Məhkəmə qərarları › İş №2-1(112)-9174/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9174/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9174/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ünvan 5də inşa edilmiş yaşayış binanın 2-ci mərtəbəsində yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir və həmin sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, istismara icazə sənədində binanın 2-ci mərtəbəsi yaşayış sahəsi kimi qeyd edilsə də, maliyyə arayışı və mənzil tikintisi haqqında müqavilədə müvafiq daşınmaz əmlak 95,4 kv.m. olan qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Bundan başqa, Xətai Rayon İcra və Probasiya Şöbəsinin tərəfindən idarəyə ünvanlanmış “1656” nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında ünvan 5dəki binanın 2-ci mərtəbəsində yerləşən daşınmaz əmlak üzərinə qadağa qoyulmuşdur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə aktları ilə üzərində sahiblik və istifadə hüquqları tanınmış ünvan 2 ünvanda binanın qeyri-yaşayışının 2-ci mərtəbəsində yerləşən, hazırda mənzil kimi yaşadığı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 və "xxxx" Mənzil Tikinti Kooperativi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23/37-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən mənzil statusunda istifadə etdiyi sahə 06 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında dəyəri 3 dəfəyə tam ödənilməklə iddiaçı tərəfindən alınmışdır. Xətai Rayon Məhkəməsinə müraciəti əsasında cavabdehin imtina məktubunda istinad edilmiş qadağa məhkəmənin xx.xx.2025-ci il tarixli 2(011)-3306/2019 saylı Qərardadı ilə götürülmüşdür. Hazırda mənzil kimi istifadə etdiyi Xətai rayonu, M.Hadi küçəsi çoxmənzilli yaşayış binasının qeyri-yaşayışının ikinci mərtəbəsində yerləşən alqısatqı müqaviləsinin cizgi planda ümumi sahəsi 95.4 kv.m göstərilən, təmirdən sonra yalnız 81.6 kv.m olan, mənzil kimi istifadə etdiyi sahə üzərində sahiblik və istifadə hüquqlarının Bakı Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Qətnamələri, müvafiq qanuni qüvvəsini almış AR Ali Məhkəmənin qərarları ilə təsdiq edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubundan göstərilənlərə istinad edilərək bildirmişdir ki, sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, istismara icazə sənədində binanın 2-ci mərtəbəsi yaşayış sahəsi kimi qeyd edilsə də, maliyyə arayışı və mənzil tikintisi haqqında müqavilədə müvafiq daşınmaz əmlak 95,4 kv.m. olan qeyriyaşayış sahəsi kimi göstərilmişdir. Bundan başqa, Xətai Rayon İcra və Probasiya Şöbəsinin tərəfindən İdarəyə ünvanlanmış “1656” nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında ünvan 5dəki binanın 2-ci mərtəbəsində yerləşən daşınmaz əmlak üzərinə qadağa qoyulmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki ümumi sahəsinin 81.6 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - "xxxx" MTK, sonralar “MTK” adlanan və “Alıcı” adlandırılan vətəndaş İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan yaşayış binasının İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95.4 kv.m. “Alıcı”ya verməyi, “Alıcı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 47700 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. "xxxx" MTK ilə bağlanılmış 06 may 2016-cı il tarixli müqavilə əsasında İddiaçı satılmış, binanın 2ci mərtəbəsində yerləşən, sahəsi 95,4 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyriyaşayış sahəsi və "xxxx" MTK ilə bağlanılmış 06 may 2016-cı il tarixli müqavilə əsasında X1, binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 95 kv.m. olan cizgidə göstərilən boş olmuş qeyri-yaşayış sahəsinin pay dəyəri ayrı-ayrılıqda bu şəxslər tərəfindən tam ödənilmişdir. "xxxx" MTK-ya məxsus binanın 2-ci mərtəbəsində yerləşən ayrı-ayrı müqavilərlə bu şəxslərə satılmış qeyri yaşayış sahələrinə aid "xxxx" MTK tərəfindən hər hansı iddia tələbi olmayacağına təminat verilmişdir. -xx.xx.2019-cu il tarixli, 263 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337 məhəllə, M.Hadi küçəsi, 120D, 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən binaya dair 263 nömrəli xx.xx.2019-cu il tarixli istismara icazə sənədində qeyri-yaşayış sahəsi zirzəmi və 1-ci mərtəbə olması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3240/2024 nömrəli qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(011)-718/21 saylı qətnaməsi ilə Q.Qəriblinin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində Qərib Qəriblinin istifadə və sahiblik hüququ tanınmış, İddiaçı həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Q.Qəribliyə təhvil verilməsi, onun mənzildən istifadəsinə cavabdehlər "xxxx" MMC və İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbləri "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin olunmamışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən həmin iş üzrə iddiaçı Q.Qəribli və cavabdeh İddiaçı apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)718/2021 nömrəli, 4 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən– “İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh İddiaçı tərəfindən boşaldılaraq X5 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən X3 istifadəsinə cavabdehlər "xxxx" MMC və İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3240/2024 nömrəli qərarı ilə iddiaçı X6 və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...İddiaçıla bağlanmış müqavilənin və onun adına verilmiş maliyyə arayışının saxta (etibarsız) olması barədə dəlil əsaslı sayıla bilməz. Çünki həmin müqavilə və maliyyə arayışı ayrıca məhkəmə mübahisəsinin predmeti olmuş, müqavilə və maliyyə arayışının etibarsızlığı halları təsdiqini tapmamış, həmin iş üzrə apellyasiya baxışında üçüncü şəxs kimi işə cəlb edilmiş Qərib Qəriblinin kassasiya şikayəti də təmin edilməmişdir. Buna görə də cavabdeh İddiaçıla bağlanmış müqavilənin və onun adına verilmiş maliyyə arayışının saxta (etibarsız) olması və bununla bağlı gətirilən dəlillər əsaslı sayıla bilməz.

111. Başqa sözlə, cavabdeh İddiaçı müqavilə və maliyyə arayışının etibarsızlığı ilə bağlı iddia artıq sonuncunun xeyrinə həll edilib və hüquqi müəyyənlik prinsipi baxımından bu məsələ yenidən mübahisə predmeti ola bilməz.

112. Eyni zamanda iddiaçının da müqaviləsinin etibarsızlığı halı müəyyən edilməyib. Belə olan halda, eyni mənzilə dair iki müqavilə üzrə öhdəliyin kimin xeyrinə icra edilməli olması məsələsinə qiymət verilməlidir.

113. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə İddiaçı 6 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016cı il tarixdə tam ödəmiş və qeyri-yaşayış sahəsi ilk dəfə İddiaçı sahibliyinə verilmiş, sonuncu həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. İşin bu halı həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir.” İddiaçı hazırda 2016-cı il tarixli müqavilə əsasında ona verilmiş qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı "xxxx" MTK ilə podrat müqaviləsi bağlamış və yeni inşa olunan çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsi əldə etmək üçün MTK-ya müvafiq ödəniş etmişdir. Bu hal iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Belə olan halda iddiaçının təqdim etdiyi müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə eyni hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd kimi qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İdarəyə ünvanlanmış “1656” nömrəli, xx.xx.2019-cu il tarixli məktubu əsasında ünvan 5dəki binanın 2-ci mərtəbəsində yerləşən daşınmaz əmlak üzərinə qadağa qoyulmasına gəldikdə, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 3067/2019 nömrəli qərardadından görünür ki, İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş yaşayış binasının ikinci mərtəbəsində olan 95 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3067/2019 saylı qərardadında qeyd olunmuş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-3067/2019 saylı qərardadı ilə qoyulmuş həbs aşkar edilməmişdir. Sənədlər arasındakı uyğunsuzluğa gəldikdə, işdən görünür ki, iddiaçı MTK ilə binanın 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini əldə etmək barədə müqavilə bağlasa da, bina tikilərkən həmin mərtəbə qeyri-yaşayış deyil, yaşayış sahəsi kimi inşa edilmiş, binanın istismara icazə sənədində bu hal öz təsdiqini tapmış, cavabdeh həmin mərtəbədəki daşınmaz əmlakları yaşayış sahəsi kimi qeydə almışdır. Bu hal iddiaçının təqsiri ilə bağlı olmadığından, əldə etdiyi sahəni yaşayış sahəsi kimi təmir etdirməklə istifadə etdiyindən bərabərlik prinsipinin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı həmin sahəsinin mənzil kimi adına qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. ünvan 7 ünvanında yerləşən 120D saylı binanın ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 81.6 kv.metr olan daşınmaz əmlaka mənzil kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar