Məhkəmə qərarları › İş №2-1(112)-918/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-918/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-918/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh AR İİN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 29 mart 2020-ci il tarixli **********198573 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu madəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 mart 2020-ci il tarixli qərarı ilə 3 fevral 2020-ci il tarixli “səyyar vergi yoxlaması aktı” əsasında İddiaçı ASC barəsində 753.296,81 manat əlavə verigi hesablanması, 265.036,01 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar əsassız və qanunsuz hesab edilir. Belə ki, 2018-ci ildən başlayaraq təqribən 1 il 3 ay davam etmiş səyyar vergi yoxlamasının 3 mart 2020-ci il tarixli aktının 1.9.1-ci bəndindən də göründüyü kimi, yoxlama predmetinə aid olan 1 yanvar 2015-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək vergilərin hesablanması üçün tələb olunan ilkin mühasibat sənədləri, müqavilələr, kredit müqavilələri, əsas vəsaitlərin sənədləri, qəbzlər, uçot jurnalları, ödəniş, xəzinə sənədləri və tələb olunan bütün sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Bütün sənədlər araşdırıldıqdan sonra vergidən yayınma, kənarlaşma halı müəyyən edilməmişdir. Aktdan da göründüyü kimi, tətbiq edilən bazar qiymətindən başqa hər hansı əlavə vergi müəyyən edilməmişdir, hesablanmamışdır. Bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edilməsi isə, hazırkı halda qanunauyğun deyil, eyni zamanda ekspert tərəfindən də bazar qiyməti düzgün hesablanmamışdır, həmçinin ekspertin ümumiyyətlə rəy verilmədiyi dövrə vergi orqanı tərəfindən qeyri-real bazar qiyməti tətbiq edilmişdir. İddiaçı ASC 1998-ci ildə dövlət müəssisəsi olan “Bakıelektroterm” İB-nin bazasında yaradılmış və investisiya müsabiqəsi ilə “X5”yə satılmış və ona məxsusdur. “X5” tərəfindən 227.000.000 manat vəsait qoyularaq bütün infrastruktur, kommunikasiyalar, istehsal sahələri daxil olmaqla yeni metallurgiya kompleksi tikilib yaradılmışdır. Bunlar hamısı “X5”nin mülkiyyətidir və balansındadır. Həmin metallurgiya kompleksinin fəlaliyyəti həmçinin “X5”nin özəlləşdirdiyi "xxxx" ASC-nin bütün respublika üzrə fəaliyyət göstərən sahələri ilə təmin edilir. Yəni, İddiaçı ASC-də “X5” tərəfindən yaradılmış metallurgiya kompleksi yalnız “X5”nin digər müəssisələrində olan fəaliyyəti ilə əlaqəli mümkündür. Beləliklə, icarə münasibətləri və icarə haqqı yalnız İddiaçı ASC illik əmlak, torpaq vergilərinin qarşılanması üçün müəyyən edilmişdir. Bütün istehsal kompleksi, qurğu və avadanlıqlar “X5”yə aiddir. Başqa sözlə, icarə münasibətlərinin şərtləri bir tərəfin digər tərəfdən asılılığı səbəbindən yaranmamışdır, təsərrüfat əlaqələri, iri məbləğdə, 227 mln manat məbləğində yatırım, qovuşmuş ərazi, sıfırdan yaradılımış istehsal ərazisi, vahid istehsal komleksinin yaranması səbəbi ilə formalaşmışdır. Qeyd edildiyi kimi, İddiaçı ASC-nin dövlət müəssisəsi kimi özəlləşdirilmə qaydasında “X5”yə satışı, onun tərəfindən uzun illərdir ki, 22 ilə yaxın müddətdir ki, ərazisində vəsait qoyaraq, investisiya yatırılaraq, metallurgiya kompleksi yarıdılmışdır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarında qeyd olunur ki, əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, AR Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə, vergi orqanının üzərinə düşür. Yəni, aktdan da göründüyü kimi, icarəçi “X5”nin 22 illik yatırım, 227.000.000 manat məbləğində yatırımları, bu müddətdə ərazidə yaradılmış metallurgiya kompleksinin, istehsalın, avadanlıqların, sobaların, kommunikasiyaların, sexlərin ona məxsus olması ilə əlaqədar səyyar yoxlama zamanı vergi orqanı tərəfindən araşdırma aparılmamışdır. Hətta, dəfələrlə iddiaçı tərəfindən bildirilmişdir ki, süni şəkildə icarə haqqının artımı büdcəyə ödənilən verginin məbləğində dəyişiklik yaratmır, əksinə süni qaldırılmış icarə haqqı “X5”də xərclərə aid edilərək mütənasib olaraq həmin məbləğdə vergi “X5”də azalır. Faktiki, ödənilən verginin məbləğində də dəyişiklik olmur, sadəcə həmin məbləğdə vergi bir müəssisədən digərinə geçirilir. Beləliklə, icarə münasibətlərinin şərtləri bir tərəfin digər tərəfdən asılılığı səbəbindən yaranmamışdır, təsərrüfat əlaqələri, iri məbləğdə, 227 mln manat məbləğində yatırım, qovuşmuş ərazi, istehsal ərazisi, vahid istehsal komleksinin yaranması səbəbi və əsası ilə formalaşmışdır və buna görə Vergi Məcəlləsinin 14.5-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC ilə “X5” arasında olan həmçinin digər analoqu olmayan əməliyyatın qiyməti nəzərə alınmalıdır. “X5”-nin tikinti, təmir işləri, avadanlıqların həcm böyük olduğundan bir hissəsinə dair müqavilələr, aktlar, qaimələr, gömrük sənədləri, icarə müqavilələri, şəkillər əlavə edilmişdir. Zərurət olarsa, 22 illik müddətdə aparılmış tikinti, təmir işləri, avadanlıqların hamısına dair bütün sənədlər təqdim oluna bilər, bu çoxlu sayda qutular olmaqla böyük bir arxivdir. Bu 22 il ərzində ASC tərəfindən hər-hansı xərcin çəkilməsi belə vergi orqanı tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən, bazar qiymətinin müəyyənləşdirilməsi və vergilərin hesablanmasında da kobud qanun pozuntusuna və səhvlərə yol verilmişdir. Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında müəyyən edilir ki, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir, bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Eyni normalar AR Vergi Məcəlləsində də müəyyənləşdirilmişdir. Lakin bütün bunlara zidd olaraq ekspertiza zamanı icarəçinin əmlakları İcarəyə verənin əmlakı kimi göstərilmiş, metallurgiya kompleksi üçün restoran, otel, şadlıq evinin yanındakı ofis otaqları analoqlar kimi götürülmüş, hal hazırda da dövlət mülkiyyətində olan torpaq xüsusi mülkiyyətdə olan torpaq kimi qiymətləndirilmiş, 2020-ci ilin qiymətləri 2015 – 2018-ci illərə tətbiq edilmiş və digər kobud qanun pozuntusuna yol verilmişdir. Bu icarə münasibətinin bazarda analogiyası yoxdur. Eyni hal ekspert tərəfindən də rəydə qeyd edilmişdir. Rəyin “aparılmış hesablamalar” adlanan 9-cu bölməsində ekspert birbaşa göstərir ki, qiymətləndirmə icarə dəyərinin müəyyən edilməsində müqayisə mövqeyindən yanaşmaya qiymətləndirilən obyektin analoqları ilə aparılmış icarə əməliyyatları barədə kifayət qədər bazar məlumatları olduğu hallarda istinad olunur. Rəydə qeyd edilir ki, oxşar halın praktiki baxımdan mövcud olmaması qiymətləndirici mütəxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən təshihlər aparmaqda problemlər yaratmışdır. Lakin öz yazdığına zidd olaraq, ekspert analoqu olmayan kimi göstərdiyi metallurgiya kompleksinə 3 analoq müəyyənləşdirir. Məntiqli olmasa da, çoxmənzilli binada yerləşən restoran, otel və şadlıq sarayına bitişik ofis metallurgiya kompleksinə analoq kimi göstərilir. Həmin obyektlər üçün icarə haqqı 1 kv.m-ə 2 manat müəyyən edilərək bunun əsasında icarəçi “X5”yə məxsus metallurgiya istehsal kompleksinə icarə haqqı hesablanmışdır. Bundan başqa, 2020-ci il üzrə qiymətləri 2015 – 2018-ci illərə tətbiq olunmuşdur. Hətta rəydə qiymətlərə 10 yanvar 2020-ci ildə istinad edilir. Maraqlı isə odur ki, tikilinin tarixini 2019-cu il kimi (“X5”nin hazır anbarının tikintisinin tam başa çatdırması tarixi) göstərən ekspert 2019-cu ilin tikilisinə 2015 – 2018-ci illərə icarə haqqı hesablayır. Daşınmaz əmlakın xərc üsulu ilə müəyyən edilməsi qeyd edildiyi kimi, bu halda mümkün deyil. Çünki, bütün çəkilən xərclər icarəçi “X5”nindir. Qeyd edildiyi kimi, 1998-ci ildən bu günədək 22 il müddətində sexlər, qurğular, oksigen zavodu tikilmiş, hətta tikililərin bir hissəsinə “X5” tərəfindən reyestrdən çıxarış da alınmışdır. Müqayisə edilən, qiymətləndirilən obyektdə “X6”nin vəsait xərcləməsi ümumiyyətlə nəzərə alınmamışdır. Əlavə olaraq, kobud şəkildə torpağın xüsusi mülkiyyətdə olması göstərilir, bunun əsasında torpağa qiymət qovulur, hətta analoq tapılması üçün istifadə təyinatı, faktiki istifadəsi yaşayış sahəsi kimi qeyd edilərək digər yaşayış sahələri ilə müqayisə edilir. Avadanlıqlar üçün icarə haqqı hesablanması ümumiyyətlə anlaşılmazdır. Mövcud olmayan, istismar müddəti bitmiş avadanlıqlara icarə haqqı hesablanmışdır. Avadanlıqların ili göstərilməmişdir, göstərilənlər 70 – 80-ci illərin avadanlıqlarıdır və onların əksəriyyəti mövcud deyil. Bunun əvəzinə hətta mövcud olmayan divar plitəsinə, yaşıllaşdırmaya, abadlığa, tikinti işlərinə, yağış suları şəbəkəsinin tikinti işlərinə icarə haqqı hesablanmışdır. Nəticədə, qalıq dəyəri 2.573.077 manat olmuş əsas vəsaitə 2015-ci il üçün 1.618.593 manat icarə haqqı, qalıq dəyəri 2.393.219 manat olmuş əsas vəsaitə 2016-ci il üçün 1.247.505 manat icarə haqqı, qalıq dəyəri 2.225.933 manat olmuş əsas vəsaitə 2017-ci il üçün 1.280.052 manat icarə haqqı, qalıq dəyəri 2.070.340 manat olmuş əsas vəsaitə 2018-ci il üçün 1.363.402 manat icarə haqqı hesablanmışdır. Göründüyü kimi, hesablanmış illik icarə haqqı əmlakın dəyərinin 65%-dən də artıqdır. Ekspert qarşısında 2015-ci ilin noyabrından 2018-ci ilin noyabrınadək aylıq icarə haqqının müəyyən edilməsi sualı qoyulmuşdur. Rəydən göründüyü kimi, ekspert də bu suala cavab vermişdir (iddiaçı bunu qəbul etmir). Lakin bu halda da vergi orqanı tərəfindən ekspertin cavabının tətbiqində də pozuntuya yol verilmişdir. Ekspertin 2015-ci ilin yanvar – oktyabr ayları üçün heç bir araşdırma aparmadığı, yalnız noyabr 2015-ci il tarixdən sonrakı dövr üçün qiymətlərə dair öz mübahisəli rəyini bildirməsinə baxmayaraq, vergi orqanı əsas olmadan hətta bunu əvvəlki dövrə də aid edir və tam 2015-ci il üçün mənfəət vergisi hesablayır. Qeyd etmək lazımdır ki, ekspertin rəyinin akta əlavə edildiyi göstərilsə də, əslində vergi orqanı yoxlama aktını vergi ödəyicisi kimi iddiaçıya qeyd edilən rəy əlavə edilmədən göndərmişdir. Əlavə səylərdən sonra, iddiaçıya rəyin növbəti dəfə götürülməli olduğu bildirilmiş və rəy 10 aprel 2020-ci il tarixdə təqdim edilmişdir. Yoxlamanın nəticələrinə baxılması haqda məktub iddiaçıya baxış təyin edilən gün keçəndən sonra təqdim edilmişdir. Məktubun özündən də göründüyü kimi, 16 mart tarixli məktubla növbəti günə 17 mart tarixinə bildiriş göndərilir və bundan başqa, 1 gündən az vaxt qalmasına baxmayaraq bu bildiriş də müddət keçəndən sonra təqdim edilir. Mübahisələndirilən 29 mart 2020-ci il tarixli qərar isə, dəfələrlə müraciətə baxmayaraq, bu günədək iddiaçıya təqdim edilməmişdir. Həmin qərar haqda iddiaçı elktron kargüzarlıqla göndərilimş **********573500 saylı tələbnaməni aldıqdan sonra məlumatlanmışdır. Həmçinin, qanunun tətbiqində də səhvə yol verilmişdir. Belə ki, məsuliyyət və məsuliyyətə cəlb etmə həmin dövr üçün qüvvədə olan AR Vergi Məcəlləsinə uyğun aparılmalı idi. Belə ki, həmin dövrdə olan həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Lakin, AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqında 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 56.1-ci maddə yeni redaksiyada verilmişdir. Artıq 2020-ci ildən iddiaçıya münasibətdə Məcəllənin 56.1-ci maddəsinin yeni redaksiyası onun vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır. Yeni redaksiyaya əsasən əlavə şərt əlavə edilmişdir ki, Məcəllənin 56.1-ci maddəsi ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Başqa sözlə, bu yeni bu yeni norma olmasa idi, əvvəlki norma ilə iddiaçı yoxlama başa çatdırılaraq qərarın çıxarıldığı tarixdən əvvəlki 3 il üçün məsuliyyətə cəlb edilə bilərdi. Lakin yoxlamanın 2018-ci ildə təyin edilməsinə (başlanmasına) baxmayaraq, 2020-ci ildə qüvvəyə minmiş yeni norma tətbiq edilmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 54.0.2-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 67-ci maddəsinə, İPM-in 32.1-ci maddəsinə əsaslanaraq, cavabdehin **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 2 sentyabr 2020-ci il tarixli məktubunda iddiaya qarşı etiraz olunaraq aşağıdakılar bildirilir: - Hesab edilir ki, iddia təmin edilməməlidir. Belə ki, müəssisə müstəqil balansı və hesablaşma hesabı olan hüquqi şəxsdir. Təşkilatı hüquqi forması ASC, mülkiyyət forması xüsusidir. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə icarə fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin təsisçisi “X7” MMC-dir. Müəssisə tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin sənədlər təqdim edilmişdir. Səyyar vergi yoxlaması təqdim edilmiş ilkin sənədlərə, müəssisənin apardığı əməliyyatlar barədə Vergilər Nazirliyinin baza məlumatlarına, bank əməliyyatlan barədə hesabları yerləşən banklardan alınmış məlumatlara aparılmışdır, həmçinin, yoxlama zamanı vergilərin hesablanması üçün yoxlamaya cəlb edilmiş ekspertin verdiyi rəydən istifadə edilmişdir. ASC yoxlanılan dövrdə ünvan 2 ünvanda şəxsi daşınmaz əmlakin istismara və kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Əlavə dəyər vergisi üzrə: yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrin düzgünlüyü yoxlanılmışdır. “MBA LTD" MMC qiymətləndirmə qurumunun eksperti tərəfindən 16 dekabr 2019-cu il tarixli qərara əsasən müəssisəyə məxsus, ünvan 3 ünvanda yerləşən obyektə müşahidələr aparılaraq ekspertiza keçirilmişdir. İcarəyə verilmiş təsərrüfat subyektinin, o cümlədən qeyri-yaşayış sahəsinin (torpaq, binalar və istehsal sahələri), avadanlıq, dəzgah və qurğuların orta aylıq icarə haqqları yoxlanılan dövrdə – 2015-ci il üzrə 134.882,8 manat (qeyri-yaşayış sahəsi üzrə 116.982,1 manat, qurğu və avadanlıqlar üzrə 17.900,7 manat), 2016-cı il üzrə 103.958,8 manat (qeyri-yaşayış sahəsi üzrə 90.452,6 manat, qurğu və avadanlıqlar üzrə 13.506,2 manat), 2017-ci il üzrə 106.671 manat (qeyri-yaşayış sahəsi üzrə 92.561 manat, qurğu və avadanlıqlar üzrə 14.110 manat), 2018-ci il üzrə 113.616,9 manat (qeyri-yaşayış sahəsi üzrə 97.308,4 manat, qurğu və avadanlıqlar üzrə 16.308,5 manat) icarə haqqı müəyyən edilmişdir. Beləliklə, bəyannamədə göstərilən məbləğin bəyannamədə göstərilməli olan məbləğə nisbətən 424.254,22 manat azaldılması aşkar edilmişdir. AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 424.254,22 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 117.796,2 manat maliyyə sanksiyası tətbiq edilmişdir (AR Vergi Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmaqla). Mənfəət vergisi üzrə: Bəyannamə məlumatlarına əsasən mənfəət vergisi üzrə 2015-ci ildə ümumi gəlir 334.800 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 54.933,86 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 7.271,23 manat, mənfəət vergisi 1.454,25 manat hesablanmışdır. 2016-cı ildə ümumi gəlir 334800 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 68.164,09 manat, mənfəət vergisi 13.632,82 manat hesablanmışdır. 2017-ci ildə ümumi gəlir 334.800 manat, xərclər 258.045,05 nanat, vergiyə cəlb olunan mənfəət 76.754,95 manat, mənfəət vergisi 15.350,99 manat hesablanmışdır. Yoxlama nəticəsində mənfəət vergisi üzrə 2015-ci ildə ümumi gəlir 507.614,92 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 227.748,78 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 180.086,15 manat, mənfəət vergisi 36.017,23 manat hesablanmışdır. 2016-cı ildə ümumi gəlir 1.057.208,16 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 790.572,25 manat, mənfəət vergisi 158.114,45 manat hesablanmışdır. 2017-ci ildə ümumi gəlir 1.084.789,92 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 826.744,87 manat, mənfəət vergisi 165.348,97 manat hesablanmışdır. Cəmiyyət yoxlanılan dövrdə 359.480,65 manat mənfəət vergisi hesablamalı olduğu halda, 30.438,06 manat mənfəət vergisi hesablamışdır. Nəticədə mənfəət vergisinin bəyənnamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 129.042,59 manat azaldılması aşkar olunmuşdur. AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 329.042,59 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 147.239,81 manat maliyyə sanksiyası tətbiq edilmişdir (AR Vergi Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmaqla). Beləliklə, yoxlanılan dövrdə ƏDV-in 424.254,22 manat, mənfəət vergisinin 329.042,59 manat, cəmi vergilərin 753.296,81 manat azaldılması müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, bazar qiymətinin müyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edilməsi hazırkı halda qanunauyğun deyil, eyni zamanda ekspert tərəfindən də bazar qiyməti düzgün hesablanmamışdır. Vergi orqanı əsaslı olaraq AR Vergi Məcəlləsinin 14.3, 14.5, 14.6-cı maddələrinin tələblərinə uyğun şəkildə icarə obyektinin qiymətləndirilməsi üçün ekspertiza keçirilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 16.1.1, 23.1.1, 24, 94-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. MPM-in 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, “X3” MMC və "xxxx" MMC-yə yoxlanılan obyektin müvafiq vəziyyətdə və dövrdə ƏDV daxil aylıq orta bazar icarə haqqı qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəylərinin ekspertiza tədqiqatına təqdim olunmasının təmin edilməsi tapşırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - İddiaçı ASC-yə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqının orta bazar qiyməti, eləcə də iş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********172996 nömrəli 3 fevral 2020-ci il tarixli “səyyar vergi yoxlaması aktı”nda istinad olunan xərc və əvvəlki illərin zərər məbləğləri nəzərə alınmaqla qeyd olunan dövrlər üçün mənfəət vergisi və əlavə dəyər vergisi məbləğlərinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən 9/4837 nömrəli 11 noyabr 2020-ci il tarixli ekpsert rəyində aşağıdakılar bildirilir: - (mənfəət vergisi üzrə) "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 28.000 manat, qurğular üzrə 3.500 manat olmaqla ümumilikdə 31.500 manat məbləğində olduğu nəzərə alınmaqla 2015-ci ildə ümumi gəlir 320.338,98 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 40.742,84 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 0,0 manat və keçmiş illərin zərəri 7.189,79 manat hesablanır. 2016-cı ildə ümumi gəlir 320.338,38 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 53.703,07 manat, keçmiş illərin zərəri 7.189,79 manat çıxılmaqla, vergiyə cəlb olunan mənfəət 46.513,28 manat, mənfəət vergisi 9.302,56 manat hesablanır. 2017-ci ildə ümumi gəliri 320.338,98 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 62.290,93 manat, mənfəət vergisi 12.458,18 manat hesablanır. Yəni, müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə hesablanmış 30.438,06 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə 8.677,22 (21.760,83 – 30.438,06) manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilir; - (mənfəət vergisi üzrə) “X3” MMC-nin 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 32.000 manat, qurğular üzrə 4.000 manat olmaqla ümumilikdə 36.000 manat məbləğində olduğu nəzərə alınmaqla 2015-ci ildə ümumi gəlir 366.101,69 manat, xərclər 279.866,14 manat, vergiyə cəlb olunan mənfəət 86.235,55 manat, keçmiş illərin zərəri 47.662,63 manat çıxılmaqla, vergiyə cəlb edilən mənfəət 38.572,92 manat və mənfəət vergisi 7.714,58 manat hesablanır. 2016-cı ildə ümumi gəlir 366.101,69 manat, xərclər 266.635,91 manat, vergiyə cəlb olunan mənfəət 99.465,78 manat, mənfəət vergisi 19.893,15 manat hesablanır. 2017-ci ildə ümumi gəliri 366.101,69 manat, xərclər 258.045,05 manat, vergiyə cəlb olunan mənfəət 108.056,64 manat, mənfəət vergisi 21.611,33 manat hesablanır. Yəni, müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə hesablanmış 30.438,06 manat nəzərə alınmaqla tədqiqatla müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə 18.781 (49.219,06 – 30.438,06) manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilir; - (ƏDV üzrə) "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 28.000 manat, qurğular üzrə 3.500 manat olmaqla ümumilikdə 31.500 manat məbləğində olduğu nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 961.016,94 manat (ƏDV-siz) və bu dövriyyədən Vergi Məcəlləsinin tələblərinə əsasən 172.983,04 manat (961.016,94 manat x 18%) məbləğində ƏDV hesablanır. Yəni, hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 175.032 manat nəzərə alınmaqla müəssisə tərəfindən 2.048,95 (172.983,04 – 175.032) manat məbləğində ƏDV-nin dövlət büdcəsinə artıq hesablanması müəyyən edilir; - (ƏDV üzrə) "xxxx" MMC-nin 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin avadanlıqla təchiz edilmədən, yaxşılaşdırma, təmir və tikinti işləri aparılmadan 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV daxil aylıq icarə haqqı tikililər üzrə 32.000 manat, qurğular üzrə 4.000 manat olmaqla ümumilikdə 36.000 manat məbləğində olduğu nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi 1 noyabr 2015-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək olan dövr ərzində ümumi dövriyyə 1.098.305,08 manat (ƏDV-siz) və bu dövriyyədən Vergi Məcəlləsinin tələblərinə əsasən 197.694,91 manat (1.098.305,08 manat x 18%) məbləğində ƏDV hesablanır. Yəni, hazırkı tədqiqatla yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 175.032 manat nəzərə alınmaqla müəssisə tərəfindən 22.662,91 (197.694,91 – 175.032) manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 23 dekabr 2020-ci il tarixli məktubunda iş üzrə alınmış ekspertiza rəyinə aşağıdakı məzmunda mülahizə bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli rəylə razılaşmır və hesab edir ki, həmin rəy işdə mötəbər sübut qismində qiymətləndirilə bilməz. Məlum olduğu kimi, sözügedən ekspet rəyi “X3” MMC və "xxxx" MMC tərəfindən hazırlanmış qiymətləndirmə rəyləri əsasında hazırlanmışdır. Ümumiyyətlə “X3” MMC və “Fame Pro" MMC-nin təqdim etdiyi rəylərə nəzər saldıqda, hazırlamış mütəxəssislərin təhsili, ixtisası, iş təcrübəsi cavabdeh tərəfə, eyni zamanda məhkəmə araşdırmasına qeyri-məlum olaraq qalmışdır. Həmçinin rəylərə mütəxəssislərin hansı sahədə ixtisaslaşmasını təsdiq edən sertifikat, habelə məsuliyyətini anlaması barədə iltizamlar da əlavə edilməmişdir. Eyni zamanda vergi orqanında olan qeydiyyat məlumatlarına əsasən “X3” MMC-nin əsas fəaliyyət sahəsi “mühəndis axtarışları və bu sahədə texnik məsləhətlərin verilməsi”, "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi isə “digər qruplara daxil edilməyən sair maliyyə vasitəçiliyidir (sübut əlavə olunur). Həmçinin həmin müəssisələrin nizamnaməsində belə daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi fəaliyyətinin adı çəkilmir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istinad edilən rəyləri vermiş müəssisələrin fəaliyyət sahəsi daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi sahəsindən çox uzaqdır və sual oluna bilər ki, həmin müəssisələr fəaliyyət sahələrinə aid olmayan sahədə necə rəy verə bilmişlər. Sözsüz ki, onların bu sahədə rəy vermək hüquqları olmamışdır. Bu cür nöqsan və boşluqlara malik olan rəylərin mötəbərliyi ciddi şübhə altındadır və sözsüz ki, büdcəyə haqlı olaraq hesablanmış külli miqdarda vergilərin taleyinin öz fəaliyyət sahəsinə uyğun olmayan müəssisələrin rəyləri ilə həll edilməsi qeyrimümkündür. Həmin rəylərə əsasən iddiaçı tərəfindən “X5” MMC-yə icarəyə verilmiş ünvan 5 ünvanında yerləşən təsərrüfat subyektinin (qeyri-yaşayış sahəsi, avadanlıq və qurğular) aylıq icarə haqqı qiyməti "xxxx" MMC tərəfindən 31.500 manat, “X3” MMC tərəfindən isə 36.000 manat müəyyən edilmişdir. Ümumi sahəsi 100.801,50 kv.m olan əsas sənaye obyektlərinə və şəhər mərkəzinə yaxın bir yerdə yerləşmiş 4 mərtəbəli avandanlıqlarla birgə əmlak kompleksinin (zavod) aylıq icarə haqqının maksimum 36.000 manat müəyyən edilməsi təəccüb hissi doğurmaya bilməz. Elementar müqayisələr apardıqda belə bu qiymətin orta bazar qiymətlərindən dəfələrlə əz olduğunu qeyd etmək üçün hər hansı bir xüsusi biliyə ehtiyac qalmır. Lakin yoxlama zamanı vergilərin hesablanmasına əsas olmuş "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən əmlak kompleksinin aylıq icarə haqqı illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: 2015-ci il üzrə – bina 116.982,10 manat, avadanlıq 17.900,70 manat, cəmi 134.882,80 manat, 2016-cı il üzrə – bina 90.452,60 manat, avadanlıq 13.506,20 manat, cəmi 103.958,80 manat, 2017-ci il üzrə – bina 92.561,00 manat, avadanlıq 14.110,00 manat, cəmi 106.671,00 manat, 2018-ci il üzrə – bina 97.308,40 manat, avadnlıq 16.308,50 manat, cəmi 113.616,90 manat. Qeyd olunanlardan göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin istinad etdiyi mütəxəssis rəyləri ilə müəyyən edilmiş aylıq icarə haqları "xxxx" MMC-nin müəyyən etdiyi icarə haqqı məbləğindən 3 dəfədən çox fərqlənir. Məhkəmənin diqqətinin ilk növbədə bu uyğunsuzluq və ziddiyyətə cəlb etməklə bildirilir ki, təcrübədə heç bir halda eyni obyektin icarə haqqı məbləğinin bu qədər fərqli təxminən 300% fərqlə müəyyən edilməsinə rast gəlinməmişdir. Eləcə bu hal iş materiallarında olan “X3” MMC və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə haqqı məbləğinin real həqiqətə uyğun olmadığını göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, heç bir halda 2015 – 2018-ci illər üzrə icarə haqqı məbləği eyni ola bilməz. Müxtəlif iqtisadi və digər faktorların təsiri nəzərə alındıqda məlum məsələdir ki, belə bir böyük əmlak kompleksinin də aylıq icarə haqqı məbləği müxtəlif illərdə fərqli olmalı idi. Lakin “X3" MMC və "xxxx" MMC tərəfindən bütün illər üçün eyni məbləğ müəyyən edilmişdir. Üçüncüsü, “X3” MMC və "xxxx" MMC tərəfindən müəyyən edilmiş icarə haqqı məbləğinin demək olar ki, iddiaçı tərəfindən bəyan edilmiş məbləğə çox yaxın olması da rəylərin həqiqətə uyğun olduğunu ciddi şübhələr altına qoyur. “X3" MMC tərəfindən verilmiş rəydə obyekt haqqında məlumat hissəsində qeyd edilmişdir ki, qiymətləndirmə tarixinə qiymətləndirmə obyekti istismara tam yararsız vəziyyətdə olmuşdur. Bununla əlaqədar bildirilir ki, mütəxəssis tərəfindən heç bir sübut və dəlil olmadan rəydə belə bir məsuliyyətsiz ifadənin işlədilməsi yolverilməzdir. Ən azı qiymətləndirimə tarixinin 2015 – 2018-ci illər olması onu deməyə əsas verir ki, həmin dövrlərdə ekspert qiymətləndirilən obyekti görməmiş və onun istismara yararsız olduğunu da bilə bilməzdi. Belə ki, iddiaçı özü belə obyektin istismara yararsız olduğunu qeyd etməmişdir. Eyni zamanda mütəxəssislər nəzərə almamışdır ki, tərəflər arasında bağlanan icarə müqaviləsinə əsasən içarəçi tərəfindən aparılan bütün yaxşılaşdırma və təmir işlərinin xərcləri icarəyə verən tərəfindən icarəçiyə ödənilməlidir. Bu müddəa ona dəlalət edir ki, icarəçiyə, yəni “X5” MMC-yə tam təmirli, avandanlıqla təchiz olunmuş, istismara yararlı əmlak kompleksi icarəyə verilmişdir. Çünki müqavilənin şərtlərinə əsasən icarəyə götürülən əmlak kompleksində aparılan bütün yaxşılaşdırmaların xərci son nəticədə İddiaçı ASC tərəfindən ödəniləcək. Belə olan halda, icarə haqqının bazar qiymətinin müəyyən edilməsi zamanı mütəxəssislərin heç bir haqqı yoxdur ki, əmlak kompleksinin təmirsiz, istismara yararsız olduğunu qeyd etməklə icarə haqqını aşağı qiymətlə müəyyən etsinlər. Bunlarla yanaşı yoxlama zamanı istinad olunan "xxxx" MMC tərəfindən verilmiş rəyin məzmununa nəzər saldıqda icarə haqqı məbləğinin necə müəyyən edildiyinin tam ətraflı izah edildiyi, analoji obyektlərlə müqayisəli təhlilin aparıldığı aşkar görünsə də, digər “X3” MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərin bu əlamətlərə malik olmadığı, keyfiyyət və məzmun baxımından “MBA LTD" MMC tərəfindən verilmiş rəydən dəfələrlə geri qaldığı müəyyən olunur. "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə aşkar nöqsana da yol verildiyi görünür. Belə ki, müəssisə tərəfindən 2015 – 2017-ci illər üzrə hər il ümumi gəlirin 334.800 manat (ƏDV-siz) təşkil etdiyi göstərilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən hər il üzrə ümumi gəlirin 320.338,98 manat olduğu göstərilmiş və bu halda nəticədə hesablamaların yanlış aparılmasına səbəb olmuşdur. “X3” MMC və "xxxx" MMC-nin rəylərində qeyd edilmişdir ki, 2020-ci il üzrə qiymətlərin artımı dinamikası təhlil edilmiş, iqtisadi vəziyyətin təhlili əsasında yaxın illərdə daşınmaz əmlakın qiymətlərində durğunluq ilə bağlı nəticələri müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək olan dövrü əhatə etməsinə baxmayaraq, qiymətləndiricilər əsassız olaraq 2020-ci üzrə qiymətlərin artımı dinamikasını təhlil etmişlər. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istinad olunan mütəxəssis rəylərinin nəticəsi kifayət qədər nöqsanlı və şübhə yaradan faktlarla zəngin olduğundan və qeyd olunan halların təkrarən araşdırılmadığı halda Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2020-ci il tarixli rəyi iş üzrə sübut qismində qəbul edilə bilməz. AR Mülki-Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəy məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən hesab edilir ki, işin faktiki halları, icarəyə verilən əmlak kompleksinin yerləşmə yeri, iqtisadi faktorlar nəzərə alınmaqla obyektin aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi məqsədilə yenidən mütəxəssis cəlb edilməli yaxud iş üzrə mövcud olan yoxlama zamanı istinad olunan "xxxx" MMC tərəfindən verilmiş rəy mötəbər sübut qismində qəbul edilməklə yekun qərarın qəbul edilməsində əsas qismində çıxış etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçınn nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstəriulənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı ASCnin 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı əmlak icarəsi ilə məşğul olmuşdur və mülkiyyətindəki obyekti 2006-cı ildən “X5” Şirkətinə (hazırda MMC) icarəyə vermişdir. İcarəçi "xxxx" MMC icarəyə verən hazırkı İddiaçı ASC-nin təsisçisidir (səhmdarıdır). Tərəflər arasında bağlanmış sonuncu icarə müqaviləsində obyektin illik icarə haqqı 395.064 manat (aylıq 32.922 manat) nəzərdə tutulmuşdur. Yoxlamaya vergi orqanı tərəfindən ekspert cəlb olunmuş və müvafiq ekspert rəyi ilə obyektin icarə haqqının məbləği 2015-ci il üzrə aylıq 134.882,08 manat (illik 1.618.593,06 manat), 2016-cı il üzrə aylıq 103.958,08 manat (illik 1.247.505,06 manat), 2017-ci il üzrə aylıq 106.671 manat (illik 1.280.052 manat), 2018-ci il üzrə isə aylıq 113.616,09 manat (illik 1.363.402,8 manat) müəyyən edilmişdir. Həmin icarə haqqı məbləği əsas götürülməklə, İddiaçı ASC-nin dövriyyəsi və ona müvafiq vergi məbləğləri müəyyənləşdirilmiş və yoxlamanın nəticələri 29 mart 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla rəsmiləşdirilmişdir. Qərara əsasən ASC-yə 329.042,59 manat mənfəət vergisi, 424.254.22 manat əlavə dəyər vergisi, ümumilikdə 753.296,81 manat vergi borcu hesablanmış və bu məbləğlərə 265.036,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin borcu mübahisələndirir. İddiaçının dəlilləri – vergi ödəyicisi kimi onun icarəyə verdiyi obyektlə bağlı müvafiq vergilərin hesablanmasında “bazar qiyməti”nin tətbiqi qanuni və əsaslı deyil. Ekspert rəyində icarə haqqı müəyyən edilərkən icarəyə götürülmüş obyektin tikinti, təmir və yaxşılaşdırma işlərinin, habelə avadanlıqlarla təchizatının icarəçi tərəfindən həyata keçirildiyi nəzərə alınmamışdır. Ekspert icarə haqqını icarə obyektinin təmirli və təchiz olunmuş vəziyyətinə uyğun hesablamışdır. Cavabdeh inzibati orqanın dəlilləri – iddiaçının icarəyə verdiyi obyektin icarə haqqı müqavilədə aşağı məbləğdə göstərildiyindən, yoxlama zamanı cəlb olunmuş ekspert tərəfindən bazar qiymətləri müəyyən edilmiş və AR Vergi Məcəlləsinin 14.3.5 və 14.6.3.3cü maddələrinə əsaslanaraq, həmin qiymətlərə uyğun əlavə vergi məbləğləri hesablanmışdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən 29 mart 2020-ci il tarixli qərarın (onun surətinin) İddiaçı ASC-yə 7 aprel 2020-ci il tarixədək AR Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində göstərilən üsullardan hər hansı biri ilə çatdırılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənləri və iddiaçı ərizəsinin 7 may 2020-ci il tarixdə məhkəməyə təqdim olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmış sayıla bilməz. İddiaçı hazırda cavabdehin 29 mart 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı iddia ərizəsi iddia müddəti buraxmadan məhkəməyə təqdim edildiyindən, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 29 mart 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. AR Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198573 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: 1) Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlamanın müddətinin hər biri 30 gün olmaqla “9” dəfə dayandırılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, “ekspert” və ya “mütəxəssis” rəylərinin alınması üçün yoxlama müddətinin 9 dəfə dayandırılması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz; 2) AR Vergi Məcəlləsinin 14.3-cü maddəsində müəyyən edilmiş bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarından (5 hal) heç biri iddiaçının yoxlama dövründə fəaliyyəti üzrə apardığı əməliyyatlarla uzlaşmır. AR Vergi Məcəlləsinin 14.3.1 və 14.3.4-cü maddələrində göstərilən əsaslarla hazırkı iddiaçının fəaliyyəti və vergilərin hesablanması ümumiyyətlə uyğun deyil (vergi orqanı da bu əsaslara istinad etmir). AR Vergi Məcəlləsinin 14.3.2-ci maddəsində göstərilir ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi orqanı da bu maddəyə istinad etməmişdir. Lakin tərəflər arasında asılılıq olsa da, iş üzrə məhkəmə icraatında alınmış mütəxəssis rəyləri icarə müqaviləsindəki icarə qiymətinin bazar qiymətindən 30%-dən artıq fərqlənmədiyini müəyyən etmişdir. Bu isə, təsərrüfat əqdinin bağlanmasında tərəflərin qarşılıqlı asılığının olmadığını ehtiva edir (VM 14.5 və 18-ci maddələri nəzərə alınmaqla). Sözügedən mütəxəssis rəylərində icarəyə götürülmüş obyektin təmir və yaxşılaşdırması üzrə xərclərin icarəçi tərəfindən çəkildiyi də nəzərə alınmış, obyekt təmirsiz və təchizatsız vəziyyətdə qiymətləndirilmişdir. AR Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələbləri də iş üzrə hallarla təsdiqini tapmır. Məcəllənin 14.3.3-cü maddəsin “bazar qiyməti”nin tətbiqi 30 gün ərzində vergi ödəyicisinin eyni mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsi ilə şərtləndirilir. Vergi ödəyicisi kimi hazırkı İddiaçı ASC-nin icarə haqqını 30 gün ərzində həmin fərqlə yeni qiymətləri həmin icarəçiyə və ya başqasına tətbiq etməsi inzibati icraatda müəyyən olunmamışdır. Məcəllənin 1 yanvar 2019-cu il tarixdən sonrakı dövrdə qüvvədə olan tələblərinin iddiaçının 2018-ci ilin noyabr ayınadək olan fəlaiyyəti üzrə əməliyyatlara tətbiqi isə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə birbaşa ziddir. AR Vergi Məcəlləsinin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın istinad etdiyi 14.3.5-ci maddəsinin 2019-cu ilin yanvar ayının 1-dək qüvvədə olan tələbləri bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasını həmin Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda nəzərdə tuturdu. Lakin AR Vergi Məcəlləsinin 124.3-cü maddəsində “rezident müəssisələrə ödənilmiş məbləğlərin bu maddə üzrə vergitutma obyekti sayılmadığı” göstərilmişdir. İddiaçı "xxxx" ASC rezident müəssisə olduğundan, AR Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinin əvvəlki (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) redaksiyadakı həmin tələblər də ona münasibətdə tətbiq edilə bilməz. Vergi orqanının istinad etdiyi AR Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsində göstərilir ki, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Lakin göründüyü kimi, iddiaçının fəaliyyəti üzrə dövriyyəsinə münasibətdə bazar qiymətlərinin AR Vergi Məcəlləsinin 14-cü maddəsində göstərilən üsullardan hər hansı biri üzrə müəyyənləşdirmək üçün əsas mövcud olmamışdır; 3) Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci ilin son iki ayı, 2016-cı il və 2017-ci ilin ilk ayı üzrə müvafiq vergilər 29 mart 2020-ci il tarixli qərarla AR Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələbləri üzrə “3 illik müddət” kriteriyasına riayət olunmadan hesablanmışdır. Belə ki, yoxlama 28 dekabr 2018-ci il tarixli qərarla təyin edildiyindən, onun nəticələri üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar 29 mart 2020-ci il tarixdə qəbul olunsa da, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik tətbiq olunmaqla yoxlanılan (2015 – 2018-ci illər) dövrün bütün illəri üzrə vergi hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Həmin dövrə aid hesablanmış vergi məbləği ümumiikdə 223.224,79 manat təşkil edir (753.296,81 – 265.036,01 x 2 = 223.224,79 manat). Qeyd olunanlardan başqa məhkəmə ekspertiza rəyinə cavabdeh inzibati orqanın dair mülahizəsində göstərilənlərlə bağlı qeyd edir ki, qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik xüsusi icazənin (lisenziyanın) alınmasını müəyyən etməmişdir və “X3” MMC və “Fame Pro" MMC nizamnamələrinə görə qanunvericiliklə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilərlər. Bundan başqa, bütün qiymətləndirmə meyarları baxımından, inzibati icraatda "xxxx" MMC-dən alınmış rəyə nisbətən, məhkəmə icraatında alınmış rəylər daha mötəbər qiymətləndirilə biləndir. Bu qənaət həm də ondan irəli gəlir ki, inzibati icraatda alınmış rəy obyektin avadanlıqla təchizatı, yaxşılaşdırma, təmir və tikinti işləri nəzərə alınmadan, eləcə də analoji obyektərin düzgün seçilmədən verilmədən verilmişdir. Halbuki, icarə barədə müqavilədə həmin obyektə yaxşılaşdırmalar üzrə xərclərin icarədar tərəfindən çəkilməsi nəzərdə tutulmamışdır, bundan başqa, obyektin altındakı torpaq sahəsinin istifadədə olması, yəni mülkiyyətdə olmaması onun icarə qiyməti məqsədilə mütənasiblik üçün götürülmüş dəyərinə kifayət qədər təsir edən faktordur. Odur ki, cavabdehin rəylərlə bağlı dəlilləri əsaslı sayıla bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarı qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198573 nömrəli 29 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar