Məhkəmə qərarları › İş №2-1(112)-9172/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9172/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9172/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evin 117 saylı 1-otaqlı 16,59 m2 sahəsi olan mənzilinə mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzildəyişmə İdarəsinin arxiv sənədləri arasında atası X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evin 117 saylı 1-otaqlı 16,59 m2 sahəsi olan mənzilinə dair 03 noyabr 1990-cı ildə 111630 nömrəli order vardır. Atası vəfat edənə kimi həmin mənzildə yaşamışdır. O da həmişə Bakı şəhərinə gələndə həmin evdə yaşamış (bu barədə X2 və X7 mənzilə dair FORMA A VƏ FORMA B arayışı iş materiallarına əlavə olunmuşdur). İddia ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnamədən də görünür ki, İddiaçı 23 sentyabr 1979-cu ildə atası X5 ilə anası X8 birgə nikahından Ukrayna SSR-in Zaparoji vilayətinin Lenin rayonunda doğulmuşdur. Bu barədə Ukrayna SSR-in Zaparoji vilayətinin Melutonolsky VVAQ Bürosu tərəfindən xx.xx.1979-cu ildə doğum haqqında şəhadətnamə verilmişdir. Atası X5 21 mart 1953-cü il təvəllüdlüdür, O, 05 mart 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evin 117 saylı mənzil atası X3 məxsusdur. Atasının ondan başqa heç bir övladı və vərəsəsi yoxdur. Bu barədə Bakı şəhəri 44 saylı Notariat Ofisinin məktubu iş materiallarına əlavə olunmuşdur. Atası X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 9 saylı evin 117 saylı 1-otaqlı 16,59 m2 sahəsi olan mənzilinə dair 03 noyabr 1990-cu ildə 111630 nömrəli order verilmişdir. xx.xx.1953-cü ildə doğulmuş və xx.xx.2006-cı ildə ölmüş X1i vərəsəsi olduğu üçün vərəsəlik işinin açılması ilə əlaqədar Bakı şəhəri 44 saylı notariat ofisinə müraciət etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 9 saylı evin, 117 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmişdir. Bundan əlavə, mənzilə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmənin 4.06.2025-ci il tarixli iclasında iddiaçının nümayəndələri qismində iştirak edən X6 və Vəkil ilə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edilmiş, məhkəmə tərəfindən iddiaçının şəxsən özünün məhkəmə iclasında iştirakı tələb edilmiş, əks təqdirdə iddiaçını təmsil etmək üçün onun adından verilmiş etibarnamənin və iddiaçıya hüquqi yardım göstərilməsinə dair vəkil orderinin təqdim edilməsi sonunculara izah edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Vəkil orderini və iddiaçının adından ona verilmiş etibarnaməni məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş iddia tələbinin İddiaçı iradəsinə uyğun olması müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; ... 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Sadalanan normalardan göründüyü kimi, məhkəmədə iş başlanılması üçün ilk növbədə fiziki və ya hüquqi şəxslərin məhkəməyə müraciət etməsi lazımdır. Fiziki şəxsin nümayəndəsi isə, onun yaxın qohumu və ya vəkili ola bilər. Baxılan işdə iddia ərizəsi İddiaçı adından imza edilmiş ərizədə 7.04.2025-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim edilmişdir. İddiaçını məhkəmə iclaslarında X6 və Vəkil təmsil etmişlər. Lakin qeyd edilən şəxslərə iddiaçı tərəfindən etibarnamə verilmədiyindən və vəkil orderi təqdim edilmədiyindən iddiaçının şəxsən özünün məhkəmə iclasında iştirakı, yaxud onu təmsil etmək üçün etibarnamə və order tələb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı iştirak etməmiş, onu təmsil edən şəxs kimi Vəkil iddiaçının adınan 43 saylı notariat ofisindən ona verilmiş etibarnamə və hüquqi yardımın göstərilməsi barədə xx.xx.2025-ci il tarixli vəkil orderi təqdim edilmişdir. Vəkil təqdim etdiyi Bakı şəhəri 43 saylı xüsusi notariat ofisində təsdiqləndiyi iddia edilən etibarnaməyə əsasən İddiaçı Volodimiroviç adından Vəkil xx.xx.2025-ci il tarixdə 3 il müddətinə, məzmununda Azərbaycan Respublikası daxilində qanunla iddiaçıya, cavabdeh, üçüncü şəxs, zərərçəkmiş şəxsə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlükdə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək, əmlakı və ya pulu almaq hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edilməsi göstərilmişdir. Təqdim edilmiş etibarnamənin mötəbərliliyi vizual baxımdan şübhə doğurduğundan rəsmi sənədlərin saxtlaşdırılması ilə bağlı cinayət tərkibinin olub-olmamasının araşdırılması ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Belə ki, təqdim edilmiş etibarnamənin mötəbərliliyi etibarnamənin aşağı sağ tərəfindən QR kod vasitəsi ilə yoxlanılmış, lakin həmin QR kod vasitəsi ilə www.notariat.az saytına deyil, https://rutube-hd.mobi/video/-xNptDYaPw səhifəsinə keçid edildiyi müəyyən edilmişdir. Bundan başqa etibarnamədə iddiaçının notariusda əyani iştirakı barədə etibarnamə verilən tarixdə (xx.xx.2025-ci il) çəkilmiş fotoşəkili yerində, iddiaçının iş materiallarında olan Ukrayna Respublikası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixə aid olan Pasportda olan şəklinin nüsxəsi əks etdirilmişdir. Bundan başqa etibarnaməyə əlavə edilmiş notariusun dairəvi möhürünün əyri olması vizual baxışdan müəyyən etmək olur. Bütün bunlarla yanaşı məhkəmə tərəfindən şifahi qaydada 43 saylı xüsusi notariat ofisindən iddiaçının adına 7E-12437 reyestr nömrəli etibarnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılması soruşulmuş, 43 saylı xüsusi notariat ofisinin xüsusi notariusu, onun tərəfindən belə bir etibarnamənin təsdiq edilmədiyini, etibarnamə saxtalıq əlamətlərinin olmasını məhkəməyə şifahi qaydada bildirmişdir. Göründüyü kimi, iddiaçının məhkəmə iclasında təmsil edən şəxslər səlahiyyətli olmadığından, eyni zamanda iddiaçı şəxsən məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsinin iddiaçının iradəsinə uyğun olması müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən İradə Hacıyevaya və Vəkil verilən etibarnamə iddiaçı tərəfindən deyil, X4 tərəfindən verilmişdir. Nazilə Mahmudovanın isə iddiaçınn adından etibarnamə vermək, məhkəmədə təmsilçilik hüquqlarını digər şəxsə ötürmək kimi səlahiyyətlərinin, həmçinin iddiaçının yaxın qohumu olması isə müəyyən edilmir. Vəkil iddiaçının adından verilən etibarnamə isə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərəfindən mötəbər hesab edilməmişdir. Göründüyü kimi, iş materiallarına əsasən təqdim edilən iddia ərizəsinin İddiaçı Volodimiroviç tərəfindən verilməsi, hazırkı iddia tələbinin sonuncunun iradəsinə uyğun olması müəyyən edilmir. Bu hal isə dispozitivlik prinsipi baxımından həmin iddiaya baxılmasını mümkünsüz edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. (“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərar). Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar