi iş stajının mövcudluğunu mübahisələndirmir. Cavabdehin iddiaçının Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxuzunda işlədiyi dövrün onun əmək kitabçasında qeyd edilmədiyini əsas götürərək həmin dövrü pensiya təyini üçün tələb olunan ümumi iş stajına hesablamamışdır. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Astara rayon Dövlət Arxivindən təqdim edilmiş arxiv arayışı, həmin arayışa əlavə edilmiş sovxozda əmək haqqı kitabı və əmrlər kitabından çıxarışda İddiaçı Astara rayon Partiyanın XXİİ qurultayı adına sovxuzunda 1979-1980-ci illərdə çalışdığı və 1979-cu ilin fevral, mart, aprel, may, iyun, iyul, noyabr, dekabr və 1980-ci ilin aprel, may, iyun, iyul ayları üzrə əmək haqqı aldığı qeyd edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın, eləcə də arxiv arayışının tərtibinə əsas olan təqdim edilmiş əmək haqqı və əmrlər kitabından çıxarışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının sovxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Məhkəmə iddiaçının adıçəkilən Astara rayon sabiq Partiyanın XXİİ qurultayı adına sovxuzunda işlədiyi və əmək haqqı aldığı 1979-cu il üzrə 08 ay və 1980-ci il üzrə 04 ay olmaqla ümumilikdə 12 ayı - 01 ili iddiaçının ümumi iş stajına hesabladıqda iddiaçının 01.01.2006-cı il tarixədək ümumilikdə 25 il 02 ay 24 gün (təhsil sənədi, hərbi bilet, əmək kitabçası üzrə 24 il 02 ay 24 gün + arxiv arayışı üzrə əmək fəaliyyəti dövrü 12 ay) ümumi iş stajına malik olduğu nəticəsinə gəlir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsi, 23003010 kodu altında üzən heyət zərərli peşə kimi nəzərdə tutulmuşdur. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən iddiaçının Azərbaycan X9nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.1985-ci il tarixindən 01.01.2006-cı ilədək işlədiyi matros vəzifəsi və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. İddiaçının işlədiyi gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar