Məhkəmə qərarları › İş №2-1(112)-9177/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9177/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9177/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayənədəsi İddiaçı2, üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin nümayəndələri X5 və X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollec) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov 61 (Yataqxana) ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayənədəsi İddiaçı2 izahatında bildirdi ki, o və digər iddiaçılar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov 61 (yataqxana) ünvanında qeydiyyatsız yaşayırlar. Həmin ünvanda yaşadıqıları üçün sözügedən evə qeydiyyata düşmək istəyirlər. Bununla bağlı onlar cavabdeh orqana müraciət etmişlər, lakin cavabdeh tərəfindən onların müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X3 izahatında bildirdi ki, sözügedən ünvan tələbələr üçün nəzərdə tutulmuş yataqxanadır, iddiaçılar həmin ünvanda müvəqqəti məskunlaşmışlar. İddiaçıların mübahisələndirilən ünvana qeydiyyata alınmaları mümkün deyil. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin nümayəndəsi X6 izahatında bildirdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin balansında olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov-61 ünvanında yerləşən yataqxana tələbələr üçün nəzərdə tutulmuş yataqxanadır, iddiaçılar həmin ünvanda qaçqın kimi müvəqqəti məskunlaşmışlar. Kollec tələbə yataqxanasının təyinatı və statusuna görə iddiaçıların həmin ünvana pasport qeydiyyatına alınmasına etiraz edir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin digər nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin ailə üzvlərinizlə birlikdə (İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4) qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov 61 (Yataqxana) qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından onların göstərilən ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollec tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, 04/6155 nömrəli texniki pasportuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov-61 ünvanında yerləşən, ümumi sahəsi 785,3 kv.m olan yataqxana Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin balansındadır. İddiaçı1 və onun ailə üzvləri 2006-cı ildə kollecin mərhum direktoru Mübariz Mahmudovun göstərişi ilə Ermənistan qaçqını kimi kollecin yataqxanasında bir otaqda yerləşdirilmiş, sonra isə İddiaçı1 həyat yoldaşı və özü işlə təmin olunmuşdur. Ailə tərkibi dörd nəfərdən ibarətdir: İddiaçı1 - xx.xx.1976 (ailə başçısı); İddiaçı2 - xx.xx.1965 (həyat yoldaşı); İddiaçı3 - xx.xx.2002 (qızı); İddiaçı4 - xx.xx.2004 (oğlu). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və struktur təşkilatlarının balansında yoxdur. Qeyd edilən yataqxana binası təhsil müəssisəsinə aiddir (Azərbaycan Dövlət İqtisad Univerisitetinin nəzdində Sosial-İqtisadi Kollecin balansındadır). İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollecinin xx.xx.2022-ci il tarixli, 31 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli 04/6155 nömrəli texniki pasportuna əsasən ümumi sahəsi 785,3 kv.m olan yataqxana Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin balansındadır. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollec tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin balansında olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov-61 ünvanında yerləşən, ümumi sahəsi 785,3 kv.m olan tələbə yataqxanasının təyinatı və statusuna görə iddiaçı Xəlil Nəriman oğlunun pasport qeydiyyatına alınması üçün razılıq verilə bilməz. Hal-hazırda həmin yataqxanada qaçqın və məcburi köçkünlər müvəqqəti məskunlaşdığına görə heç tələbələr də pasport qeydiyyatına alınmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçıların qeydiyyata alınmalarını xahiş etdikləri ünvan 9 ünvanında yerləşən yataqxana Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin balansındadır, tələbələr üçün nəzərdə tutulmuşdur. İddiaçılar qaçqın kimi həmin ünvana müvəqqəti məskunlaşmışlar. Həm üçüncü şəxslərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlardan, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıların həmin ünvana qeydiyyata alınmalarına etiraz edirlər. İddiaçılar həmin ünvana qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədilər. İddiaçıların həmin ünvana qeydiyyata alınmaları üçün hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların göstərilən ünvana qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar