Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9179/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 saylı evin 13 saylı mənzilinə adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həmin mənzildə qeydiyyatda olmaqla faktiki olaraq 2 nəfər ailə üzvü ilə (özü və və qızı) uzun illərdir (15 il) yaşayır və bütün kommunal xidmətlərə görə haqları ödəməklə yanaşı mənzildən istifadə, sahiblik hüquqlarını həyata keçirir. Başqa yaşayış yeri yoxdur. Səbail Rayon Məhkəməsinin 11 avqust 2006-cı il tarixli 2-1436/06 saylı qətnaməsi ilə göstərilən mənzildə 1993-cü ildən yaşamış X1 həmin mənzilə yaşayış hüquqları tanınmışdır. Uzun illərdən bəri tanışı olan Ş.N.Quliyeva başqa yaşayış yeri olmadığına görə onu 2008-ci ildə ailə üzvü kimi mənzilə köçürmüşdür. Birlikdə yaşayıb onunla ümumi təsərrüfatın aparılmasında iştirak etmişdir. Sonradan Ş.N.Quliyeva başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Yaşadığı mənzilin kirayə müqaviləsinin adına bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-52-13/2-İ-xx-xx/2023 saylı məktubla iddiaçıya bildirilmişdir ki, “Mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin istifadənizə verilməsi barədə hüquqmüəyyənedici sənəd (order) təqdim edilmədiyindən xahişinizi təmin etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir”. Ona görə də, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 1 saylı yaşayış binası balansa qəbul edilmişdir. Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin “Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin strukturunda və dislokasiyasında qismən dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli sərəncamının 2-ci bəndinə əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Səbail rayonunun ərazisində yerləşən 149 saylı mənzilkommunal istismar sahəsinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Halhazırda qeyd edilən bina və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, lakin həmin mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin onun adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İPM-in 38.2-ci maddəsindən göründüyü kimi bu növ iddialarda iddia müddətinin axımı arzulanan inzibati aktın qəbul edilməsindən imtina edilməsi barədə müvafiq inzibati aktın, yaxud bu barədə yazılı məlumatın maraqlı şəxsə verildiyi vaxtdan başlayır. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinası barədə məktubu almadığını bildirmiş, cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatlandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Odur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, A.İsmayılov küçəsindəki 1 nömrəli, 2 mərtəbəli evin 2-ci mərtəbəsində, 41.4 kv.m yaşayış sahəsi olan, 2 otaqlı, 13 nömrəli mənzilində yaşayır, ailə tərkibi 2 (iki) nəfərdən ibarətdir – İddiaçı (özü) və X3 (qızı). -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və X3 ünvan 2 ünvanında qeydiyyatdadır. -Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X1 ünvan 4 ünvanına yaşayış hüququnun tanınması və onun həmin ünvana qeydə alınması vəzifəsinin Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, hal-hazırda qeyd edilən bina və orada yerləşən 13 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd edilən binanın 13 saylı mənzilinə dair X1 adına hər hansı hüqumüəyyənedici sənəd təhvil verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Məhkəmə qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdular. Həmin Məcəllənin: -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. -52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. -53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. -54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları adlanan 8.0-ci maddəsində göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Həmin Məcəllənin: -51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Göründüyü kimi, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iddiaçı mübahisə predmeti olan mənzilin qanunla yol verilən əsaslar üzrə sahibliyinə və istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə sənədin mövcud olduğu müəyyən edilməmişdir. İddiaçının adına kirayə müqaviləsinin bağlanılmasını tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 saylı evin 13 saylı mənzildə uzun müddət yaşaması və yaşayış yeri üzrə pasport qeydiyyatında olması faktına istinad edərək həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatla şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması məqsədi daşıyır və qanunverici şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu tələb isə şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu baxımdan, iddiaçının qeyd olunan mənzildə uzun müddət yaşaması və yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə dair hazırkı iddia olunan hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. İddiaçının Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1436/06 saylı qətnaməsi ilə yaşayış hüququ tanınmış və qeydiyyata alınmış mənzilin əvvəlki istifadəçisi X1 ailə üzvü kimi köçərək orada yaşaması ilə bağlı dəlilinə gəlincə məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi köhnə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri onun halına aid vəziyyəti tənzimləyən norma deyildir. Belə ki, həmin normalar mənzilin icarədarının mövcud olduğu hallarda tətbiq edilir. Hazırkı işdə isə X1 bəhs olunan mənzilin icarədarı olmasına dair heç bir sübut yoxdur. Rayon məhkəməsinin qətnaməsindən də görünür ki, o, qeyd olunan mənzilə uzun illər yaşadığı üçün ora yaşayış hüququ tanınmaqla qeydiyyata alınmış şəxsdir. Odur ki, iddiaçı qeyd olunan normaların təsiri altına düşmür. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. İddiaçı ünvan 2-ün kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Odur ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9179/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9179/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver