Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9171/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə) qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, elektron kadastr məlumatına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu verilmiş, sorğuya cavab olaraq göndərilmiş 14-2/2-504/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqında” Sazişə əsasən, “X3 Limited” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunanlara əsasən eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni qaydalarla: AZ1018, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 saylı çıxarışla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Yeni qaydalarla: AZ 1018, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış torpağı iddiaçının mülkiyyətinə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən fərdi yaşayış evinə dair Memarlıq planlaşdırma bölməsi tərtib edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi və ümumi həyətyanı sahəsi 0.0350 ha təşkil edir. O, həmin vaxtdan bu günədək həmin torpaq sahəsindən fasiləsiz olaraq istifadə edir və orada müəyyən abadlıq işləri görmüşdür. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zolağında yerləşir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu verilmiş, sorğuya cavab olaraq göndərilmiş 14-2/2-504/2025 saylı, xx.xx.2025- ci il tarixli cavab məktubda bildirilmişdir ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X3 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunanlara əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinin faktiki ümumi sahəsinin 99.4 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - X1 ilə alıcı İddiaçı arasında bağlanmış daşınmaz əmlakın xx.xx.2024-cü il tarixli 715061 alqı satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2№ Zeytun sovxozu, 62 saylı sahə Yeni qaydalarla; AZ1018, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. 25-ci Dənizkənarı küçəsi, giriş 15 ümumi sahəsi 0.0711 ha olan torpaq sahəsinin 350 kv.m hissəsini alıcının mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı raynu, Zığ qəsəbəsi (Yeni qaydalarla: AZ1018, ünvan 4 ünvanında yerləşən 0.035 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, Suraxanı raynu, Zığ qəsəbəsi (Yeni qaydalarla: AZ1018, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin bölgü eskizindən görünür ki, torpaq sahəsi 0,0137 ha, 0,0125 ha və 0,0088 ha olmaqla 3 hissəyə bölünmüşdür. - Bakı şəhəri, Suraxanı raynu, Zığ qəsəbəsi (Yeni qaydalarla: AZ1018, ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsində mövcud fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsindən görünür ki, "xxxx" MMC fərdi yaşayış evinin layihəsini tərtib etmişdir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd və faktiki ölçüsü 137 kv.m, üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin yaşayış sahəsi 61.5 kv.m, ümumi sahəsi sənəd üzrə 105.3 kv.m, faktiki 99.4 kv.m-dir. Torpaq sahəsi mişar daşı hasar daxilindədir. 3 tərəf qonşu, 1 tərəf yoldur. İcazəsiz tikililər yoxdur və layihəyə uyğundur. Yaşayış evinin dxili qapıları quraşdırılmayıb, daxilində və çöl fasadında təmir işləri davam etdirilir. Layihədə açıq eyvan sahəsi (5.8 m2) ümümi sahəyə daxil edilib. Baş plan təqdim olunan bölgü sxeminə əsasən ayrı tərtib olunmuşdur. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Göründüyü kimi, qanunverici hündürlüyü 12 metrədək olan yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün əgər ev xx.xx.2013-cü il tarixədək inşa edilmişsə, yalınız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, xx.xx.2013-cü ildən sonra inşa edilmişsə, mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumatın təqdim edilməsini kifayət hesab etmişdir. Mübahisəli fərdi yaşayış evinin hansı tarixdə inşa edilməsi müəyyən edilməsə də, iddiaçı həm xx.xx.2013-cü il tarixədək, həm də həmin tarixdən sonra inşa edilmiş evlər üçün tələb olunan bütün sənədləri cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hündürlüyü 12 metrədək olan yaşayış evi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, işdə olan Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qeyd olunan ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair vətəndaş İddiaçı tərəfindən tikinti işlərinin başa çatması haqqında məlumat xx.xx.2024-cü il tarixdə 5-20/1-A-301-151/2024 saylı məktubla RİH-ə daxil olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən yalnız fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zolağında yerləşməsinə istinad etmişdir. Belə ki, işdə olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-30037/2025 nömrəli məktubundan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.106 ha təşkil edir. Sahə üzərində yaşayış evləri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlüklə qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin qeyd edilir ki, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir. Ərazi **********30 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məsələ ilə bağlı "xxxx" ASC-yə müvafiq sorğu verilmiş, həmin sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 14-2-2/2-1887/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinə və torpaq sahəsinə (koordinatlar: Х 40.344834, Y 49.987З69) əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, koordinatları yuxarıda göstərilmiş torpaq sahəsinin ərazisindən (hüdudları daxilindən) "xxxx" İB-yə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Torpaq sahəsinin ətrafında inşa edilmiş daş hasarın L=0.10 metr məsafədə kənarından "xxxx" İB-nin balans və istismarında olan, 2015-ci il tarixində istismara qəbul olunmuş 108 mm diametrlik, aşağı təzyiqli və L=6.0 metr məsafədə kənarından 219 mm diametrlik, orta təzyiqli yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılıb istismara verilmiş yerüstü qaz xətləri keçir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). 3.41. Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılan avadanlığa nəzarət etmək mümkün olsun və təmir işləri aparmağa imkan olsun. İstinad olunan normalardan görünür ki, qanunverici qaz kəmərlərinin yaşayış binalarının xarici divar boyu ilə aparılmasını qadağan etməmiş, əksinə bunu mümkün hesab etmiş, bu zaman yeganə tələb kimi quraşdırılan avadanlığa nəzarət etmək və təmir işləri aparmaq üçün məsafə saxlanılmasını müəyyən etmişdir. Həmçinin Qaydalarda yalnız boru kəmərləri və qazdoldurma stansiyalarına münasibətdə mühafizə zonası müəyyən edilmişdir. İşdən iddiaçının inşa etdiyi evin boru kəmərləri və qazdoldurma stansiyalarının mühafizə zonasında yerləşməsi müəyyən olunmur. Belə olan halda isə, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassız olmuşdur Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisi olmasına gəldikdə, işdən görünür ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpağı olmaqla iddiaçının mülkiyyətindədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0137 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99.4 kv.metr olan fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9171/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9171/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver