Məhkəmə qərarları › İş №2-1(112)-9172/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9172/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9172/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X17, X18, X13, X22 və X19) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 3, mənzil 36 üzrə X8, X9, X4, X14 və X10 qeydiyyatına xitam verilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 3, mənzil 36 İddiaçı xüsusi mülkiyyətindədir. Bununla bağlı ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məlum olmuşdur ki, üçüncü şəxslər X17, X18, X13, X22 və X19 onun mənzilində qeydiyyatdadır. Bununla bağlı ona Daxili İşlər Nazirliyindən ******* nömrəli arayış verilmişdir. Nəzərə alınmalıdır ki, üçüncü şəxslərin hansı əsasla iddiaçının mənzilinə qeydiyyata götürüldüyü iddiaçıya məlum deyil və onların qeydiyyata alınmasına iddiaçı heç vaxt razılıq verməmişdir. X8, X9, X4, X14 və X10 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 3, mənzil 36 üzrə qeydiyyatına xitam verilməsi ilə bağlı İddiaçı Xətai Rayon Polis İdarəsinə müraciət etsə də cavabdehin xx.xx.2022-ci il tarixli 101-12819A nömrəli məktubu ilə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. X17, X18, X13, X22 və X19 iddiaçının mənzilində yaşamırlar. Onların mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ailə üzvü olmayan kənar şəxslərin iddiaçının mənzilində qeydiyyatda olması iddiaçının mənzilə dair mülkiyyət hüququnun həyata keçirilməsində süni maneələr yaranır. Belə ki, iddiaçı mənzilə dair sərbəst şəkildə sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilmir. Həmçinin kənar şəxslərin evdə qeydiyyatda olması mənzil istismar sahəsi tərəfindən hesablanan kommunal xərclərin süni sürətdə artmasına səbəb olur. Bu isə iddiaçının maddi zərər çəkməyinə səbəb olur. Göstərilən səbəblərdən üçüncü şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması zəruridir. Odur ki, X8, X9, X4, X14 və X10 iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması zəruridir və inzibati orqan isə iddiaçının tələbini icra etməkdən əsassız və qanunsuz imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9172/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X17, X18, X13, X22, X19 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X17 və X19 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, verilir İddiaçı ondan ötrü ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində istifadədə olan 0.1113 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 64.74 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 892 nömrəli reyestr kitabının 82897 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, X17, X18, X13, X22 və X19 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-21981 nömrəli məktubunda bildirilmişdir ki, məktubda adları qeyd olunan şəxslərin ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlər DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların göndərilməsi imkanı xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018- 13983-1222 nömrəli məktubunda bildirilmişdir ki, X20 xx.xx.2005-ci il tarixdən, X22 xx.xx.2002-ci il tarixdən, X19 xx.xx.2012-ci il tarixdən, X13 xx.xx.2017-ci il tarixdən, X18 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubunda bildirilmişdir ki, X8, X9, X4, X14, X10 ünvan 4 ünvanında istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 3, 36 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 94 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 150 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən General Şıxlinski küçəsi, ev 3, mənzil 36 ünvanında aşağıdakı ailə tərkibi ilə yaşayır: X11, X3, X5, X1. Rayon ərazisində General Şıxlinski küçəsi 3 saylı bina ikidir. 94 saylı MKİS-nin ərazisində bina 9 mərtəbəli 125 mənzilli binadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, X17, X18, X13, X22 və X19 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Xətai rayon X21 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 020479 nömrəli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 3, 36 nömrəli 3 otaqlı, 46.7 kv.m ölçülü mənzil Cavadov.A.Cyə (1949) ailə üzvləri ilə birlikdə (Cavadova.S.B.–arvadı (1954), Cavadova.G.A-qızı (1985), Cavadova G.A.-qızı (1989) istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 560 nömrəli arayışında qeyd olunmuşdur ki, X22 həqiqətən General Şıxlinski küçəsi, ev 3, mənzil 36 ünvanında qeydiyyatdadır. ünvan 6ənzil 36 mövcuddur. Bunlardan biri 94 saylı MKİS-nin ərazisində yerləşir. 99 saylı MKİS-nin ərazisindəki General Şıxlinski küçəsi, ev 3, mənzil 36, 3 otaqlı yaşayış sahəsi 46.7 kv.m olmaqla 10 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir və sərəncam əsasında X15 məxsusdur. Aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadır: X22 - 1985, X17 - 1989, X19 - 1995, X24 - 2007, X13 - 2012, X18 - 2014. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 101-12819A nömrəli məktubda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixində Xətai RPİyə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxıldı. Müraciətinizdə, X8, X9, X4, X14 və X10 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etniyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qeyd edilməlidir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin tələbi əsasında şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etmir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 8 ünvanında 2 mənzil mövcuddur. Ünvanlardan biri 94 saylı MKİS-nin xidmət etdiyi ərazidə, digəri 99 saylı MKİS-nin xidmət etdiyi ərazidə yerləşir. 94 nömrəli MKİS-nin ərazisində yerləşən bina 9 mərtəbəli, 99 MKİS ərazisində yerləşən bina 10 mərtəbəlidir. Sözügedən ünvanda 94 saylı MKİS-nin ərazisində olan 9 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 64.74 kv.m ümumi, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 36 nömrəli mənzil xx.xx.2009-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda sonuncunun mülkiyyətindədir. Həmin ünvanda iddiaçının özü, eləcə də ailə üzvləri X11, X3, X5, X2 qeydiyyatdadırlar. Eyni zamanda mübahisəli ünvanda yerləşən 99 saylı MKİS-nin ərazisində olan digər- 3 otaqlı, 46.7 kv.m ölçülü mənzil Xətai rayon X21 İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 020479 nömrəli orderinə əsasən Cavadov Aydının ailə üzvlərinin istifadəsindədir. Mənzil dövlət mənzil fonduna aid olmaqla xüsusi mülkiyyətə özəlləşməmişdir. Həmin ünvanda kirayəçinin ailə üzvləri X20 xx.xx.2005-ci il tarixdən, X22 xx.xx.2002-ci il tarixdən, X19 xx.xx.2012-ci il tarixdən, X13 xx.xx.2017-ci il tarixdən, X18 xx.xx.2017-ci il tarixdən qeydiyyatdadırlar. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində eyni ünvan göstəricilərinə malik – ev 3, mənzil 36 nömrəsi altında iki ayrı mənzil var. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər mənzillərdən birinin kirayəçisi Cavadov Aydının ailə üzvləridir. Mənzil özəlləşməmiş mənzildir, üçüncü şəxslər xx.xx.1991-ci il tarixli order əsasında onlara aid mənzildə yaşayırlar, yaşayış yerləri üzrə qeydiyyatdadırlar. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. -1. Üçüncü şəxslər mülkiyyətçinin razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişdirlər. Üçüncü şəxslər hələ iddiaçının adına mənzil qeydiyyata alınmadığı vaxt Cavadov Aydının adına verilmiş orderə əsasən həmin ünvana qeydiyyata alınmışlar. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, 99 saylı MKİS-nin xidmət etdiyi ərazidə 10 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 36 nömrəli mənzilində faktiki yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus mənzillə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları mənzilə əmlak hüquqlarına iddia edə bilərlər. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, onlara məxsus ayrı mənzildə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları mənzilin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid mənzilə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın məhz ünvan 4 ünvanı üzrə qeydiyyata alınması idddiaçının həmin ünvanda 1991-ci ildə verilmiş order əsasında yaşayan və həmin sənəd əsasında qeydiyyata alınmış üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X17, X18, X13, X22 və X19) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar