Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9178/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq cavabdeh X3 ilə ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7, mənzil 111-ə gəlin köçmüşdür. Üç ay həmin mənzildə yaşadıqdan sonra mənzil satıldığından ünvan 2 ünvanında 2 otaqlı həyət evi alaraq həmin ünvana köçmüşlər və həmin vaxtdan da göstərilən ünvanda keçmiş həyat yoldaşı ilə birlikdə yaşayırlar. Hazırda ünvanda yalnız həyat yoldaşı pasport qeydiyyatındadır. Evin mülkiyyət çıxarışı yoxdur. İddiaçı özü Binəqədi rayonu ərazisində pasport qeydiyyatdadır. Uzun müddətdir ki, göstərilən ünvanda yaşamağına və ərazidə yerləşən infrastrukturlardan istifadə etməyinə baxmayaraq ünvana pasport qeydiyyatına düşə bilməmişdir ki, bu da onun üçün bir sıra çətinliklər yaradır, hüquqlarını tam həcmdə həyata keçirməyini məhdudlaşdırır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7620/2021 saylı qətnaməsi ilə iddiaçının ünvan 2 ünvanında yaşayış hüququ tanınmış və onun həmin ünvana köçürülməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Götərilənləri nəzərə alaraq ünvan 2-yə pasport qeydiyyatına alınmağı üçün 07 aprel 2022-ci il tarixdə ərizə ilə Xətai Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə müraciət etmişdir. Müraciətinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7620/2021 saylı qətnaməsinin surətini, Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin surəti və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Müraciəti xx.xx.2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsində № 101-14026q 3122 nömrəsi ilə qeydiyyata alınmış və müraciətinə xx.xx.2022-ci il tarixli 101-16069Q saylı məktubla imtina cavabı verilmişdir. Fərdi yaşayış evinə köçürülmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əsasdır və cavabdehin imtinası əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-7620/2021 saylı qətnaməsi ilə iddiaçının göstərilən ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmış və təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 249 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1, dalan 1, ev 4 Q ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7620/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən tərdi yaşayış sahəsinə (evinə) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7620/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2(103)-7620/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi verilmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə icra sənədində göstərilən ünvan 8 ünvanına köçürülməyində borclu X3 tərəfindən heç bir maneçilik törədilmədiyindən icra sənədi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7620/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 101-21975 nömrəli məktubunda bildirilmişdir ki, məktubda adları qeyd olunan şəxslərin ünvan 9 ünvanına qeydiyyata alınmasına əsas verən sənədlər DİN-in normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların göndərilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-13920- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü X3 Bakı şəhəri, ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, döngə 1, dalan 1, 4Q saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 101-16069Q nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2022-ci il tarixdə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində aidiyyatı üzrə baxıldı. Siz Bakı şəhəri, ünvan 12 ünvanına qeydiyyata alınmanızı xahiş etmisiniz. Məlumat üçün bildirilir ki, yaşayış yeri üzrə qeydiyyata alınması ücün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Nəzərinizə çatdırılır ki, sizin qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəməyə müraciət etmək huququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən evə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Hazırkı işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7620/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən tərdi yaşayış sahəsinə (evinə) köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələb icra edildiyindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına xitam verilmiş, iddiaçı qeyd edilən fədi yaşayış evinə köçürülmüşdür. Hazırda İddiaçı həmin ünvanda qeydiyyatsız yaşayır. Beləliklə, göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli evdə yaşadığı, cavabdehlə birgə təsərrüfat apardığı, iddiaçının özünəməxsus evi olmadığı, həmin ev onun yeganə yaşayış yeri olduğundan orada hüquqlar əldə etdiyi nəzərə alınaraq onun həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ bilavasitə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi həmin evə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, sözügedən ev X1 və İddiaçı sahiblik və istifadəsindədir. İddiaçı yeganə yaşayış yeri olan həmin evdə faktiki yaşayır, qanuni qüvvəsini almış qətnamə ilə o, yaşadığı evə köçürülmüşdür. Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əksinin tələb edilməsi iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə yaşayış yeri kimi tanınmış evdən başqa özünə qeydiyyata alınması üçün əlavə yaşayış yeri axtarması və yaxud yaşamadığı yer üzrə qeydiyyata alınmasına sövq etməyə gətirib çıxara bilər ki, bu da qanunvericiliklə yolverilməzdir. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana X2 qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9178/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9178/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver